Tural Abbaslı: “Ermənistanı rahat şəkildə “satacaqlar””- MÜSAHİBƏ

Tural Abbaslı: “Ermənistanı rahat şəkildə “satacaqlar””- MÜSAHİBƏ

Xankəndi-Laçın yolunda 36 gündür davam edən ekoaksiya ciddi uğurlara imza atır.

Ermənistanla yanaşı, cənub qonşumuz da narahat olmağa başlayıb. İranın Azərbaycana qarşı münasibətinin də kökündə Qarabağ probleminin həll olunmasının dayandığını nəzərə alsaq, ekoaksiyalara İranın münasibəti bəllidir. ümumiyyətlə, Vətən müharibəsindən sonra Azərbaycana qarşı münasibətlər dəyişib. Güclü Azərbaycanın yanında olmaq istəyən ölkələrin sayı artır, eyni zamanda münasibətlərdə ikili standartlar da bəzi ölkələr tərəfindən gündəmə gəlir.

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarının AĞ Partiyanın başqanı Tural Abbaslı cavablandırıb.

-Tural bəy, Xankəndi-Laçın yolunda 36 gündür ekoaksiya davam edir. Aksiyanın gedişini necə qiymətləndirirsiz? Aksiyaların nəticəsini uğurlu hesab etmək olar?

-Aksiyanın gedişini müsbət qiymətləndirirəm. Azərbaycan öz haqqını sivil qaydada tələb edir. Amma bununla yanaşı, həm beynəlxalq hüquq, həm də Azərbaycanın öz konstitutsion haqları baxımından müxtəlif addımlar atıla bilər. İndiki aksiyalar ən loyal addımdır. Amma bu aksiyalar belə orada yaşayan erməni əhaliyə və onların havadarlarına Azərbaycanın qətiyyətini göstərdi. Azərbaycan bu addımı ilə onları düşünməyə vadar etdi.

Bu aksiyalar nəticə verməlidir. Əgər nəticə verməsə, başqa addımlar da atıla bilər. Daha konkret nəticələr almaq üçün daha fərqli addımlar da atıla bilər. Məsələn, biz 30 il ATƏT-in Minsk qrupunun, digər ölkələrin vasitəçiliyi ilə danışıqlar apardıq. BMT-nin qətnamələri oldu. Amma bunlar heç bir nəticə verməyəndə Azərbaycan Ordusu öz gücü hesabına nəticə əldə etdi. Əgər sivil aksiyalar da nəticə verməsə, Azərbaycan başqa addımlarla nəticəni əldə edəcək.

-Başqa addımlar deyəndə, hərbi güc tətbiqini nəzərdə tutursuz?

-Biz qəbul edə bilmərik ki, orada bizim təbii sərvətlərimiz talansın, terrorçu təşkilat torpaqlarımızı, əhalimizi girov saxlasın. Biz buna nə qədər göz yuma bilərik? Əslində oradakı qanunsuz silahlı birləşmələri tərkisilah etmək, azərbaycanlıların qayıdışını təmin etmək, Azərbaycanın yuristikasını təmin etmək Rusiya sülhməramlıların öhtəliyinə düşürdü.

Amma Rusiya sülhməramlıları özlərini “erməniməramlı” kimi aparır. Orada separatçı rejimin yerləşməsi və yurd-yuva salması üçün fəaliyyət göstərir. Ona görə də Azərbaycan öz gücündən istifadə edərək beynəlxalq aləm tərəfindən qəbul olunan ərazilərində antiterror əməliyyatı keçirə bilər.

-İranın Azərbaycana qarşı indiki münasibətini necə dəyərləndirirsiz? İranı Azərbaycana qarşı çıxmağa hansı səbəblər vadar etdi? Hazırkı proseslər iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?

-İranın müxtəlif səbəbləri var, amma onların heç birinin əsası yoxdur. İran qorxusundan irəli gələrək Azərbaycana qarşı yersiz, əsassız iddialar irəli sürməyə başladı. İranı ilk növbədə narahat edən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Zəngəzur dəhlizinin açılmasıdır. Çünki bundan sonra İran Azərbaycan üçün dəyərini itirir və bu yolla İran beynəlxalq marşrutdan kənarda qalır.

Digər tərəfdən, İranın düşüncəsinə görə, Qarabağ problemini həll etdikdən sonra Azərbaycan Respublikası artıq Cənubi Azərbaycan məsələsini qaldıra bilər, 40 milyonluq azərbaycanlıya hansısa siyasi mesajlar verər. Bu məsələni İran özünə təhdid olaraq görür. Ona görə də İran başladı Qarabağ məsələsini qəlizləşdirməyə ki, Azərbaycanın başı bu problemlə qarışsın. Bu baxımdan İran destruktiv mövqe tutdu və Ermənistana hər cür yardım edəcəyini bəyan etdi. Qafanda konsulluq açdı, o cümlədən İranın Ermənistana silah və maddi yardım etdiyini, kəşfiyyat materialları ötürdüyünü də bilirik.

