Laçında təntənəli açılış: Hava limanından dünyaya verilən MESAJ

Bu gün Azərbaycan tarixində çox önəmlidir.
Çünki 28 May - Müstəqillik Günü ilə yanaşı, işğaldan azad edilmiş ərazidə Laçın Beynəlxalq Hava Limanının açılışı reallaşıb. Belə bir tarixi gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif ölkəmizdə səfərdədir.
Laçın Beynəlxalq Hava Limanının açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Qardaş ölkə prezidentləri açılış rəmzini bildirən lenti kəsiblər.Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Bu tarixi günün əhəmiyyətini ziyalılarımız, millət vəkilləri, ictimaiyyət nümayəndələri də yüksək qiymətləndirir.
Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, 28 May müstəqillik tariximizin qızıl səhifəsidir:
"Bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndərimiz Heydər Əliev və cənab Prezidentimiz dəfələrlə qeyd edib. Azərbaycan xalqı öz müstəqilliyinin qazanılması yolunda çox mühüm çətinliklərlə qarşılaşıb və bu yolda saysız-hesabsız itkilər verib. İlk müstəqilliyimizin ömrü qısa olsa da, bu gün suverenliyimizin tam təmin olunması, müstəqiliyimizin bərpa edilməsi üçün qürur hissi keçirirk.
Ulu öndərimiz Heydər Əliyevin bu sahədə xidmətləri əvəzsizdir. Çünki 1918-ci ildə biz müstəqilliyi qazandıq, ancaq onu itirməli olduq. 1991-ci ildə də müstəqillik əldə ediləndən sonra ona təhlükə yaranmışdı. İstər xarici, istərsə də daxili qüvvələr bunu arzulayırdılar. Ancaq Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi bu problemlərin qarşısını aldı.
Azərbaycan dahi rəhbərin uzaqgörənliyi sayəsində müstəqiliyini qorudu, möhkəmləndirdi və bu gün həmin müstəqilliyin əsasında Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Azərbaycanın iqtisadi uğurları, beynəlxalq aləmdə əldə edilən nəticələr, xalqımızn birliyi torpaqlarımızın düşməndən tamamilə azad edilməsi məhz müstəqiliyimizin bir bəhrəsidir. Uğurlu müstəqil siyasətin yürüdülməsinin ifadəsidir.
Cənab İlham Əliyev Azərbaycan xalqının müstəqil, azad, firavan həyatı üçün bu gün bütün səylərini ortaya qoyub. Bu istiqamətdə görülən işlər Azərbaycanın Zəfər yürüşləri, qələbələri deməyə əsas verir ki, yolumuz daha uğurludur, müstəqilliyimizin işığında xalqımız daha xoşbəxt, daha firavan həyata doğru irəliləməkdədir və sözsüz ki, bu hər bir vətəndaşın səyindən, qanunlara hörmətdən irəli gəlir. Müstəqillik günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu günümüz üçün qürur duymalı, sevinməliyik".
Millət vəkilinin sözlərinə görə, Müstəqillk Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı böyük əhəmiyyət daşıyır:
"Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Türkiyə həm xoş günlərdə, həm çətin anlarda Azərbaycana dayaq olmaqla sədaqətini, etibarını, dostluğunu nümayiş etdirib. Pakistanın Baş naziri Şahbaz Şərif də Laçına səfər edib. İstər Azərbaycan torpaqları işğal altında olanda, istər 44 günlük müharibə zamanı, eləcə də bu günlərdə bu ölkə rəhbərləri bir-birinə dəstək verir, daimi görüşlər keçirməklə ölkələri, xalqları birləşdirirlər.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin müstəqiliyimizi qeyd etdiyimiz bir gündə Azərbaycanın Prezidentinin sevincinə şərik olmaları bir daha göstərir ki, bu dostluq, qardaşlıq münasibətləri daimidir, əbədidir və dönməzdir.
Bu, gələcək münasibətlərin daha da yaxşılaşdırılması, dostluğun möhkəmləndirilməsi üçün stimuldur. Ən çətin anlarda bu üç qardaş dövlət bir-birlərinin yanında olmaları və verdikləri dəstəklə möhkəm qardaşlığın, əməkdaşlığın, strateji tərəfdaşlığın əsasını qoyublar, bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Dövlət rəhbərlərinin birlik olması milli maraqlara uyğundur.
Hər üç rəhbər dünyada sülhin, əmin-amanlığın, suverenliyin bərpa olunması uğrunda daim mübarizə aparır və bu onların əməllərindəı, amallarında öz əksini tapır. Bu gün ən əziz dostların Azərbaycanda olması xalqımız üçün də qürurdur. Laçın Beynəlxaq Hava limanının açılması həm də dünyaya bir mesajdır.
Sülh, əmin-amanlıq, dostluq nümunəsi olmaqla dünyaya bəyan edirik ki, ən çətin məsələləri, problemləri məhz dostluq, əməkdaşlıq münasibətləri ilə həll etmək mümkündür. Biz qürur hissi keçiririk. Çünki bu, işğaldan azad edilmiş ərazilərdə açılan üçüncü beynəlxalq əhəmiyyətli hava limanıdır. Bu limanın açılması həm ölkənin müdafiəsi, həm insanların gediş-gəlişi, həm də həmin ərazilərin tanıdılması baxımından çox əhəmiyyətlidir".
Nigar Abdullayeva
"Cebheinfo.az"