Futbol faciə ilə bitdi: 56 ölü - VİDEO

Ötən gün Qərbi Afrika ölkəsi Qvineyanın Nzerekore şəhərində yerli futbol komandaları arasında keçirilən oyunda mübahisəli penaltidən sonra münaqişə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, azarkeşlər meydançaya enərkən izdiham yaranıb. Qvineya Baş naziri Amadou Bah Oury verdiyi açıqlamada izdihamda ən azı 56 nəfərin öldüyünü və səlahiyyətlilərin təhlükəsizliyi təmin etmək üçün müdaxilə etdiyini bildirib. Hadisə şahidi hər şeyin hakimin mübahisəli qərarı ilə başladığını bildirib.
Hər iki komandanın azarkeşləri meydana daxil olublar. Meydanda gərginlik artdıqca izdiham yaranıb. Yerli media azarkeşlərin hakimə qəzəblənməsindən və meydançaya daş atmasından sonra polisin gözyaşardıcı qazdan istifadə etdiyini bildirib. Yerli mənbələrin məlumatına görə, yaralılar arasında uşaqlar da xəstəxanaya aparılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Qvineya tarixinin ən böyük qətliamlarından biri stadionda baş verib. 2009-cu ildə paytaxt Konakridə bir stadionda keçirilən müxalifət mitinqində əsgərlərin atəş açması nəticəsində 156 nəfər həyatını itirib.
Ləman İsmayıl
"Cebheinfo.az"