Azərbaycanda ailə və demoqrafiya: Vəziyyət necədir?

Azərbaycanda ailə və demoqrafiya: Vəziyyət necədir?

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Gender, ailə və demoqrafiya məsələləri dövləti, cəmiyyəti düşündürən vacib məsələlərdəndir. Ailə qan qohumluğuna və bəzən də mənəvi doğmalığa əsaslanan kiçik qrupdur. O, adi birlik forması yox, sosial institutdur və bu institutda baş verən hadisələr cəmiyyətdə güzgü effekti yaradır. Ailənin özünəməxsus funksiyaları var. Ailənin funksiyaları dedikdə, onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan, onun aşağıdakı funksiyalarını fərqləndirmək olar: 

reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və digər bu kimi məqamlar. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Ümid Partiyasının sədr müavini İlahə Sadıqova deyib ki, ailənin funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədədir: 

“Onlar hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. 

Əhalinin demoqrafik artımı ailənin reproduktiv funksiyası vasitəsilə həyata keçirilir. Valideynlər neçə uşaq istəyirlər? 

Onlar ailənin inkişafını necə planlaşdırırlar? Bu suallar ilk baxışda nə qədər sadə görünsə də, ailənin reproduktiv funksiyasının məzmununu əsasən aydın ifadə edir. Ailədə uşaqların sayı onun həyat səviyyəsinin, həyat şəraitinin mühüm göstəricisidir. Ailənin inkişafı da uşaqların dünyaya gəlməsi ilə bilavasitə bağlıdır. Demoqrafların gəldiyi qənaətə görə, hazırda ən geniş yayılmış ailə tipi nuklear ailə sayılır. 

Nuklear ailə sadə ailədir. O, iki nəsildən – ata-ana və uşaqlardan ibarət olur. Əgər uşaqlardan hər hansı biri ailə qurub valideynləri ilə birlikdə yaşayırsa, bu vaxt ailənin tipi dəyişir, nuklear ailə mürəkkəb ailəyə çevrilir. Mürəkkəb ailə üç və yaxud daha çox nəsildən - baba-nənə, ata-ana və uşaqlardan ibarətdir. Son illər ailə institutunun böhran yaşadığını düşünən alimlərin fikrinə görə, əhalinin təbii artımında ciddi azalma müşahidə edilir. 

Belə ki, artıq cəmiyyətdə ailəyə, uşaq doğmağa münasibət dəyişib. Buna səbəb ailənin sosial təminatı ilə yanaşı, gender rollarının dəyişməsidir. Yəni ailələrdə ənənəvi yanaşmalar sıradan çıxır, yerini müasir tələblərə uyğun adətlər tutur”. 

Sədr müavini qeyd edib ki, sosial ehtiyaclar, bu ehtiyacların ödənmə zərurəti ailənin iqtisadi yükünün hər iki fərd - ər və arvad arasında bölünməsi məsələsini gündəmə gətirib və artıq gender rolları arasında da dəyişmələr baş verib: 

“Əgər ənənəvi Azərbaycan ailəsində qadın işləmir, ailənin məişət qayğılarının qeydinə qalırdısa, bu gün qadın da kişi ilə bərabər işləməli, ailənin maddi təminatına öz qatqısını vermək məcburiyyətindədir. Bu da təbii şəkildə ailədə reproduktiv funksiyanın pozulmasına, dolayısı ilə cəmiyyətin demoqrafik vəziyyətinə təsirsiz ötüşmür.

Ailə problemlərini araşdıran alimlərin araşdırmaları əsasında müəyyən edilib ki, müasir cəmiyyətdə bir çox problemlər mövcuddur ki, onlardan nikaha daxil olma yaşının yüksəlməsi, ailədə uşaq sayının azalması, təkvalideynli ailələrin sayının çoxalması, təkuşaqlı ailələrin artması, boşanma və s.-dir. Yəni, gənc ailələr daha çox sosial ehtiyacların təmin edilməsi, yaxud şəxsi inkişafa önəm verdiklərindən ailə qurmağa tələsmədikləri kimi, valideyn olmağa, bir neçə uşağın məsuliyyətini daşımağa da tələsmirlər. 

Çünki valideynlik eyni zamanda, ailədə dünyaya gələn uşağın məsuliyyətini üstlənmək deməkdir. Ən azından, uşaq yetkinlik yaşına çatana qədər valideyn onun bütün təməl ehtiyaclarını qarşılamağa borcludur. Bu da bir çox hallarda ailələrə problemlər yaratdığı üçün gənc ailələr 1, ən yaxşı halda 2uşaqla kifayətlənirlər. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə bruşaqlı ev təsərrüfatlarının sayı 423,0, ikiuşaqlı 557, 8, üçuşaqlı 256, 3, 4 və çoxuşaqlı isə 110,4 min nəfər, o cümlədən ev təsərrüfat başçısı tək qadın olanlar 163500, tək kişi olanların sayı 62918 nəfər təşkil edir.

