Dövlət qurumlarında bitməyən zərər: Xərcləməyi sevirlər

Dövlət qurumlarında bitməyən zərər: Xərcləməyi sevirlər

2024-cü il aprelin 1-dən Bakının mərkəzində yerləşən bir neçə avtomobil dayanacağında (“parkinq”) qiymətlərin artırılacağı bildirilir.

Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər göstərilib. 

Bildirilir ki, Qış parkının dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 120 manata qalxacaq.

“Azadlıq” meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib. “Yaranan zərərlərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, - deyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Maraqlıdır, görəsən AYNA-nın zərərlə çalışmasına səbəb nədir? 

İqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, iqtisadiyyatda aktiv fəaliyyətdə olan dövlət qurumlarının ziyanla çalışması yenilik deyil:

“Gəlirləri çox olan qurumların bir çoxu zərərlə çalışır. Bunun da səbəbi qeyri-effektiv idarəetmə üsulu və nəzarətin zəif olmasından irəli gəlir. 

AYNA da istisna deyil. Zərərlərin çox olmasının səbəbi xərclərin və israfçılığın daha artıq olması, gəlirlərin də bunu qəbul edəcək gücdə olmamasından yaranır”. Həmsöhbətimiz qeyd edib ki, gəlirlər xərclərdən çox olanda qazanc arta bilər: “Azərbaycanda dövlət qurumlarının bir çoxu xərcləməyə üstünlük verirlər. Əlavə israflı xərcləri çox olur deyə zərərlə çalışırlar. Lakin yaxşı olardı ki, xərclər minimuma endirilsin. Artıq israfçılığa yol verilməsin. Elə halda gəlir çox, kəsir az olacaq”. 

Həsən Məmmədov 
“Cebhe.info”