Azərbaycanın Cənubi Qafqaz siyasəti: Neofunksionalizm nəzəriyyəsi fonunda TƏHLİL

Azərbaycanın Cənubi Qafqaz siyasəti: Neofunksionalizm nəzəriyyəsi fonunda TƏHLİL

Azərbaycan hər zaman Cənubi Qafqazda daimi sülhün bərqərar olunması üçün əlindən gələni etməkdədir.

Abstrakt

ümumilli lider Heydər Əliyevin yürütdüyü xarici siyasət kursu rəhbər götürülərək, Azərbaycanın Cənubi Qafqazda iqtisadi, siyasi və digər sahələrdə atdığı addımlar bu fikrin nə dərəcədə düzgün olduğunu sübut edir.

Bu araşdırmada Azərbaycanın 44 günlük Vətən müharibəsindən öncə və sonra yürütdüyü xarici siyasət kursu müzakirə ediləcək. Onu da qeyd etmək lazımdır ki, yürüdülən bu xarici siyasət kursuna əsasən neofunksionalist nəzəriyyəsi pəncərəsindən baxılacaq. Əsas araşdırma istiqamətində Azərbaycanın Cənubi Qafqaz üçün təşkil etdiyi iqtisadi, siyasi və sosial sahələrdə inkişaf layihələrinin rolu və bu addımların neofunksionalist nəzəriyyəsi üçün nə dərəcədə empirik bir indikator olduğunun müzakirə edilməsi nəzərdə tutulub.

Neofunksionalizm nəzəriyyəsi nədir?

Azərbaycanın Cənubi Qafqaz istiqamətindəki xarici siyasətini dəyərləndirmədən öncə neofunksionalizm nəzəriyyəsinin və bu terminin nə demək olduğuna aydınlıq gətirmək olduqca vacibdir. Bu nəzəriyyə barəsində əsasən daha çox 20-ci əsrdə müzakirələr açılıb. Bu, bir çox ölkələr tərəfindən də xarici siyasət doktrinası kimi də qəbul edilib. Funksionalizm terminində “functional”- funksiya və ya ofis, “ism” isə elm, doktrina, praktika və sistem mənasına gəlməkdədir (Entries linking to functionalism, 2015).

Bu doktrinanın əsas meyarlarından biri insanın kollektiv fəaliyyəti fəlsəfəsindən qaynaqlanır. Funksionalist şüur isə cəmiyyətdə, o cümlədən dünyada kollektiv mentalitetin, təhsilin, əqidələrin birliyi, dəyərlərin və digər sosial nizamlarının təşkil edilməsi məsələlərini özündə ehtiva edir. Burada əsas prinsip kollektiv fəaliyyət göstərməklə insanların cəmiyyətdə ehtiyaclarının qarşılanmasıdır. Burada daha böyük müstəvidə dövlətlərarası münasibətlərdə də dövlətlərin birgə fəaliyyət göstərib, iqtisadi, siyasi və digər sahələrdə bir-birlərinin ehtiyaclarının ödənilməsi əsas prioritet istiqmətlərdən biri kimi götürülür. İnsan təbiəti kollektivliyə və birgə fəaliyyətə meyilli olduğu və bununla da problemlərin birgə həllinə inanıldığı göstərilir (Khara, 2020).

Bu nəzəriyyənin həyata keçirilməsinin ən parlaq nümunələrdən biri də Avropa Birliyinin qurulması yolunda atılan addımlardır. Bu addımlar İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrini əhatə edən bir ideya kimi parlamışdır. Əsasən J. Mone, A. Spinelli və R.Şumanın təşəbbüsü ilə 1951-ci ildə “Avropa Kömür və Polad İcması”-nın (European Coal and Steel Community) əsası qoyulmuşdur. Burada əsas prinsip Avropada gələcəkdə baş verə biləcək müharibələrin, mübahisələrin iqtisadi və siyasi inteqrasiya ilə qarşısının alınması, bununla yanaşı bu kimi neqativ halların mövcudiyyətini mümkün qədər imkansız etməkdir.

