Məhəmməd Baqir Qalibafın ümidi azərbaycanlılara qalıb

Məhəmməd Baqir Qalibafın ümidi azərbaycanlılara qalıb

İranda prezident seçkilərinə namizədliyini irəli sürən Məhəmməd Baqir Qalibaf dövlət rəhbəri seçilmək üçün azərbaycanlıların səsinə etibar edir.

"Cebhe.info" İranın müxalif “İran Wire” nəşrinə istinadən xəbər verir ki, İran İslam Respublikasının parlamentinin sədri, qarşıdan gələn prezident seçkilərinin favoritlərindən olan Məhəmməd Baqir Qalibaf etnik azərbaycanlı Əli Nikzadı öz seçki qərargahına rəhbər təyin edib.
 
Nəşrin yazdığına görə, Qalibaf bununla Azərbaycan seçicilərinin rəğbətini qazanmağa ümid edir.

Nəşr, həmçinin, məlumat verib ki, İran siyasi ictimaiyyətində Əli Nikzad “xameleon” – tez-tez bir düşərgədən digərinə köçən siyasətçi kimi tanınır. 

Nəşrin məlumatında qeyd olunur ki, Ə.Nikzad eks-prezident Mahmud Əhmədinejad hökumətində nazir vəzifəsində çalışıb, 2021-ci ildə isə mühafizəkar İbrahim Rəisinin seçki qərargahında işləyib.

Analitiklər "İran Wire" nəşrinə açıqlamasında bildiriblər ki, Qalibaf Nikzadı öz qərargahının rəhbəri vəzifəsinə təyin etməklə bəzi məqsədlər güdür. 

Ən əsas məqsədi etnik azərbaycanlıların İran prezidentliyinə namizəd Məsud Pezeşkianın artan təsirini neytrallaşdırmaq və Azərbaycan seçicilərinin bəzi səslərini 
ondan almaq.

Eyni zamanda Nikadın köməkliyi ilə Ərdəbildə və azərbaycanlıların məskunlaşdığı bölgələrdə dindarları öz seçki kampaniyasına dəstək vermək üçün sövq etmək.

Yunis Abdullayev 
"Cebhe.info"