İranı narahat edən əsas məsələlərdən biri də Türkiyənin bölgədə möhkəmlənməsi oldu. Çünki artıq Cənubi Qafqazda Türkiyə Azərbaycanla müttəfiq olaraq varlığını göstərir və möhkəmlənir. İran da Cənubi Qafqazın siyasi və hərbi aktorlarından biri kimi yeni oyunçuların gəlməsini istəmir. Özü də bu oyunçu hərbi, siyasi baxımdan İrandan dəfələrlə güclüdür. Ona görə də Azərbaycanı bu yoldan çəkindirmək üçün təhdid yolunu seçdi.

Düşünürəm ki, İran uğursuz addımlar atdı və əks- effekt verdi. Məsələn, indiki iqtidar bu günə qədər Cənubi Azərbaycan, Bütöv Azərbaycan, 40 milyonluq azərbaycanlı ifadələrində daha ehtiyatlı davranıırdı. Yəni Elçibəy hökuməti kimi bu məsələləri qabartmırdı.

Amma İranın bu yersiz təhdidləri, hücumları indiki iqtidarı bu mövqeni tutmağa məcbur etdi. Hazırda İran geri addımlar atır, amma Azərbaycan hələ də əks-hücumdadır və prosesi dayandırmır. İranın ağlı olsa Azərbaycanla dostluq, qardaşlıq, qonşuluq siyasəti yürüdər. Ancaq bu yolla İran öz maraqlarını təmin edə bilər. Əgər özünü İslam dünyasının tərkib hissəsi kimi görürsə, müsəlman ölkəsi ilə də dostluq yolu onları ana xətti olmalıdır. Daha hər yerdə müsəlmanları qıran Ermənistanla dostluq etməli deyil.

-Vətən müharibəsindən sonra Azərbaycanı yanında görmək istəyən ölkələrin sayı birdən-birə artdı. Bu, güclü Azərbaycana olan maraqdır, yoxa başqa səbəbləri var?

-Təbii ki, hər ölkə güclü müttəfiqlərinin olmasını istəyər. Azərbaycan da 44 günlük müharibədə ən azı Cənubi Qafqazda ən güclü dövlət olduğunu göstərdi. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Asiya və Avropa arasında əsas dəhlizlərdən biri olacaq. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neft və qaz ehtiyatlarına təlabatın artması Azərbaycanı cəzibədar ölkəyə çevirir. Digər tərəfdən, Türkiyənin müttəfiqi olan Azərbaycandan söhbət gedir ki, bu xaotik dönəmdə belə müttəfiqlərin olması hər bir ölkənin marağındadır. Buna görə təbii ki, Azərbaycanın həm iqtisadi, həm də siyasi gələcək baxımından cazibədarlığı artıb.

-Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlı görünür. Azərbaycan Avropa üçün hansı yerdə dayanır? Avropa İttifaqının Azərbacanla tərəfdaşlıq cəhdləri uğurlu nəticələr verəcəkmi?

-Azərbaycan Avropa üçün həm cazibədar, həm də önəmli ölkədir. Çünki komminikasiya, əsasən də neft, qaz xətlərinin Azərbaycandan keçməsi onu etibarlı tərəfdaş ölkəyə çevirir. Avropa İttifaqının da son dönəmlərdə Azərbaycanla imzaladığı müqavilələr bunu sübut edir.

Təbii ki, Avropanın da yanlış tutduğu yol var. Avropa bərabərhüquqlu tərəfdaş kimi fəaliyyət göstərmək əvəzinə təzyiq və təhdid vasitəsilə Azərbaycanı öz yanında saxlamağa çalışır. Düşünür ki, Azərbaycanı bu formatda tərəfdaş kimi yanımızda saxlayaq. Bunun üçün də Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edir. Görürük ki, Avropanın bir çox ölkəsi birmənalı olaraq Ermənistan yanındadır. Baxmayaraq ki, Avropa Ermənistandan yox, Azərbaycandan daha çox asılıdır. Burada Türkiyə faktoru da var. Məsələn, bizim partiya olaraq Fransanın keçmiş səfiri ilə görüşümüz olmuşdu, orada Fransanın Azərbaycana qarşı mövqeyini açıq şəkildə tənqid etdik. O, açıq şəkildə qeyd etdi ki, Fransanın Azərbaycana qarşı neqativ münasibəti həm də Türkiyəyə görədir. Yəni Türkiyəyə olan neqativ münasibət Azərbaycana da yansıyır.

Bu baxımdan Azərbaycanın haqlı mübarizəsində hər zaman əks mövqedə dayanıb. Amma Avropanın, ABŞ-ın və digər Qərb ölkələrinin daimi dostları yox, maraqlarının olduğunu dəfələrlə görmüşük. Əminəm ki, çox yaxın zamanlarda onlar özləri Ermənistanı “xərcləyəcəklər”. Ən azı neft-qaz maraqları naminə Ermənistanı rahat şəkildə “satacaqlar”.

Ermənistanın bunu bilmədiyini düşünmürəm, sadəcə olaraq onların başqa yolu yoxdur. Ermənistan elə bir ölkədir ki, hansısa tərəfin- Rusiyanın, ABŞ-ın, Fransanın, bunlar olmasa Çinin qucağında oturmasa, yaşamını sürdürə bilməz. Avropanın da daimi maraqları var və hər bunlar hər şeydən üstündür deyə yaxın zamanlarda Azərbaycana qarşı olan münasibəti aradan qaldıracaq.

Vilayət Muxtar
Cebhe.info