AKP-nin sabiq deputatı: “Müxalifət Ərdoğanı məğlub edə bilməyəcəyini anlayır”- MÜSAHİBƏ

AKP-nin sabiq deputatı: “Müxalifət Ərdoğanı məğlub edə bilməyəcəyini anlayır”- MÜSAHİBƏ

Türkiyədəki seçkilər yaxınlaşdıqca partiyaların strategiyası da məlum olmağa başlayır.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) da seçki kampaniyasına başlayıb. AKP həm prezident, həm də parlament seçkiləri üçün əsas favoritlərdən biridir. Bu səbəbdən də partiyanın hər addımı diqqətlə izlənilir və müzakirə olunur. Türkiyədə son günlər İYİ Partiya, DEVA Partiyası və Məmləkət Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olmasına rəsmən etiraz etdi.

AKP-nin 17 nazirinin millət vəkilliyinə namizəd olması da müxalifətin təpkisinə səbəb olub. Müxalifət hesab edir ki, nazirlər də millət vəkilliyinə namizəd olmaq üçün istefa verməli idi. Lakin iqtidar bununla razılaşmır. Bununla yanaşı, “Cümhur İttifaqı”nın genişlənməsi də aktualdır.

Bütün bunları Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında AKP-nin 22 və 26-cı dönəm millət vəkili olmuş Mustafa Ilıcalı ilə müzakirə etdik.

- Mustafa bəy, seçkidə mübarizə aparacaq 4 namizəd müəyyənləşdi. Seçkilərin ikinci tura qalacağı ehtimalının yüksək olduğu proqnozlaşdırılır. Siz seçki prosesinin necə yekunlaşacağını düşünürsünüz?

-Mən seçkinin ikinci tura qalacağını düşünmürəm. Xüsusilə İYİ Partiyanın “altılı masa”dan gedib, qayıtması və partiyanın nüfuzlu simalarından Yavuz Ağıralioğlunun istefa verməsi “Millət İttifaqı”nın səslərinə mənfi təsir etdi. Həmçinin, Xalqların Demokratik Partiyasının (HDP) “altılı masa”ya dəstək vermək üçün bəlli olmayan istəklərinə görə də bir qarışıqlıq var. üstəlik, Məmləkət Partiyasının sədri Mühərrəm İncənin də birinci turda Cümhuriyyət Xalq Partiyasının (CHP) və İYİ Partiyanın seçicilərindən xeyli səs alacağı gözlənilir.

Bütün bunlara görə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyi qənaətindəyəm. Bunu müşahidələrim və araşdırmalarım zamanı da görürəm. Mən Rəcəb Tayyib Ərdoğanı bələdiyyə sədrliyinə namizəd olduğu dönəmdə tanımışam və etdiklərinə şahid olmuşam. Onun 20 ildə etdiklərini və xəyal belə edilə bilməyəcək işlərin reallaşdırıldığını görmüşəm. Ərdoğanla ölkənin daha da irəli gedəcəyini düşünürəm.

- 14 mayda parlament seçkiləri də keçiriləcək. Bu seçkidə parlamentdəki balansın dəyişəcəyi iddia olunur. üstəlik, “Cümhur İttifaqı” da, “Millət İttifaqı” da genişləməklə bağlı addımlar atır. Sizcə, seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) səs çoxluğu necə dəyişəcək?

- Bu, çox dəyərli seçicilərin verəcəyi səslərdən asılı olacaq. Amma “Cümhur İttifaqı” da genişləndi. İttifaqa qatılan digər partiyaların da buna təsiri olacaq. Mən “Cümhur İttifaqı”nın parlamentdə üstünlüyə sahib olmaq cəhətdən bir problem yaşayacağını düşünümürəm.

- Bəzi statistikalara görə, AKP-də bu ilin millət vəkilliyi üçün namizəd olanların sayında ötən ilə nisbətən müəyyən qədər azalma var. Bunun səbəbi nədir?

