Ət ucuzlaşsa, sürpriz olar

Bölgələrdə bir bağlama otun qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ancaq bu vəziyyət ət bazarında demək olar ki, hiss olunmur.
Bərdə və Şəkidən olan fermerlər deyirlər ki, ötən ilin may ayında quru yonca bağlamalarını minimum 7 manat 50 qəpiyə almaq mümkün idisə, hazırda bu qiymətlər 2 manat 50 qəpik, 3 manat arasında dəyişir. Biləsuvarlı fermerlər isə otun ucuz satıldığını deyirlər. Nəzərə alsaq ki, heyvanların yem rasionunun əsasını quru otlar təşkil edir, deməli, məhsul boldur və ucuzlaşmanın bu istiqamətə müsbət təsirini də düşünə bilərik. Qəssablar isə bildiriblər ki, 14 manata mal, 19 manata isə quzu ətiтш satırlar. Yay mövsümü ilə əlaqədər ət ucuzlaşacaq?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, ölkə daxilində iribuynuzlu və xırdabuynuzlu heyvan sayının az olmasına görə ətin ucuzlaşması gözlənilmir:
“Ölkə daxilində ət tələbatını qarşılamaq üçün heyvanların sayı kifayət qədər çox olmalıdır. Lakin ölkəmizdə olan iri və xırdabuynuzlu heyvanların sayı daxili ət təlabatının heç 51 faizini qarşılamaq iqtidarında deyil. O baxımdan düşünmürəm ki, ətin qiymətində ucuzlaşma müşahidə olunsun”. Ekspert qeyd edib ki, daxili bazarda ot istehsalının artması ətin qiymətinin ucuzlaşmasına təsir etməyəcək: “Son vaxtlar yağan aramsız leysan xarekterli yağışlar otlaq sahələrinin artımına səbəb olub. Buna görə də əvvəllər 7 manata satılan yonca presi hazırda bölgələrdə 2 manata təklif edilir. Lakin bu ucuzlaşma müvəqqəti xarekter daşıyır. Buna görə də ətin ucuzlaşmasını gözləmək sadəcə sürpiriz ola bilər”.
Həsən Məmmədov
Cebhe.info”