İKT: Bütün sahələrdə inkişafa aparan yol 

İKT: Bütün sahələrdə inkişafa aparan yol 

İSTİQAMƏT: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) həyatımızın bir hissəsi olduğundan, həyatımızı onsuz təsəvvür etmək qeyri-mümkündür.

İKT sisteminin təsir dairəsi demək olar ki, həyatın bütün sahələrini -dövlət strukturlarından tutmuş sosial həyatımızadək əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İKT sahəsində baş verən yeniliklər və inkişaf getdikcə həyatımıza daha sıx şəkildə təsir etdiyindən ölkələrin iqtisadi cəhətdən inkişafında da müstəsna yer tutmaqdadır. 

Artıq İKT Azərbaycanın gələcək inkişafının əsas prioritetlərindən birini təşkil edir. Bu sahənin əhmiyyətini nəzərə alan dövlət İKT sektorunun davamlı inkişafı ilə bağlı çoxsaylı addmlar atıb. Bununla yanaşı, bu istiqamətdə qanunvercilik davamlı olaraq təkmilləşdirilir. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan deputat İqbal Məmmədov deyib ki, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı cənab Prezidentin tapşırığı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq olunması bu istiqamətdə önəmli addımdır:

“Bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamla müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə hazırlanan “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”dir və hazırda bu sənəd icra olunmaqdadır. Strateji Yol Xəritəsi ölkədə İKT-nin inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb.

Sənəd telekommunikasiya sektorunun rəqabətqabiliyyətliliyi, innovativliyi, investisiya cəlbediciliyi və effektiv dövlət idarəetməsini dəstəkləməsi prinsipləri əsasında hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə 2025-ci ilədək olan dövr üçün və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Bu məqsədlə indiyədək Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə, İKT-nin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Əsas hədəf Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir. Bu məqsədlə, ölkədə, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır”. 

Deputat əlavə edib ki, İKT yüksək göstəricilərə malik inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsi olduğundan bura telekommunikasiya sənayesi də daxil olmaqla, genişçeşidli istehsal və xidmət sektorları daxildir:

"Biznes subyektləri və istehlakçılar arasında kommunikasiya, məlumat mübadiləsinə şərait yaratmaqla, İKT cəmiyyətin, dövlətin və iqtisadiyyatın inkişafında dəstəkləyici rola malik olur. İKT-nin geniş miqyasda tətbiqi yeni iş yerlərinin yaradılmasına və məhsuldarlığın artmasına ciddi təsir göstərir. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə İKT-nin tətbiqi ümumdaxili məhsulda (ÜDM) artıma təkan verən mühüm amilə çevrilib. Bu sektorda yaranan yeni iş yerləri üzrə əməkhaqqı orta əməkhaqqı səviyyəsindən yüksək olur. İKT sektoru iqtisadi təsirlə yanaşı, mühüm sosial təsirə də malikdir. 

Belə ki, İKT-nin tətbiqi yoxsulluq, səhiyyə, təhsil və ekologiya sahəsindəki bir sıra problemləri həll etməyə kömək edə bilər. Müxtəlif sektorlarda İKT-nin nailiyyətlərindən innovativ həllər kimi istifadə edilməsi xüsusi sosial əhəmiyyətə malikdir. Məsələn, səhiyyə sistemində fərqli sahələrdə İKT-nin nailiyyətlərindən istifadə edilir. Belə ki, elektron səhiyyə sistemi tibbi xidmətlərin göstərilməsi və idarəedilməsi ilə bağlı yeni və daha səmərəli yanaşmalar təklif edir ki, bu da, öz növbəsində, həm xidmətlərdən istifadə edən pasiyentlərin sayının artırılmasına, həm də xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

İKT sektorunun mühüm tərkib hissəsi olan telekommunikasiya infrastrukturu və texnologiyası biznes fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, telekommunikasiya sənayesi mobil cihazlar vasitəsilə aparılan əməliyyatlar, həmçinin elektron ödənişlər və digər elektron əməliyyatlar üçün platforma təklif edir. Eyni zamanda, telekommunikasiya infrastrukturu və sənayesi yeni biznes modelləri vasitəsilə təsərrüfat fəaliyyəti göstəricilərini də yüksəltməyə imkan verir. İKT sənayesinin daim yeniləndiyi və innovasiyaların tətbiq edildiyi nəzərə alınmaqla, bu sektorun öz faydalarını daha da artırması üçün böyük potensialının mövcud olduğunu qeyd etmək olar". 

Deputat onu da bildirib ki, bu sahənin və ölkə iqtisadiyyatının inkişafı məqsədi ilə qarşıdakı dövrdə daha ciddi adımlar atılacaq:

"İKT sahəsi bu gün elə sürətlə inkişaf etdiyindən, bu sahədəki yeniliklərin istər cəmiyyətdə, istərsə də ölkə həyatında tətbiqi, istərsə də bundan irəli gələn çağırışlarla bağlı davamlı addımlar atılmalıdır və atılacaq da. Onu da qeyd etmək lazımdır ki, İKT inkişaf etdikcə, onun da cəmiyyətlər və ölkələr üçün yeni təhdidlər yaradır.

Ona görə də İKT-nin ölkə iqtisadiyyatının, insanların sosial həyat şəraitinin, rifah halının yaxşılaşdırılması istiqamətindəki cəhətlərindən faydalanmaq, təhdid yaradan, xüsusən də kibercinayətkarlıq və digər təhlükəli sahələrindən qorunmaq istiqamətində də addımlar atılmalıdır". 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebhe.info”