Paytaxtın taksi bazarı: Rəqabət "ölüb"?

Paytaxtın taksi bazarı: Rəqabət "ölüb"?

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov bildirib ki, Bakıda taksilər arasındakı rəqabət əhəmiyyətli dərəcədə azalıb.

Onun sözlərinə görə, bu, taksilərin sayının azalmasının nəticəsidir.

Bununla belə, direktor hesab edir ki, dövlətin ili köhnə avtomobilləri taksi fəaliyyətindən kənarlaşdırması bu sahədə qiymətlərlə yanaşı, keyfiyyəti də artırıb.

Aydın məsələdir ki, taksilərin sayının azalması rəqabətə də təsir edir. 

Əvvəl istənilən zamanda taksi tapmaq mümkün idisə, bu gün sərnişinlər taksi sifarişindən sonra gəlməsi üçün 15-20 dəqiqə gözləmək məcburiyyətində qalır. 

Nəqliyyat ekspert Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, rəqabət yoxdur, bütün şirkətlər standart iş prosesi qurub:

"Gələcəkdə müştərilərə qarşı münasibətdə fərqli yanaşmalar nümayiş etdirsinlər, rəqabət mühit yaransın. Bildirim ki, hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir. Gələcəkdə şirkətlər özləri sağlam rəqabəti qurmaq üçün müştərilərə 5 gedişdən sonra 6-cı gedişi hədiyyə edə bilərlər, yaxud da 6-cı gediş 50 faiz endirilə bilər. Taksi şirkətləri məhz bu kimi davranışlar nümayiş etdirə bilərlər. Sürücülərə qarşı münasibətdə fərqli kampaniyalar həyata keçirərək, sürücüləri cəlb edərlər”.

Onun sözlərinə görə, bu gün taksi şirkətləri əvvəlki işin yarıdan çoxunu itiriblər:

"Hazırda taksi şirkətləri özlərinə gəlməyə çalışırlar, yeni avtomobillər gəlsin, taksi parkları formalaşsın, say heç olmasa, 30 min civarında formalaşsın ki, onun üzərində bu işləri qura bilsinlər.

İki ay əvvəl 70 min civarında taksi fəaliyyət göstərirdi, hazırda bu rəqəm 12 mindir. 70 min hara, 12 min hara. Bu rəqəmlər arasında şirkətlər hansı rəqabəti apara bilərlər? Mövcud vəziyyət bunu tələb edir deyə, ona uyğun davranırlar. Zamanla isə rəqabət hiss olunacaq".

Naibə
"Cebhe.info"