Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
İqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü COP29 çərçivəsində müzakirə olunacaq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var. Məktəb və universitetlərdə yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı işlər sürətlənəcək. Nazir qeyd edib ki, yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək:
“İstiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”. Əlbəttə, yeni ixtisaslar olduqca vacibdir. Amma əvvəlki ixtisaslar üzrə təhsil alıb əmək bazarına daxil olanlarla bağlı məsələ də diqqətdə saxlanılmalıdır.
"Cebheinfo.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu yeniliklər tətbiq edildikcə, köhnə ixtisas sahibləri və onların əmək bazarındakı vəziyyəti də diqqətlə nəzərdən keçirilməlidir. Əks halda, bu sahədə mövcud ixtisaslarla işə çıxan insanlar üçün mənfi təsirlər yarana bilər.
Kamran Əsədovun sözlərinə görə, davamlı dəyişiklikləri tətbiq etmək üçün keçmiş təcrübələrdən dəstək alaraq, gələcək nəsillərə yaşıl təhsili təqdim etmək həm cəmiyyətə, həm də ətraf mühitə müsbət təsir göstərəcək: “Yeni ixtisasların və yaşıl komponentlərin təhsil sisteminə daxil edilməsi zəruridir, çünki qlobal iqlim dəyişiklikləri, ətraf mühit problemləri və davamlılıq mövzuları sürətlə aktuallaşır.
İlk növbədə, əmək bazarında olan köhnə ixtisas sahibləri üçün təlim və yenidən ixtisaslaşma proqramları vacib olacaq. Yaşıl bacarıqlar və davamlılıqla bağlı məzmun bu şəxslərin peşəkar həyatına inteqrasiya edilərsə, mövcud ixtisaslarının yenilənməsi mümkündür. Bu məqsədlə dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində sertifikat proqramları, qısamüddətli kurslar və seminarlara üstünlük verilməlidir.
Bu cür proqramlar köhnə ixtisas sahiblərinə yeni yaşıl bacarıqları qazanmaq, biliklərini aktual vəziyyətə uyğunlaşdırmaq və beləliklə, əmək bazarında rəqabətə davamlı qalmaq imkanı verəcək”. Müəllimlərə gəldikdə, ekspert hesab edir ki, köhnə ixtisas sahibləri ilə yanaşı, müəllimlərin də bu yeniliklərə uyğunlaşdırılması önəmlidir:
“Onların təhsil proqramlarına yaşıl komponentləri daxil etmək bacarığı artırılmalıdır. Müəllimlər üçün ixtisasartırma kursları, təlim və inkişaf proqramları təşkil edilməli, ətraf mühit və yaşıl bacarıqlar haqqında dərindən məlumat verilməlidir.
Bu, müəllimlərin təhsil prosesində yenilikləri mənimsəməsinə kömək edəcək və onların dərs proqramlarına yaşıl mövzuları daxil etməsi təmin olunacaq. Əlavə olaraq, köhnə ixtisasların əhəmiyyətini azaltmadan, bu sahələrdə çalışan peşəkarlar üçün yaşıl komponentlər vasitəsilə fərqləndirici məzmun yaradılması da mümkündür.
Məsələn, mühəndislik, kənd təsərrüfatı, maliyyə və idarəetmə kimi sahələrdə davamlılıq və yaşıl bacarıqların artırılması sahəyə uyğun bir şəkildə reallaşdırılmalıdır. Bu yolla mövcud kadrların təcrübəsi yeniliklərlə uyğunlaşdırılaraq dəyərli kadrlar olaraq qalması təmin ediləcək.
Yeni ixtisasların açılması ilə yanaşı, köhnə ixtisas sahiblərinin bacarıqlarının yenilənməsi və yaşıl təhsil mövzusunda inteqrasiya olunması həm əmək bazarının ehtiyaclarını qarşılamaq, həm də təhsilin keyfiyyətini artırmaq üçün vacibdir.
Bu yanaşma ilə həm yeni, həm də köhnə ixtisas sahibləri əmək bazarında davamlı və rəqabətədavamlı mövqe əldə edə biləcəklər”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"