Nəzəri və praktiki cəhətdən müəyyən uğurların əldə olunmasına rəğmən, funksionalizm nəzəriyyəsi tarixdə bəzi krizislərlə də üz-üzə gəlib. Baş verən bu proseslərin biri də bəzi Avropa ölkələrinin siyasi məsələlərlə bağlı mübahisələrindən irəli gəlir. Fransa Şarl de Qolun prezidentliyi dövründə Almaniyanın və İngiltərənin də üzv olduğu birliyə qoşulmaq ideyasını təkzib edir, bu birliyin təşkil etdiyi iclaslarda iştirak etməkdən boyun qaçırırdı. Avropa İqtisadi Birliyinin qurulmasına qarşı çıxan Fransa 1965-ci ildən başlayaraq bir il müddətində “boş stul” adlı siyasi böhranını təşkil etməklə bununla bağlı sanki siyasi bir mesaj vermişdi (Niemann, 2009). Lakin sonradan tarixi proseslər onu da sübut etdi ki, vəziyyət getdikcə bu məsələdə neofunksionalist siyasətinin, hətta Fransa üçün belə əlverişli olduğu və bu məqamda artıq Fransanın da gələcəkdə iqtisadi, siyasi və digər mühüm müstəvilərdə qonşu ölkələrlə münasibətlərin tənzimlənməsinə köklənməsi üçün olduqca vacib idi. Tarixi düşmənçiliyi kənara qoyaraq, Avropa ölkələri gələcəkdə daim sülh içində yaşamaq üçün kommunikasiyaların açılması və bunun məntiqi nəticəsi olaraq, sonralar siyasi və sosial müstəvidə inteqrasiya siyasətinin aparılmasının vacibliyini görmüşlər.

Neofunksionalizm nəzəriyyəsi fonunda Azərbaycanın Cənubi Qafqaz siyasəti

Vəziyyətə ümumi fəlsəfi tərəfdən baxarsaq, o zaman onu müşahidə etmək mümkündür ki, Azərbaycanın atdığı konstruktiv addımlar nə qədər Avropa Birliyinin sülh təşəbbüsü ilə tam eynilik təşkil etməsə də, mahiyyət baxımından bu ideya demək olar ki, eynidir. ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu əsasən daim qonşu və digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq etmək və bütün tərəflərin qazandığı müdrik xarici siyasət yolundan ibarət olub. 44 günlük Vətən müharibəsindən əvvəl belə Azərbaycan Qarabağ münaqişəsinin həllinə yönəlmiş və qonşu dövlətlərlə sağlam əməkdaşlıq etməyə artıq müstəqillik dövründən start vermişdi..

Heydər Əliyev üçün Azərbaycanın gələcəyi olduqca önəmli idi. Buna görə də ilk növbədə sağlam iqtisadi əməkdaşlığın qurulması olduqca əhəmiyyətli idi. Milli təhlükəsizlik məsələsini həll etməklə yanaşı, Heydər Əliyev həmçinin də Avropa Birliyi ilə iqtisadi və siyasi münasibətlərinin spektrini genişləndirmək üçün hərəkətə keçərək, bunun üçün ilk növbədə qonşu Gürcüstanı da cəlb etməklə, Baki-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəmərinin inşası üçün böyük səylər göstərmişdi (MƏMMƏDOV, 2013).

Ermənistanın yürütdüyü işğalçılıq siyasəti onun bu layihələrdən uzaq durmasına səbəb olmuşdu. Azərbaycan Ermənistanın sağlam ambisiyalı siyasət yürüdərək, Azərbaycanla birgə Qarabağ konfliktini həll etməsinə ümid edirdi. Daimi sülh Azərbaycanın xarici siyasətinin özəyini təşkil etdiyi üçün hər bir məsələnin danışıqlar yolu ilə sülh içində həllinə yönəlmiş səylər Azərbaycanın xarici siyasətində neofunksional istiqamətdə irəlildiyinin təzahürüdür. Azərbaycan qonşu münasibətlərdə də soyuqluğun, mübahisələrin və anlaşmazlıqların aradan qaldırılmasının daim tərəfdarı olub. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan öz işğalçılıq siyasətindən və “Böyük Ermənistan” xəyalından dönməyərək sağlam xarici siyasət kursundan imtina edib. Neofunksionalizm nəzəriyyəsi üçün sülhün bərqərar olunması labüddür. Ermənistan da törətdiyi əməllərlə sübüt etmişdir ki, o bu sülhün bərqərar olunmasında maraqlı deyil.

Onu qeyd etmək lazımdır ki, dövlətlərarası münasibətlərdə danışıqların daha da uğurla aparılması üçün fövqəlmilli təşkilatın varlığı olduqca vacibdir. Bununla belə, Azərbaycan Cənubi Qafqazda yürütdüyü xarici siyasətində sülhün və əməkdaşlığın genişləndirilməsi üçün beynəlxalq və regional təşkilatlarla da əlaqələrini gücləndirib. BMT,ATƏT, ECO, İƏT, GUAM, NATO və digər təşkilatlarla etdiyi əməkdaşlıq fonunda Azərbaycan həm Qarabağ probleminin həllində, həm də qonşu dövlətlərlə iqtisadi asılılığın artırılması ilə gələcəkdə baş verə biləcək münaqişələrin qarşısının alınmasının vacib və preventiv bir addım olduğu qənaətində idi.

