Hindistan Trampın tələbini qəbul edəcək?

Hindistan Trampın tələbini qəbul edəcək?

Tramp administrasiyası Hindistanla apardığı ticarət danışıqları zamanı "Amazon" və "Walmart" kimi Amerika şirkətləri üçün Hindistanın elektron ticarət bazarına sərbəst giriş tələb edir.

"Cebheinfo.az" “Financial Times”-a istinadən bildirir ki, Vaşinqton bu məsələni razılaşmanın əsas şərtlərindən biri kimi görür və əgər Hindistan buna razılaşsa, ölkəyə qarşı nəzərdə tutulan 26 %-lik yüksək gömrük rüsumlarından imtina edə bilər.

"Amazon" və "Walmart"  rəhbərləri dəfələrlə bu məsələni ABŞ hökumətinin qarşısında qaldırıblar. Hazırda bu şirkətlər Hindistanda yalnız məhdud şəkildə, yəni sadəcə marketpleys (satiş platforması) kimi fəaliyyət göstərə bilirlər, öz məhsullarını birbaşa sata bilmirlər və tez-tez yoxlamalara məruz qalırlar.

Ölkənin qanunları isə daha çox yerli şirkətləri, xüsusən "Reliance" kimi böyük firmaları və milyonlarla kiçik dükan sahibini qorumaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, hindistanlı siyasətçilər  bu məsələyə ehtiyatla yanaşır. Onlar bildirirlər ki, "Amazon" və "Walmart"-a tam sərbəst giriş verilərsə, bu, ABŞ şirkətlərinin Hindistan bazarında üstünlük qazanmasına və yerli tacirlərin sıxışdırılmasına səbəb ola bilər.

Hakim partiyanın deputatı və Hindistan Tacirlər Konfederasiyasının rəhbəri Pravin Xandelval bildirib ki, ölkəsi xarici sərmayələrin cəlbi qarşı deyillər: “Amma bu, Hindistanın ticarət sistemi bahasına olmamalıdır. 90 milyon kiçik bir tacirin maraqları nəzərə alınmalıdır”.Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkədən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Ümumi rüsumlar (10 %) aprelin 5-dən qüvvəyə minib, bəzi ölkələr üçün isə fərdi rüsumlar – məsələn, Hindistan üçün 26 %, aprelin 9-dan tətbiq olunub. Amma Tramp həmin gün həm də açıqlama verərək bildirib ki, danışıqlara açıq olan 75 ölkəyə qarşı bu rüsumların artırılması 90 gün müddətinə təxirə salınır və onlar üçün hələlik 10 %-lik rüsum qüvvədə olacaq.ABŞ Prezidenti əlavə edib ki, tərəfdaş ölkələrlə tariflər mövzusunda danışıqlara açıqdır.

Səbinə Uğur
"Cebheinfo.az"