- Əslində ciddi bir azalma yoxdur. Yenə də 600 millət vəkili üçün 10 qatdan da artıq müraciət var. Hətta vətəndaşların və təşkilatların tanımadığı bir çox insan da namizəd olub. Məsələn, mənim bölgəm Ərzurumda 126 nəfər AKP-nin millət vəkili olmaq üçün müraciət edib. Normalda buradan 6 vəkilimiz seçilir. Yəni sadəcə Ərzurumda namizəd olanların sayı millət vəkili sayından 20 dəfə çoxdur. Əlbəttə, bu, mükəmməl göstəricidir. Anketlərə və xalqın dəstəyinə də baxmaq lazımdır. Rəcəb Tayyib Ərdoğan demək olar ki, hər gün zəlzələ bölgəsini ziyarət edir. Məncə, bu seçkidə əsas prioritet zəlzələnin fəsadlarını aradan qaldırmaq olacaq.

Binaların tikintisinin tezliklə başa çatması üçün böyük səy göstərilir. Hazırda 50 mindən çox evin tikintisi davam etdirilir. Millət də “bunu edərsə, Ərdoğan edər” fikrinə sahibdir. Rəcəb Tayyib Ərdoğanın keçmişdəki uğurlu işləri də buna təsir edən əsas amillər sırasındadır. Həmçinin, vətəndaşların problemini həll etmək və minimum əmək haqqının artılması ilə bağlı da işlər davam etdirilir. Hesab edirəm ki, vətəndaş hər şeyi gördüyü üçün prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana, parlament seçkilərində isə “Cümhur İttifaqı”na səs verəcək.

- İki dönəm AKP-nin millət vəkili olmusunuz. Son dönəmlərdə yenidən namizəd ola biləcəyiniz barədə iddialar səsləndirilir. Belə bir ehtimal varmı?

- Mənim namizəd olub-olmayacağım önəmli deyil. Mən hər gün seçki kampaniyası üçün çalışıram, amma bunları millət vəkili olmaq üçün etmirəm. İki dönəm millət vəkili olmuşam. Qalan dönəmlərdəki çalışmalarımda da heç bir dəyişiklik olmayıb. Önəmli olan ölkənin qazanmasıdır. Bunun üçün də AKP “Cümhur İttifaqı” ilə qazanmağa davam etməlidir. Əgər Prezident və partiyanın İdarə Heyəti uyğun görsə, millət vəkili olmağımın önündə heç bir əngəl yoxdur. Lakin millət vəkili olsam da, olmasam da çalışmalarımda heç bir şey dəyişməyəcək. Mənim əlim hər zaman “daşın altında”dır.

- “Cümhur İttifaqı” genişlədikdən sonra koalisiyaya daxil olan yeni partiyaların parlament seçkilərində hansı formada mübarizə aparacağı da müzakirə olunur. Bu proses necə həyata keçəcək?

- Parlament seçkilərinə ittifaqda olan hər partiya öz loqosu ilə girəcək. Onsuz da ittifaq formalaşanda səs baryeri keçilir. Partiyaların bölgələrdə aldığı səs millət vəkili sayı üçün yetərli olursa, millət vəkili namizədləri çıxara bilirlər. Hazırda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkət Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Yenidən Rifah Partiyası (YRP) “Cümhur İttifaqı”nda olduğunu açıqlayıblar. Ona görə Yenidən Rifah Partiyası ilə Böyük Birlik Partiyası da parlament seçkilərində öz loqoları ilə mübarizə aparacaq. Yəni ittifaqda olduqlarına görə səs baryeri problemi ilə qarşılaşmırlar. Amma “Millət İttifaqı”nda CHP və İYİ Partiyadan başqa digər partiyalar heç bir bölgədə yetərli səs ala bilmədiyi üçün öz loqoları ilə parlament seçkilərinə girə bilməyəcəklər.

- Hür Dava Partiyası (HüDA PAR) “Cümhur İttifaqı”na qatılmasa da, onların millət vəkilləri namizədlərinin AKP siyahısında mübarizə apara biləcəyi açıqlanıb. Yəni nə üçün HüDA PAR ittifaqa qatılmadı və bu addım atıldı?

