Azərbaycanda məmurlara TikTok qadağan edilib? - SORĞU

Azərbaycanda məmurlara TikTok qadağan edilib? - SORĞU

Avropada başlayan TikTok qadağası getdikcə genişlənməkdədir.

Son günlər ardıcıl olaraq bir sıra ölkələrin dövlət qurumlarında belə, adıçəkilən sosial şəbəkəyə qadağalar tətbiq edilir.

Belə ki, dünyada məşhur sosial media platforması TikTok-un Çin hökumətinə yaxınlığı və bütün dünyada istifadəçi məlumatlarını saxlaması ilə bağlı narahatlıqlar səbəbindən dünən tətbiqin istifadəsi İsveçdə də qadağan edildi.

Xatırladaq ki, ötən həftə Norveç tətbiqin parlament sisteminə çıxışı olan cihazlarda istifadəsini qadağan etdi və cümə günü Fransa dövlət sektoru işçilərinə TikTok-da daxil olmaqla, iş telefonlarına "əyləncə proqramları" endirməyi qadağan etdiyini açıqlayıb.

Həmçinin keçən həftə Böyük Britaniyada nazirlərə təhlükəsizlik baxımından Çində əsaslanan sosial media tətbiqi TikTok-dan iş telefonlarında və elektron cihazlarda istifadə etmək qadağan edilmişdi.

Britaniya hökuməti mühüm məlumatların Çin hökuməti tərəfindən əldə oluna biləcəyindən narahatlığını bildirmişdi. Danimarka, Latviya və ABŞ kimi ölkələr sözügedən qərarla ötən həftə dünya gündəmində olub.

Qeyd edək ki, 3,5 milyarddan çox yükləmə ilə tətbiqin istifadəsi son illərdə böyük bir partlayış yaşadı. Tətbiqlə əyləncəli filtrlər və musiqi ilə yaradılmış qısa videoları çəkmək mümkündür.

İstifadəçilərin marağına səbəb olan videolar təqdim edən tətbiqin alqoritmi də onun uğurunda ən böyük amillərdəndir. Bunu asanlıqla etmək qabiliyyətinin arxasında istifadəçilərin yaşları, yaşayış yeri, istifadə olunan cihaz və yazışma sürəti kimi bir çox məlumatı əldə edə bilmələri dayanır.

Bu gün ölkəmizdə də kifayət qədər TikTok istifadəçisi var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, hazırda rəsmi şəkildə TikTok sosial şəbəkəsinin fəaliyyətinə məhdudiyyət tətbiq edilməyib.
Ancaq bəzi qurumlarda isə ofis daxilində TikTok-dan istifadəyə qadağa qoyulması ilə bağlı fikirlər səslənir.

Bəs hazırda dövlət qurumlarında işçilərin TikTok istifadəsinə icazə verilirmi?

Cebhe.info-nun sorğusuna cavab olaraq DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, qurumda TikTok-dan istifadə ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov isə qeyd edib ki, şəxsən mən istifadə etmirəm:

“ümumiyyətlə, bizim nazirlikdə bu məsələ müzakirə mövzusu olmayıb”.

Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, qurumun əksər işçiləri heç TikTok-dan istifadə etmir. Eləcə də qurumda ondan istifadəyə qadağa ilə bağlı məlumat yayılmayıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, qlobal şəbəkəyə qoşulan müəssisəyə aid cihazlarda informasiya təhlükəsizliyi baxımından qurumun fəaliyyətinə təhdid yaradacaq veb-resurslar müvafiq idarə tərəfindən filterdən keçirilir:

"Şəxsi istifadədə olan mobil cihazlar vasitəsilə hər hansı internet resursundan istifadəyə isə heç bir məhdudiyyət və qadağa tətbiq olunmur. Daxili qaydalara əsasən, iş əsnasında əməkdaşlara əmək məhsuldarlığını azaldacaq, işə diqqəti yayındıracaq hallardan uzaq olmaları, xüsusilə sosial şəbəkələrdən səmərəli istifadə etmələri tövsiyə olunur”.

İcbari Tibbi Sığortadan verilən məlumata görə, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi ilə mütəmadi olaraq qurumun “Facebook”, “Twitter”, “Instagram”, “Linkedin”, “Telegram”, “YouTube” sosial media platformalarında təbliğat xarakterli məlumatlar yerləşdirilir. Habelə sözügedən platformalarda istifadəçilərin müraciətləri cavablandırılır. Agentlik TikTok platformasında fəaliyyət göstərmir”.

Nigar Abdullayeva
Cebhe.info