Paşinyan Kişinyov görüşünə gedir - Mübahisəyə, yoxsa sülhə?

Paşinyan Kişinyov görüşünə gedir - Mübahisəyə, yoxsa sülhə?

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə müsbət nəticə əldə olunmadı.

Xüsusilə də Rusiya Prezidentinin vasitəçiliyi ilə keçirilən üçtərəfli müzakirələrdən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasını Azərbaycana qarşı ittiham obyektinə çevirmək, siyasi mübahisə yaratmaq cəhdləri rəsmi İrəvanın sülh prosesini növbəti dəfə pozdu.

Ona görə də Prezident İlham Əliyevlə Nikol Paşinyanın iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə sülh sazişinin və ya hansısa çərçivə sənədinin imzalanacağına dair artan məlumatların tempini aşağı salıb.

Çünki Ermənistanın Kişinyov görüşü ərəfəsində sərhəddə hərbi təxribat törətməklə sülh prosesinə ağır zərbə vurmayacağını birmənalı şəkildə demək olmaz. Hətta Paşinyanın Moskvadakı davranışı Ermənistanın sülh sazişinə münasibətdə mövqeyinin hələ də qeyri-sabit olaraq qaldığını təsdiq edir.

Ona görə də Paşinyanın Avropa İttifaqı Siyasi Şurasının Kişinyovda keçiriləcək sammitində oxşar hərəkətini təkrarlaması mümkündür.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, mayın 25-də Moskvada keçirilmiş danışıqlarda müsbət irəliləyişin baş verəcəyi gözlənilmirdi:

"Çünki Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib. Bu isə Rusiyanı qane etmir. Ona görə də Rusiya çalışır ki, böhran davam etsin, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasın və öz şərtlərini irəli sürsün. Bu səbəbdən görüş 20 dəqiqə çəkdi. Azərbaycan da özünü prinsipial mövqeyindən çəkilmədi və öz şərtlərini diqtə etdi. Zəngəzur dəhlizi ilə bağlı söz “atışma”sı oldu. Paşinyan da diletant kimi özünün qeyri-peşəkarlığını nümayiş etdirdi. ümumiyyətlə, Moskvada hər hansı razılaşma olsa da, bu yalnız kağız üzərində qalacaqdı. Azərbaycanla Ermənistan arasında əsas vasitəçi Qərbdir.

Kişinyovda keçiriləcək görüşdə müəyyən razılaşmalar və irəliləyişlər ola bilər. Ermənistandan da sülh çağırışları səslənir. Doğrudur, Ermənistan təxribat və diversiya fəaliyyətini hələ davam etdirir. Hesab edirəm ki, Ermənistanda fəaliyyət göstərən xarici agentura şəbəkəsinin də burada rolu var. Amma Kişinyovda sülh sazişi imzalanmasa belə, müəyyən irəliləyişlər ola bilər.

Avropa İttifaqının sammiti çərçivəsində aparılan bu danışıqlar həlledici prosesdir. Bu, sülh danışıqlarının davam etdirilməsi üçün əlavə imkanlar aça bilər”.

Müşfiq Abdulla
Cebhe.info