Məhərrəm ayının yasaqları: Nələr olar, nələr yox?

Bu gün (iyulun 30-u) hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Məhərrəm ayının 10-u, yəni Aşura günü isə avqustun 8-nə düşəcək. Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
Qeyd edək ki, Məhərrəm ayı ilə bağlı çox sayda birmənalı qarşılanmayan düşüncələr və adətlər var. Hansı ki, onlar bir çox tənqidlərə rəğmən artıq illərdir həyata keçirilir. Demək olar ki, hər il Məhərrəm aylarında gündəmə gələn əsas suallar bu ayın başlaması ilə yenə də aktuallaşmağa başladı.
Bəzi insanlar arasında bu ayda bir çox şeyin haram olduğu irəli sürülür. Lakin din adamları bütün bunların İslamla əlaqasi olmadığını deyərək rədd edir.
Bəs Məhərrəm ayında nələri etmək olar, nələri etmək olmaz?
Bununla bağlı Cebhe.info-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində matəm günləri və ya matəm ayı deyilən bir şey yoxdur:
"Hətta peyğəmbərin özünün vəfat etdiyi gün belə matəm kimi qeyd olunmur. Çünki peyğəmbər özünün doğum və vəfat günlərinin keçirilməsini qadağan edib. Məlum olduğu kimi, İslamda iki böyük bayram var. Bunlardan biri Ramazan, digəri isə Qurban bayramıdır.
ümumiyyətlə, bu ayda toy etməmək və şadlıq keçirməmək kimi bir şey yoxdur. Peyğəmbərimiz buyurur ki, xeyir işə tələsin və qətiyyən təxirə salmayın. Yəni 40-50 gün nikah məsələlərini saxlamağın özü belə dinimizə ziddir. Sadəcə yaxşı olar ki, Aşura günü ehtiram əlaməti olaraq toy edilməsin. Amma islami toyların Aşura günü olmasında heç bir problem yoxdur.
Əslində biz digər dinlərə və bütpərəstlərə də ehtiram etməliyik. Amma bu o demək deyil ki, biz onların dediklərini qəbul edirik. Biz sadəcə hörmət edirik və deyirik ki, deməli onların da öz dinləri var. Çünki bu, qətiyyən İslam deyil. Yəni bu din sahiblərinin yas günüdür deyirik".
O bildirib ki, Aşura günü insanların özünə zəncir vurmağının İslamda yeri yoxdur:
"Bu cür ayinlərin keçirilməsi peyğəmbərin nəvəsi İmam Hüseynin faciəvi şəkildə şəhadətə yetirilməsindən təxminən 200-300 il sonra Buveyhilər və Səfəvilər dövründə siyasi məqsədlər üçün əsas tapıb. Daha sonra İslam dini sünni və şiə kimi təriqətlərə ayrılıb.
Əsas qol olan sünnilərdə bu ayinlər yoxdur. Şiələr əks tərəflə rəqabət etmək üçün belə günlər ortaya çıxardılar. Həmin dövlətlər şəriətlə idarə olunurdu və müsəlmanın müsəlmanı öldürməsi haram idi. Yəni digər müsəlmanları öldürmək üçün onların qanını halal hesab etməyə bir əsas lazım idi. Amma insanın özünə zəncir vurması, başını yarması kimi qəribə işlər nə İslamda, nə də digər dinlərdə yoxdur. Bu peşmançılıq təzahüründən doğan bir şeydir. Yəni İmam Hüseyni çağırıb şəhadətə yetirən tərəfdarları sonradan peşman oldular və bu peşmançılığı da başlarına döyməklə həyata keçirdilər. Hətta onlar Məhərrəm ayını qeyd etməyənləri kafir və dinsiz adlandırırlar. İndi kim İmam Hüseynin ölümündə özünü və ya babalarını günahkar hesab edirsə, gedib başlarına vura bilərlər. Təbii ki, öz təəssüflərini bu şəkildə qeyd edə bilərlər.
Hesab edirəm ki, bunun özü İmam Hüseyn adına ən böyük təhqirdir. Aşuralarda keçirilən ayinlər ki var, İmam Hüseynin doğum və ölüm tarixini bilməyənlər adamlar sürü ilə gedib təpəsinə döyür.
Birmənalı şəkildə deyirəm ki, onların hamısı İmam Hüseynin düşmənləridir. Çünki Hüseyn böyük bir filosof, şəxsiyyət və cəsarət timsalı olub. Başa döyməklə, üz cırmaqla və qondarma işlər etməklə onu nüfuzdan salırlar. Kənardan baxalarda deyir ki, bunlar bu gündədirsə, gör bunların başçıları nə gündə olub".
İlahiyyatçı qeyd edib ki, peyğəmbərimiz ölmüş insana 3 gündən artıq yas saxlamazdı:
"Peyğəmbər 3 gündən artıq yas saxlamağı qadağan edib. O da ki, insan öldüyü gündən sonrakı 3 gün, bir neçə il sonra yox. Həmçinin, Məhərrəmlikdə sabundan istifadə etməmək və paltar yumamaq kimi məsələlər də İslam dinində yoxdur. Bunların hamısı xurafatdır. Nəinki Qurani-Kərimdə və Peyğəmbər hədislərində, heç bir alimin kitablarında belə bu şeyləri görə bilməzsiniz. Əksinə təmizlik imanın yarısıdır. Bununla yanaşı, saç kəsdirməyin də özü vacib əməllərdən biridir.
Bunların hamısının təməli əvvəldən başqa tərəflərdən fərqlənmək üçün qoyulub. Əslində bunlar İslam dinin əsas onurğasına və özəyinə zərbə vurmaq üçündür. Çünki peyğəmbər özü də məhz bu cür xurafatları ortadan qaldırmaq üçün gəlmişdi. İmamlar da bunun üçün çalışırdılar. Ən pisi də odur ki, bütün bunları İslam və İmam Hüseyn adı altında edirlər".
Tural İrfan imamların yeddisi və qırxı deyilən bir şeyin olmadığını da vurğulayıb:
"Bunlar adam öləndə olur. İmam Hüseyn isə 1400 il bundan əvvəl, 680-cı ildə şəhid olub.
Camaat ağlayır ki, İmam Hüseyn bu günə kimi yaşamalı idi? Bu da ağılsızlıqdır axı. Məhərrəm ayında imamların yeddisində və qırxında musiqiyə qulaq asmaq və ya televizora baxmaq olmaz deməyin özü haramdır.
Əksinə olaraq etmək lazımdır. Bütün bunları İran ortaya ataraq idarə edir. Onların İslam bayrağı adı altında siyasət yeritdikləri və xurafatçı olduqları məlum məsələdir. İrandakılar İslam adı altında özlərindən bir din uydurublar. Amma əsla və əsla onların İslama dəxli yoxdur".
Elmir
Cebhe.info