Tək valideynli ailələrin çoxalması da ciddi bir problemdir. Bu problem daha çox boşanmalardan qaynaqlanır. Bu mövzuya ayrıca toxuna bilərik”. 

Həmsöhbətimiz bildirib ki, göstərilən rəqəmlər gələcəkdə ölkədəki demoqrafik böhranın yarana bilmə təhlükəsini açıq-aşkar göstərir: 

“Digər demoqrafik problem isə ölkədə doğulan oğlan uşaqlarının sayının qız uşaqlarına nisbətən çox olmasıdır. Belə ki, DSK-nın 2024-cü ilin yanvar ayının statisik göstəricilərinə görə ölkədə dünyaya gələn uşaqların 53,1 %-ni oğlan, 46,9%-ni qız uşaqları təşkil edir. Bu göstəricilər artıq ölkədə 0-24 yaş arası vətəndaşların sayındakı göstəricilərdə ciddi şəkildə özünü göstərir. 

Bura ən ciddi problem olan gendersid məsələsini aid etmək mümkündür. Yəni, cinsə görə uşaqların ana bətnində tələf edilməsi, başqa sözlə, selektiv abortlar. Təəssüflə qeyd edirəm ki, 2022-ci il üçün selektiv abortların sayına görə Azərbaycan birinci yerdədir. Xatırladım ki, ölkəmiz ötən illərdə bu siyahıda Çindən sonra ilk 3 pillədə yer alırdı. Bu faktın özü də gələcəkdə demoqrafik böhran təhlükəsini artırmış olur. 

Göstərilən məsələlərdən gəldiyimiz nəticələr onu deməyə əsas verir ki, bir-biri ilə bağlı olan bu 3 məsələdə ciddi problemlər var. Problemlərin aradan qaldırılması ilə bağlı isə maarifçilik tədbirləri çox zəif aparılır və deyə bilərəm ki, heç də ürəkaçan deyil. Xüsusilə qeyd edim ki, gender maarifləndirməsinə çox böyük ehtiyac var, çünki təəssüf ki, gender anlayışı ilə bağlı cəmiyyətimizdə yanlış təsəvvürlər var və bu da qadına qarşı aqressiyaya yol açır”. 

İlahə Sadıqova əlavə edib ki, bu məsələlərlə bağlı ölkədə ailə və gender siyasətini həyata keçirən müvafiq dövlət orqanı fəaliyyət göstərsə də, bir qurumun fəaliyyəti ilə yekunlaşacaq məsələ deyil: 

“İlk növbədə, maarifləndirmə yükü KİV-lərin üzərinə düşür. Belə ki, ən çox televiziya siyasətimiz bu istiqamətdə düzgün qurulmalıdır. Efirləri sosial yönümlü ailələrə pis nümunələr göstərən səni axtarıramlar, təsir dairələri deyil, əhalinin gender maarifləndirməsi, ailə problemlərinə həsr olunan verilişlər tutmalıdır. Dəfələrlə cəmiyyət tərəfindən o verilişlərin fəaliyyəti tənqid edilsə də, təəssüf ki, televiziya siyasətimizə cavabdeh qurumlar onlarla bağlı bir ölçü götürməyiblər. 

Əhalinin təbii artımını təşviq edəcək məsələlərdən ən vacibi, düşünürəm ki, uşaq puluların verilməsi məsələsidir. Dövlət ailələrdə böyüyən uşaqların məsuliyyətini valideynlərlə birgə paylaşmalı, zərurət yarananda, bəzən uşaqları öz valideynlərindən belə qorumalıdır. 

Bu gün təəssüf ki, “uşaqpulu” da cəmiyyəti narahat edən məsələlərdəndir, lakin efirlərdə bu məsələnin qaldırılması, müzakirə olunmasına rast gəlmirik. Daha çox sosial şəbəkə seqmentində bu məsələlər müzakirə olunur, ayrı-ayrı siyasi və sosial institutlar tərəfindən qabardılır. 

Ümid Partiyasının ailə, qadın, uşaq problemləri və gender məsələləri ilə bağlı proqramında sadaladığım problemərin aradan qaldırılması məsələləri öz əksini tapıb. Bu istiqamətdə dəfələrlə efir məkanında təkliflər səsləndirmişik. Ümid edirəm ki, bu sahədə artıq həm efir siyasətimizdə, həm də dövlət siyasətimizdə dəyişiklik edilər.Çünki yaxın illərdə biz ailə, gender və demoqrafik vəziyyətlə bağlı ciddi böhranla üz-üzə qala bilərik”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebheinfo.az”