Rusiyalı ekspertdən İrəvana COP29 qınağı: “Mədəniyyətsiz davranış” - VİDEO

Rusiyalı ekspertdən İrəvana COP29 qınağı: “Mədəniyyətsiz davranış” - VİDEO

Ermənistan qlobal iqlim problemləri ilə bağlı mühüm müzakirələrin aparıldığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-a qatılmayıb. 

Bununla da  iqlim dəyişiklikləri ilə mübarizədəki səyləri ilə deyil, Cənubi Qafqazdakı siyasi gərginliyi artırması ilə diqqət mərkəzində olub. 

Bu il COP29-da sədr olan Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan bütün ölkələrə dəvət göndərib. Lakin  Ermənistan bu dəvəti qəbul etməyib.

 Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə verdiyi müsahibədə Ermənistanın yalnız iqlim danışıqlarında deyil, həm də müvafiq təbliğatla bağlı fəaliyyətlərini nəzərə alaraq, sammitə qatılmadığını bildirib. 

H.Hacıyev qeyd edib ki, Ermənistan dəvətə baxmayaraq, bu mühüm iqlim tədbirində iştirak etməməkla yanaşı, sammit ərəfəsində Azərbaycan əleyhinə təbliğata da aktiv şəkildə qatılıb. O, həmçinin vurğulayıb ki, Ermənistan regional əməkdaşlıq və tərəfdaşlıqdan danışır, amma özünəməxsus təktərəfli təbliğatı davam etdirir. 

H.Hacıyev Azərbaycanın COP29-a sədrliyi çərçivəsində hər kəsin iştirakı üçün zəruri şərait yaratdığını, lakin Ermənistanın və onun bağlı olduğu qüvvələrin bu mühüm danışıqlarda iştirak etmək yerinə, Azərbaycan əleyhinə təbliğatda aktivləşdiklərini  bildirib.

Ermənistanın Xarici İşlər Nazirliyi isə dəfələrlə ölkənin sammitdə iştirakının “ümumi danışıqlar dinamikasından” asılı olduğunu bildirib. Bu bəyanat Ermənistanın iştirakının yalnız ekoloji məsələlərlə deyil, həm də siyasətlə əlaqələndirdiyini göstərir.

Ermənistan mətbuatında daha əvvəl yayılan məlumatlara görə, rəsmi İrəvan separatçıların azad edildiyi təqdirdə COP29-a qatılmaq niyyətində olub. Rəsmi şəxslər bu məlumatı təsdiqləməsələr də, Milli Assambleyanın spikeri Alen Simonyan mətbuat konfransında qeyd edib ki, əgər Ermənistanın COP29-a iştirakı “əsir”lərin qaytarılması və ya digər müsbət bir qərar ilə bağlı olacaqsa, iştirak etməyi mümkün sayırlar. 

Azərbaycan üçün iqlim dəyişikliyi ilə mübarizə və regional əməkdaşlığın inkişafı əsas prioritetdir. Lakin Ermənistan üçün bu cür sammitlər daha çox siyasi mübarizə vasitəsi kimi qiymətləndirilir.

Rusiyali politoloq Sergey Markov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ermənistan COP29-da iştirak etmir, bunun əvəzində hansısa intriqalarla məşğuldur: 

"Azərbaycan Ermənistanın nümayəndə heyətinin normal şəkildə iştirakı üçün hər şeyi edib. Ermənistanın ali rəhbərliyi Yerin ekoloji fəlakətlərdən xilas olunmasına, iqlim dəyişiklikləri ilə mübarizəyə həsr olunan tədbirdə iştirak etməməyi qərara alıb. 

Bu, əlbəttə, dost olmayan bir mövqedir.

Bəli, hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi yoxdur. Lakin Azərbaycan rəhbərliyi Ermənistan nümayəndə heyətinin COP29 sammitində iştirak edəcəyi təqdirdə təhlükəsizliyinə tam təminat verirdi. Azərbaycan rəhbərliyi bütün dünya cəmiyyətinə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərək, bütün ölkələrin bu tədbirdə rahat şəkildə iştirakı lazımi şəraiti təmin edir”.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu cür intriqalarla məşğul olması qeyri-konstruktiv mövqenin təzahürüdür: 

“Məncə, bunun nəticəsi olaraq, Azərbaycan mövqeyini daha da sərtləşdirəcək, xüsusən də sülh sazişinin şərtləri ilə bağlı bunu edəcək. Çünki Azərbaycan və qonşuların arxasından belə işlər görmək, oyunlar oynamaq  düzgün deyil.

Bəlkə də Ermənistan rəhbərliyinin COP29-a qatılması ilə bağlı xalq arasında narazılıq var, amma bu, qlobal məsələdir. Bu tədbirdə demək olar ki, bütün ölkələr iştirak edir. Ona görə də, Ermənistanın Bakıdakı COP29-a qatılmaması mədəniyyətsiz bir davranışdır".

 Səbinə Uğur
"Cebheinfo.az"