Tehran geri addım atdı: “Proksi qüvvələrinə taym-aut verir”

Tehran geri addım atdı: “Proksi qüvvələrinə taym-aut verir”

“Əgər İran indi hədəf olmaqdan yayınsa, itmiş gücünü bərpa edib daha güclü qayıda bilər”.

"Cebheinfo.az" Xəbər verir ki, bunu "Yenicag.az"a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

O, İranın Yəmənin ardınca İraqda da geri addım atmasının səbəblərindən danışarkən deyib ki, Tehran bunu özünü qorumaq və müharibədən qaçmaq naminə edib.

“İran proksi qüvvələrinin hesabına regionda təsiretmə güclərindən birinə çevrilmişdi. İstənilən zaman nəinki region dövlətlərini, hətta bütün dünyanı təhdid edərək öz maraqlarını təmin edirdi. İsrailin HƏMAS və “Hizbullah”a qarşı əməliyyatları ilə yeni reallıq yaranıb. Artıq İrana bağlı ən güclü iki hərbi terror qruplaşması sıradan çıxarılıb. Bununla da İran regiona nüfuzunu itirib”.

R. Becanovun fikrincə, Suriyada baş verən dəyişikliklər, Əsəd rejiminin süqutu, habelə HƏMAS və “Hizbullah”ın ideoloji və hərbi baxımdan dağıdılması İran üçün ciddi itkidir:

“Ona görə də İran mövcud reallıqları dəyərləndirir və özünü qorumağı daha məqbul hesab edir. Trampın hakimiyyətə qayıtması və İrana qarşı ötən prezidentlik dönəmindən daha sərt yanaşması bu reallığın yeni bir mərhələyə çevrilə biləcəyini istisna etmir. Mümkündür ki, İranın ona qarşı hansı variantların müzakirə olunduğundan da məlumatlı olsun.

Trampın məktubu İrana açıq xəbərdarlıqdır. Təbii ki, variantların sırasında hərbi müdaxilə də var və İran rejimi özünə bağlı digər proksi qüvvələrdən imtina görüntüsü yaratmaqla müharibədən yayınmağa çalışır. Lakin İran rejiminin bu addımları taktiki gedişlərdir. Əslində, Tehran gizli şəkildə yenə də həmin qüvvələrin əsas təminatçısı olaraq qalır”.

Analitik hesab edir ki, ona görə də İranın bu bəyanatlarına, açıqlamalarına, o cümlədən ona bağlı qüvvələrin silahı yerə qoyacağına inanmaq olmaz:

“Bütün bunların sadəcə mövcudluqlarını qorumaq və gələcək addımlara hesablanmış gedişlər olduğu qənaətindəyəm. İran bununla özünü qoruyur, eyni zamanda da proksi qüvvələrinə taym-aut verir.

Əgər İran indi hədəf olmaqdan yayınsa, itmiş gücünü bərpa edib daha güclü qayıda bilər. Düşünürəm ki, İrana güzəşt etmək olmaz və real addımlardan biri yumşaq güc hesabına rejimi dəyişməkdir. Bunun üçün imkanlar da var.

Rejim əvvəlki gücdə deyil, azadlıq hərəkatları, sosial hüquqlar uğrunda mübarizə üçün kritik imkanlar yaranıb. Bütün bunlar deməyə əsas verir ki, əvvəlcə rejimi dəyişmək, sonra isə çoxluqların müqəddəratını təyinetmə hüququ əsasında İranın yenidən qurulması zamanı çatıb”.

"Cebheinfo.az"