Düşmən təxribatına cavab: “Qisas 2” əməliyyatı olacaq?

Düşmən təxribatına cavab: “Qisas 2” əməliyyatı olacaq?

Son zamanlar Qarabağda ciddi siyasi proseslər baş verməkdədir.

Qeyd edək ki, Rusiya sülhməramlı kontigentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin fəallaşması müşahidə olunur.

Azərbaycan mətbuatının məlumatlarına görə, Qarabağda, xüsusilə Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə ətrafında qanunsuz erməni silahlı dəstələri xeyli sayda mövqelər qurub, yeni səngərlər qazıb, hətta bəzi ərazilərdə öz hərbi hissələrini yaradıb.

Ən maraqlısı budur ki, bütün bunlar regionda təhlükəsizliyin təmin edilməsi öhdəliyi daşıyan rus sülhməramlıların gözü qarşısında baş verir.

Müdafiə Nazirliyinin son kəşfiyyat araşdırmaları nəticəsində rus sülhməramlıların müşahidəsi altında erməni separatçıların Ermənistandan sülhməramlı kontigentinin nəzarəti altında olan ərazilərimizdəki öz hərbi hissələrinə və mövqelərinə hərbi ləvazimatlar və silah-sursatlar daşımaları barədə sübutlar əldə olunub.

Rus sülhməramlıların fəaliyyətsizliyindən və səriştəzliyindən yararlanan erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə atəş açmaqla bərabər müxtəlif təxribatlara da əl atırlar.

Belə ki, hər gün Laçın-Şuşa yolu ilə rus sülhməramlıların kolonu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Xankəndinə külli miqdarda ərzaq və tibbi ləvazimatlar daşıyırlar.

Sual yaranır, əhalisi heç 100 min təşkil etməyən ərazidə bu qədər tibbi ləvazimat nəyə lazımdır?

Əlbəttə, hər kəsə aydındır ki, Ermənistan və erməni separatçıları Qarabağda Azərbaycan Ordusu ilə növbəti hərbi qarşıdurmalara hazırlaşırlar.

Hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında məsələni bu cür şərh edib:

“Yaxın zamanda ərazilərimizdə qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi üzrə hərbi əməliyyatların keçiriləcəyi şübhə doğurmur.

Çünki Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Artıq bir müddətdir ki, nə Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atılır, nə də Qarabağdan Ermənistan ordusunun tör-töküntələri və onların hərbi texnikaları çıxarılır. O zaman bu prosedurların yerinə yetirilməsi Azərbaycanın üzərinə düşür. Azərbaycan Ordusu öz hərbi resursları hesabına hərbi əməliyyatlar keçirməyə məcbur olacaq.

Gözlənilən hər hansı hərbi əməliyyat “Qisas” əməliyyatının növbəti mərhələsi, yəni “Qisas 2" və ya cəzalandırma, təmizləmə əməliyyatı hesab olunacaq. Növbəti əməliyyatın əvvəkilərdən ciddi fərqi olacağını düşünmürəm. Çünki istənilən əməliyyatın məqsədi Azərbaycan ərazilərində erməni terrorçularını və qanunsuz silahlı dəstələrini zərərsizləşdirməkdir. Budəfəki hərbi əməliyyata ermənilərin yol verəcəkləri təxribatların xarakterinə uyğun olaraq ad qoyulacağını da istisna etmirəm”.

Hərbi ekspert Azərbaycan Ordusunun hərbi əməliyyatları zamanı İrana bağlı terror qruplaşmalarının Qarabağda peyda olunmasını mümkün hesab edib:

“Bunu heç kəs istisna edə bilməz. Çünki biz daha əvvəl baş verən proseslərə, xüsusilə İkinci Qarabağ müharibəsində və ya müharibədən sonrakı dövrlərdə İranın davranışlarına baxsaq, görərik ki, bu ölkə Azərbaycana qarşı istənilən təxribatı törədə bilər.

İranın dini-siyasi və hərbi rəhbərliyi dəfələrlə Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar səsləndirib. Hətta İran ordusunun Araz çayı boyunca hərbi təlimləri birbaşa ölkəmizə qarşı təhdid mesajı idi. İrandan istənilən təxribatın qarşısının alınması üçün hazır olmalıyıq”.

Ədalət Verdiyen onu da vurğulayıb ki, Azərbaycan istənilən hərbi əməliyyatı Rusiya sülhməramlı kontigentinin rəhbərliyi ilə koordinasiya edəcək:

“Biz daha əvvəl rus sülhməramlıları ilə koordinasiya şəkildə Qırxqız, Sarıbaba, Fərruz və digər ərazilərdə uğurlu antiterror əməliyyatları keçirdik.

Adıçəkilən ərazilərdə, hətta Zabux və Susda belə Azərbaycan bayrağı qaldırılarkən, bir dənə də olsun rus əsgərinin burnu qanamayıb. Odur ki, bu problem deyil. Bu məsələlər aidiyyəti qurumlar tərəfindən rus sülhməramlılarla zərgər dəqiqliyi ilə razılaşdırılacaq”.

Yunis Abdulayyev
Cebhe.info