Xarici siyasətdə uğurlu aktor olmaq üçün hər bir dövlət ilk növbədə milli təhlükəsizliyin təmin edilməsinə müvəffəq olmalıdır. Bunu hər zaman xarici siyasət kursunda rəhbər tutan Prezident İlham Əliyev danışıqlar prosesində ilk öncə məsələlərə geosiyasi aspektdən yanaşmaqla, ölkəmizin təhlükəsizliyi və suverenliyin bərpa olunması üçün olduqca praqmatik siyasət yürüdür. Bunun da məntiqi nəticəsi olaraq, Azərbaycan öz müstəqilliyini uğurla təmin edib, öncə yaxın qonşuları ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu da neofunksionalizm nəzəriyyəsinin bu keysdə təzahürünü özündə ehtiva edir.

Qlobal geosiyasi mühitdə müxtəlif təşkilatlarla və dövlətlərlə sağlam təmasların qurulması prinsipi Azərbaycana imkan verir ki, o beynəlxalq arenada öz nüfuzunu genişləndirə və təsir dairəsini artıra bilsin. Bu olduqca vacib bir məqamdır. Əgər milli maraqların qorunması prioritetdirsə, o zaman ilk növbədə təsir dairəsinin genişlənməsi və əməkdaşlıq platformalarında yer almaq lazımdır. Azərbaycan da bundan məharətlə faydalanaraq, Ermənistanın qlobal arenada yürütdüyü məkirli planlarını at-üst edib. Buna misal olaraq, Azərbaycanın MDB ölkələri ilə həyata keçirdiyi sıx əməkdaşlıqları analiz etmək mümkündür. Azərbaycan MDB dövlətləri ilə qurduğu sıx əməkdaşlıqla öz milli maraqlarını, təhlükəsizliyini və suverenliyini daim qorumağa nail olub.

Azərbaycan Ermənistan faktorunu nəzərə alaraq, öz siyasi maraqlarına zidd atıla biləcək addımlara veto qoymaq imkanına sahibdir. Bununla yanaşı, özünə qarşı yarana biləcək hər bir təhdidi qurduğu əməkdaşlıq və müdrik siyasi manevrlərlə neytrallaşdırmağa nail olub. Azərbaycan həmçinin də onu bilir ki, çoxşaxəli münasibətlərlə yanaşı, ikitərəfli münasibətlərin qurulması öz əhəmiyyətini itirməyib. Bunun əsası isə belə izah edilə bilər ki, hər iki dövlət öz maraqlarının təmin olunması aspektinə daha olumlu yanaşaraq, ikitərəfli münasibətlərdən daha çox fayda görə bilər. Digər ölkələr kimi Azərbaycan da öz siyasi təhlükəsizliyini təmin etməkdə daim maraqlı olub. Azərbaycanın tarixinə və keçdiyi yola nəzər salaraq onu qeyd etmək lazımdır ki, siyasi təhlükəsizlik faktoru müstəqilliyini yaxın zamanlarda əldə etmiş ölkələr üçün olduqca vacibdir.

Burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan öz neofunksional münasibətlrini sistemləşdirilimiş bir mexanizm üzərində həyata keçirir. Bu sistem səviyyə ölçüsü ilə tətbiq edilir. Birinci mərhələdə olan ölkələr əsasən Türkiyə, Rusiya və İranı əhatə edir. İkinci mərhələ Orta Asiya, Gürcüstan və Ermənistan, üçüncü mərhələ isə ABŞ, Uzaq Şərq və digər ölkələr aid edilir (Məmmədov, 2013).

Azərbaycanın olduğu məkan hal-hazırda dünyada baş verən ən mürəkkəb proseslərin cərəyan etdiyi mövqelərdən birini əhatə edir. Bununla belə, Azərbaycan yerləşdiyi geosiyasi məkanda öz milli maraqlarını təmin etmək üçün bərabərhüquqlu tərəfdaşlığa və etibarlı əməkdaşlığa söykənən xarici siyasət kursunu aparır. Son zamanlar isə Avropa Birliyinin keçdiyi inteqrasiya və sülh təşəbbüsünün elementlərini Avrasiya məkanında da görmək olar. Türkiyənin Rusiya ilə daha da yaxınlaşması və Orta Asiya ölkələri ilə üzv olduğu Türk Dövlətləri Təşkilatı (TDT) fonunda atdığı addımlar Azərbaycanın maraqlarının tam təmin olunması üçün münbit şərait yaratmışdır. Qardaş Türkiyə ilə həyata keçirilən sıx əməkdaşlıq çərçivəsində Azərbaycan olduqca cəsarətli addımlar atıb.

