Kreml İrəvanı dalana dirəyib: Ermənilər ağır seçim qarşısında

Kreml İrəvanı dalana dirəyib: Ermənilər ağır seçim qarşısında

Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə bildirir ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib ki, sentyabr hadisələri, eləcə də Laçın yolunun bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində olub. Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur. “Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqində hansısa yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstində genişdir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, sentyabr hadisələri də bununla bağlıdır və bütün böhranın əsası və ya motivi budur”, - deyə Qriqoryan bildirib.

Aparıcının “Bütün bunlar dəhliz naminə edilirmi?” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verdi: “Həm də. Başqa sözlə, Ermənistan ərazisindən ekstraterritorial dəhliz üçün”. “Bu hadisələr Laçında təzyiqdir?” sualına cavab verən Qriqoryan aparıcının bu sözlərinə belə reaksiya verdi: “Təbii ki, bütün təzyiqlər buna görədir”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi də ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib. Qriqoryan bəyan edib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi Ermənistanın suveren dövlət olduğunu və belə qalacağını, suverenliyin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb:“İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt ona müqavimət göstərsə, o, hərbi güc formasında başqa cür təzyiqlərə məruz qalır”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Armen Qriqoryanın bu açıqlamasını təkzib edərək təxribat adlandırıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Armen Qriqoryanın açıqlaması Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyini göstərir:

“Qriqoryan iddia edir ki, Rusiya iki məqsədlə Ermənistana təzyiq göstərir. Birincisi, Ermənistan Rusiya-Belarus İtifaqına qoşulsun. İkincisi, Zəngəzurdan Azərbaycana dəhliz açılsın. Qriqoryan hesab edir ki, Laçın yolunda baş verənlər də bununla bağlıdır. O, bununla demək istəyir ki, Rusiya Ermənistana təzyiq etmək üçün Azərbaycana şərait yaradır. Kremllə Paşinyan hakimiyyəti arasında münasibətlərin hamar olmadığını nəzərə alsaq, bu açıqlama gərgiliyi daha da artırıb. Təsadüfi deyil ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qriqoryanın açılamasını təxribat adlandırmışdı. üstəlik, Qriqryan bu açıqlamanı Paşinyan-Putin görüşündən dərhal sonra verdi. Bu da bilərəkdən atılmış addım idi. Çünki Ermənistan Rusiyadan istədiyini ala bilmir. Amma Rusiyanın təsir dairəsindən çıxa da bilmir. Ermənistan Rusiyadan asılı dövlətdir. Fransa nə qədər ermənipərəst olsa da, Rusiyanı əvəz edə bilməz. Ermənistan Rusiya ilə münasibətləri dayandırsa, Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Ermənistan da ən çox bundan qorxur”.

Ekspert bildirib ki, ermənilər ağır seçim qarşısında qalıblar:

“Bir tərəfdən, Rusiyadan narazıdırlar ki, Azərbaycana şərait yaradır. Digər tərəfdən, Rusiya ilə müttəfiqlikdən çıxa da bilmirlər. Bu gün Qriqoryanın açıqlamasına korrektə etməyə çalışdılar və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarından biri onun belə demək istəmədiyini söylədi. Özləri də anladılar ki, bu açıqlama kəskin olub. Fakt isə bundan ibarətdir ki, azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda etiraz aksiyasını davam etdirir. Rusiya isə bizimlə qarşıdurmaya getmir. Bunun da obyektiv səbəbləri var. Rusiya Ukrayna müharibəsində “bataqlığın” içindədir. üstəlik Azərbaycanla münasibətlərin gərginləşməsini istəmir. Əks tədirdə, Rusiya Azərbaycanı da itirə bilər. Ola bilsin ki, Rusiya-Belarus ittifaqından Ermənistana belə bir təzyiq edilib. Ermənistan bundan imtina edib və Qərblə yaxınlaşmaq istəyir. Bu il ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsin, Böyük Britaniya kəşfiyyatının rəhbəri, Türkiyə hakimiyyətinə yaxımnlığı ilə seçilən Riçard Murun İrəvana səfərləri belə bir təəssürat yaradır ki, Qərb Paşinyanı Rusiyadan qoparmaq istəyir. Qriqoryanın açıqlaması da bu siyasətin tərkib hissəsi ola bilər. Amma bunlar təhlükəli oyundur. ümumiyyətlə, Rusiya kənara çəkilsə, biz Ermənistanla məsələləri özümüz həll edə bilərik”.

Politoloq onu da bildirdi ki, Rusiya-Belarus İttifaqı ilə bağlı 1990-cı illərdən danışılsa da, bu birliyin perspektivi yoxdur. Rusiya və Belarus prezidentləri arasında fikir ayrılığının olması İttifaq Dövlətinin kağız üzərində qaldığını göstərir.

Müşfiq Abdulla
Cebhe.info