Siyasi dialoqun inkişafı: “Qarabağa belə səfərlərin əhəmiyyəti var"

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı nəticəsində siyasi partiya sədrlərinin iştirakı ilə müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə səfərlər edilir”.
Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, ötən gün də belə səfər Cəbrayıl və Zəngilana təşkil olundu:
“Bu səfərlərin əhəmiyyəti həddindən artıq çoxdur. İlk növbədə, siyasi dialoq mühitinin daha da genişləndirilməsi üçün bu səfərlərin müstəsna əhəmiyyəti var. Çünki əvvəllər siyasi partiyalar arasında düşmən münasibət vardı. Hətta partiya sədrləri bir-birlərini belə tanımırdılar. Lakin cənab Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq şöbə yaradılandan sonra vəziyyət tamamilə dəyişdi.
İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonra siyasi partiyalarla hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi başladı. İşğaldan azad olunmuş rayonlarımızı da bu istiqamətdə səfərlər təşkil olunur. Bu, bir tərəfdən də siyasi dialoq mühitinin yaxşılaşdırılması və inkişafı ilə bağlıdır”.
Partiya sədri qeyd edib ki, bu səfərlər zamanı 30 il ərzində işğal altında qalmış torpaqlarımızı və orada görülən işləri görmək fürsətimiz olur:
“Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərimizdə daimi olduğumuzu dövlət və millət olaraq sübut etdik. Artıq Qarabağın hər bölgəsində həddindən artıq böyük işlər görülüb. Nəqliyyat-kommunikasiya sistemləri çəkilir, iaşə obyektləri və yaşayış evləri tikilir.
Ermənilərin dağıtdığı hər rayona, kəndə işıq, su, qaz xətləri çəkilib. Səfər çərçivəsində Cəbrayıl və Zəngilanda aparılan quruculuq işləri ilə yerindəcə tanış olduq. Oradakı məsul şəxslər bizi aparılan abadlaşma işləri ilə tanış etdilər”.
Elşad Musayev vurğulayıb ki, bu səfərlərin əhəmiyyəti erməni vəhşiliklərini dünyaya çatdırmaq baxımından da çox vacibdir:
“Çünki xarici tərəfdaşlarla istər siyasi polemikalarda, istərsə də siyasi mübarizələrdə əlimizdə material olanda daha rahat şəkildə görülən işləri təqdim edə bilərik. Həmçinin, erməni vəhşiliyini və onların Azərbaycana vurduğu ziyan barədə həm özümüz tanış oluruq, həm də cəmiyyətimizi tanış edirik.
Eyni zamanda, ölkənin kənarında olan Azərbaycanı istəyən və istəməyən qüvvələr də bununla bağlı məlumat veririk. Ona görə də bu səfərələri çox uğurlu hesab edirəm. Sizin vasitənizlə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfəri Cəbrayıl və Zəngilana olub.
Səfərdə ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak edib.
Elmir Mustafa
“Cebheinfo.az”