Səfir müxalifətin qanun layihəsini tənqid etdi

Səfir müxalifətin qanun layihəsini tənqid etdi

Avropa İttifaqının Moldovadakı nümayəndə heyətinin rəhbəri Yanis Majeyks müxalifətdə olan Kommunistlər və Sosialistlər Blokunun parlamentə təqdim etdiyi "xarici agentlər" haqqında qanun layihəsini kəskin tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, Majeyks bu təşəbbüsün  demokratiyaya, qanunun aliliyinə və media azadlığına zidd olduğunu bildirib. O, bu fikirlərini "Facebook" səhifəsində paylaşıb.“Belə bir qanun layihəsi Aİ-nin namizəd ölkədən gözlədiyi standartlara uyğun deyil. Bu dəyərlərə sadiqlik müzakirə mövzusu ola bilməz. Kimin ağlına gəlirsə ki, belə bir qanun Moldova üçün yaxşı ideyadır, qoy Avropa İttifaqının bu bəyanatını diqqətlə oxusun”, – deyə səfir qeyd edib. O, paylaşımına Gürcüstan parlamentinin oxşar qanun layihəsini qəbul etməsi ilə bağlı Aİ-nin tənqidi bəyanatını da əlavə edib.

Xatırladaq ki, müxalifət bu qanun layihəsini parlamentin bürosuna təqdim edib. Layihənin müəllifləri bildirir ki, bu sənəd "xarici maliyyə alan fiziki və hüquqi şəxslərin, eləcə də onların Moldovanın siyasi, iqtisadi, sosial və təhsil həyatında iştirakının şəffaflığını təmin etmək" məqsədi daşıyır. Layihəyə əsasən, ümumi gəlirinin 50 faizindən çoxu xaricdən maliyyələşən və ölkənin ictimai həyatında iştirak edən şəxslər və qurumlar “xarici agent” sayılacaq.

Səbinə Uğur 
"Cebheinfo.az"