Hətta İkinci Vətən müharibəsindən sonra da Azərbaycan son dərəcə humanist addım ataraq Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edən ilk tərəf olub. Bu hal tarix boyu az sayda dövlətlərin etdiyi bir təcrübədir. Bu da o faktı sübüt edir ki, Azərbaycan müharibənin deyil, funksional münasibətlərin qurulmasında maraqlıdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi da məhz daimi sülh üçün atılan böyük addımla yanaşı, olduqca müdrik bir siyasi qərardır. Bu illər sonra Cənubi Qafqazda qurulacaq siyasi və iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq və gələcəkdə baş verə biləcək mübahisələrə qarşı çevik bir addımdır.

Zəngəzur dəhlizi qurularsa, Azərbaycan ilə Türkiyə arasındakı məsafə xeyli azalaraq, iqtisadi artımı və siyasi münasibətlərin daha da genişlənməsinə şərait yaradacaq. Bu da öz-özlüyündə quru yolla olan səyahət məsafəsini təxmini olaraq 25% qısaldacaq. Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, bu, çox ehtimalla “spillover” (yayılma) effekti yaradacaq. Bu effekt sayəsində isə Avropa ölkələri regional əməkdaşlığa bu qədər sürətlə və əzmlə nail olub (Tütünsatar, 2022).

Nəticə

Azərbaycanın yürütdüyü xarici siyasət kursu Cənubi Qafqazın gələcək taleyinin həllində mühüm rol oynayır. Avropanın qurduğu inteqrasiya modelinin eynisini təşkil etməsə də, onun elemenetlərini yerləşdiyi geosiyasi reallığın şərtlərinə uyğunlaşdırmağa çalışan Azərbaycan bu yolla regionda sabitliyi və daimi sülhü təmin etməyə çalışmışdır. Bu araşdırmada da Azərbaycanın Cənubi Qafqazda olan xarici siyasətinin neofunksionalist pəncərəsindən təhlil edilməsi bir daha onu göstərdi ki, bu siyasət regionda olan hər bir ölkəyə fayda verməklə, Azərbaycanın humanist və tərəfdaşı olduğu anlaşmalara hər zaman sadiq olan tərəf qismində fəaliyyət göstərdiyinin təzahürüdür.

Əsasən də ümumilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan İlham Əliyevin davam etdirdiyi praqmatik xarici siyasətlə hər gün bu məqsədə daha bir addım yaxınlaşır.

Ədəbiyyat

Entries linking to functionalism. (2015). Bu Online Etymology

Dictionary: https://www.etymonline.com/word/functionalism#:~:text=Entries%20linking%20to%20functionalism&text=1630s%2C%20%22pertaining%20to%20function%20or,Related%3A%20Functionally%3B%20functionality.mənbədən tapılıb.

ƏSGƏROV, Z. (2011). HEYDƏR ƏLİYEVİN XARİCİ SİYASƏT STRATEGİYASI VƏ AZƏRBAYCANIN MİLLİ TƏHLüKƏSİZLİYİ. Azərbaycan, S.7.

Khara, D. N. (2020). Functionalism and Neofunctionalism: Some Critical Perspectives. Kamala Nehru Women’s College, Rama Devi Women’s University, 1005-1008.

Məmmədov, N. (2013). HEYDƏR ƏLİYEVİN XARİCİ SİYASƏT KURSU: DüNYA SİSTEMİNİN YENİDƏN QURULMASI KONTEKSTİNDƏ. Azərbaycan, №86.-S.3.

Niemann, A. &. (2009). Neo-functionalism. Mənbə: A. a. Wiener, Theories of European Integration (ss. pp. 45-66). Oxford: Oxford University Press, 2nd Edition.

Tütünsatar, A. (2022). THE SIGNIFICANCE OF THE ZENGEZUR CORRIDOR IN TERMS OF INTERNATIONAL TRADE POLICY AND LOGISTICS. Journal of Vocational and Social Sciences of Turkey, 66-74.

Müəllif: Kamran Hüseynov,

Cebhe.info