Bıçaq, balta, beşbarmaq: Maşında davaya "hazırlıq görənlərin" cəzası var?

Bəzi sürücülərin idarə etdiyi nəqliyyat vasitələrində bıçaq, balta, beşbarmaq, beysbol çubuğu və s. kimi soyuq silahlar gəzdirməsi halları çoxalıb.
Sürücülər arasında anlaşmazlıqların tez-tez müşahidə olunduğunu nəzərə alsaq çox böyük fəsadlarla nəticələnə bilər. Belə ki, mübahisələr böyüdükcə əlbəyaxa davalara çevrilir.
Bu, işin yaxşı tərəfidir. Amma avtomobildə soyuq silah varsa belə kiçik münaqişələr böyük cinayətlərə səbəb ola bilər. Yəni ani əsəb bir anda ağır cinayətə gətirib çıxarır.
Bəs görəsən, sürücülər avtomobildə soyuq silahları hansı səbəbdən gəzdirir? Bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Bu barədə “Cebhe.info”-ya açıqlama verən nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, gələcəkdə qanunvericiliyə dəyişiklik etməklə avtomobildə soyuq silah gəzdirənlərlə ciddi mübarizə aparmaq olar:
“Lazımi əşyalara əlavə olaraq soyuq silah saxlanılırsa, deməli, məqsəd başqadır. Bəzi insanlar hər zaman ola biləcəyi mühitlərdə dava ehtimalını göz önündə saxlayır. Sürücü davaya meyillidirsə və o silahla müdaxilə etmə potensialı varsa, avtomobilində soyuq silah gəzdirir.
Bunun üçün yol polislərinə səlahiyyət verilməlidir ki, onlar hansısa qayda pozuntusuna görə saxladıqları maşınlara baxış keçirsin, belə əşyaları müsadirə edib sürücü barəsində müvafiq tədbir görsünlər”.
Həsən Məmmədov
“Cebhe.info”