“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 13-14 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

“Cebhe.info” xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir.  

Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Nigar
“Cebhe.info”