- HüDA PAR önəmli bir partiyadır, amma onların səsi “Cümhur İttifaqı”ndakı yeni partiyaların səsindən azdır. Buna görə də onların millət vəkili namizədləri AKP siyahısında mübarizə apara bilərlər. Yəni bu barədə qərarı iki partiya qarşılıqlı şəkildə verəcək. Hələ ki, yekun qərar verilməyib. Bu da HüDA PAR-ın Prezidentə dəstək verdiyini göstərir. Onlar demokratik siyasət həyata keçirirlər. Hətta keçən seçkilərdə də Rəcəb Tayyib Ərdoğana dəstək vermişdilər. ümumiyyətlə, HüDA PAR-ın HDP kimi hansısa qanunsuz fəaliyyəti də yoxdur.

- Bəzi partiyalar Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinə rəsmən etiraz etdi. Lakin Ərdoğanın namizədliyinin önündə hüquqi bir əngəl olmadığı açıqlandı. Bəs müxalifət nə üçün bu addımı atdı?

- Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olmasının önündə hüquqi cəhətdən heç bir əngəl yoxdur. Mən prezident üsul-idarəsinə keçid olanda parlamentdə idim. Prezidentimizin hüquq məsləhətçiləri, nazirlər və hər kəs bilir ki, Ərdoğan yeni sistemdə hələ birinci dönəmini bitirib. Yəni müxalifət partiyalarının bu istiqamətdəki addımları hüquqi deyil, siyasidir. Onlar Ərdoğanı məğlub edə bilməyəcəklərini anladıqları üçün belə yollara əl atırlar.

-17 nazirin millət vəkilliyi üçün namizəd olmasının da hüquqi cəhətdən mümkün olmadığı deyilir. Onların namizədliyinin önündə hansısa hüquqi əngəl var?

- 17 nazirin istefa verməli olduğu iddiası da gerçək deyil. Çünki hansı qurumda çalışanların millət vəkilliyinə namizəd olmaq üçün istefa verəcəkləri bəllidir. Müxalifət öz içindəki problemləri həll edib, millətə daha çox güvən verəcək layihələr açıqlamaq əvəzinə, yenə də AKP üzərindən siyasət aparır. Onlar AKP-dən çəkinirlər. Son dönəmlərdə “Cümhur İttifaqı”nın səslərinin artması, “Millət İttifaqı”nın səslərinin azalması bu tip addımlara səbəb olur. Lakin millət hər şeyi görür və 14 maydakı seçkilərdə öz sözünü sandıqda deyəcək. Hər kəsin bunu qəbul etməyi lazımdır.

- Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə, Türkiyənin xarici siyasətində hansı dəyişikliklər yaşanacaq?

-Türkiyən xarici siyasətində qardaşları ilə münasibətlərin inkişafını davam etdirəcək. Təbii ki, ən başda can dostumuz, qardaşımız, yaxşı və pis gündə birlikdə olduğumuz Azərbaycan gələcək. Həmçinin, Rusiya-Ukrayna müharibəsi fonunda “taxıl dəhlizi”nin açılması üçün əlindən gələni edən və iki ölkə ilə dialoqlarını davam etdirən tək ölkə olan Türkiyə bu istiqamətdə də addımlarını davam etdirəcək. Xarici siyasətimizdə bu günə qədər tətbiq etdiyimiz siyasətin davamı olacaq.

Həm Türkiyənin, həm də dünyanın mənfəəti üçün qardaşlarımızla olan birlik və bərabərliyimizin artacağını düşünürəm. Rəcəb Tayyib Ərdoğanın seçkilərdə yenidən qələbə qazanması Türkiyənin özünə, qardaş ölkələrə və dünyaya çox böyük üstünlük gətirəcək. Terrora və düşmənlərimizə qarşı verəcəyimiz amansız mübarizə davamlı olacaq.

Elmir Mustafa
Cebhe.info