İrəvan niyə Zəngilana diversant göndərib? - “Paşinyan rüsvayçılıqdan qurtarmaq istəyir”

Ermənistan iki nəfər diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.
Qeyd edək ki, Ermənistan ordusu şərti dövlət sərhəddinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərib. Erməni hərbçilər təxribatının qarşısı alınıb və hər iki diersant Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən iclasında Azərbaycan Prezidentinin çıxışına cavab olaraq mübahisə yaratması, iclasın gündəliyindən kənara çıxaraq sərt ritorika ilə polemika açmaq cəhdi sülh sazişi ilə bağlı rəsmi İrəvanın mövqeyinin sabit olduğuna şübhə yaradır.
Bu hadisədən bir gün sonra Zəngilan istiqamətində diversiya qrupunun göndərilməsi Paşinyanın istənilən vaxt verdiyi sülh mesajlarından imtina edəcəyi və Ermənistan ordusnunun sərhəddə yenidən hərbi təxribata əl atacağı ilə bağlı ehtimalı artırıb. Yəni sülh sazişinin imzalanması üçün beynəlxalq siyasi şəraitin Azərbaycanın xeyrinə dəyişməsinə baxmayaraq, Ermənistan tərəfdən risklər hələ qalmaqdadır. Belə situasiyada Azərbaycanın hansı addımlar atacığı gündəmə gəlir.
Bu cür terror-təxribat və diversiya əməlləri Azərbaycanı Ermənistana qarşı sülhə məcburetmə əməliyyatları aparmağa məcbur edə bilər. Eyni zamanda, Azərbaycan məsələyə səbrlə yanaşaraq həm sərhəddə, həm hərbi müstəvidə, həm də danışıqlar masasında mövqelərini gücləndirməyə üstünlük verə bilər.
Hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan ordusunun Azərbaycan ərazisinə diversiya qrupu göndərməsi Nikol Paşinyanın daxili ictimai rəydə özünə nüfuz qazanmaq məqsədilə atılıb:
"Lakin Moskvada olduğu kimi burada da onun təşəbbüsü iflasa uğrayıb. Nikol Paşinyan Moskvada keçirilən görüşdə Paşinyan Ermənistan cəmiyyətində özünün siyasi çəkisini artırmaq üçün qalmaqal və mübahisə yaratmağa çalışsa da o, diplomatik etiket qaydalarından kənara çıxan bu davranışı ilə daha rüsvayçı duruma düşdü.
Nəticədə, Paşinyan Azərbaycanın Prezidenti İlham Əliyevin qarşısında, eyni zamanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edən dövlət başçılarının gözü önündə diplomatik və siyasi müstəvilərdə məğlubiyyətə məruz qaldı. Onun bu məğlubiyyəti Ermənistanda da kifayət qədər siyasi ajiotaj doğurdu.
Nikol Paşinyan bir çox siyasətçilərin və ictimaiyyət nümayəndələrinin kəskin tənqidinə məruz qaldı. Nikol Paşinyan bu rüsvayçılığın qarşısını almaq üçün Ermənistan tərəfindən əvvəllər də olduğu kimi həm sülh sazişinin imzalanması prosesini uzatmaq və yaranmış yeni ajiotajın gündəmini dəyişmək üçün belə bir təxribatlara əl atması gözlənilən idi.
Təbii ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycanın sərhəd bölgəsində hərbi xidmət keçən əsgərlərin qətlə yetirilməsi və yaxud digər təxribat xarakterli fəaliyyətlərin həyata keçirilməsindən ibarət ola bilərdi. Lakin sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində, düşmənin bu fəaliyyətinin qarşısı alındı və düşmənin diversiya qrupunun saxlanılması üçün lazım olan fəaliyyətlər həyata keçirildi. Artıq Ermənistan ordusunun iki diversantı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Yəqin ki, onlar bu diversiya fəaliyyətinə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Ermənistan tərəfinin də diversiya qrupunu mövqelərə ərzaq və yemək daşıyan hərbçilər kimi qələmə verməsi gözləniləndir.
Çünki Ermənistan əvvəllər də Azərbaycanın dövlət sərhəddinin müxtəlif istiqamətlərində təxribat-diversiya fəaliyyəti həyata keçirib və bunu heç vaxt etiraf etməyib. Ona görə də Ermənistanın bu dəfə də belə bir etiraf edəcəyini gözləmirdik.
Qeyd edim ki, son vaxtlar Ermənistan hərbi təxribatları daha çox Kəlbəcər və Laçın istiqamətində törədirdi. Bu baxımdan, Zəngilan rayonunun Ermənistanla şərti sərhəddi nisbi sabitliyin hökm sürdüyü ərazi kimi dəyərləndirilirdi. Lakin görünür, Ermənistan tərəfi daim yeni təxribat marşrutlarının axtarışındadır və özünün bu fəaliyyətindən əl çəkmək istəmir. Hər bir halda biz təxribata hazır olmalıyıq və ayıq-sayıqlıq nümayiş etdirməliyik.
Diversiya qrupunun mövqelərimizə yaxınlaşmaq və ərazimizə keçmək cəhdləri müxtəlif üsullarla həyata keçirilə bilər. Adətən belə fəaliyyətlər həyata keçilmədən əvvəl atəşkəs pozuntularının qismən olmadığı, nisbətən sakitliyin hökm sürdüyü və diqqətin zəif ola biləcəyi ehtimalı üzərindən qrupların keçidi üçün marşrutlar hazırlanır. Yəqin ki, bu dəfə Ermənistan tərəfi uzun müddətdir Zəngilan istiqamətində atəşkəsin pozulmadığını və toqquşmaların baş vermədiyini nəzərə alaraq, diqqətdən bir az kənarda qaldığını ehtimal edərək bu bölgəni seçib.
Dağlıq ərazidən, günün məhdud görmə şəraitindən və dumandan istifadə edərək belə fəaliyyətlərin həyata keçirlməsi mümkündür. Ona görə də Azərbaycan tərəfi bu amilləri nəzərə alır. Ordumuz ayıq-sayıqlığını itirmir, sərhədçilərimiz düşmənin təxribat törətmək ehtimallarını nəzərə alır və öz fəaliyyətini daima bu təhlükənin qarşısını almaq üçün normal bir rejimdə həyata keçirir”.
Müşfiq Abdulla
Cebhe.info