İYİ Partiyanın İstanbul Bələdiyyəsindəki nümayəndəsi: “Akşenerlə Kılıçdaroğlu arasında gərginlik...” - EKSKLÜZİV MÜSAHİBƏ

İYİ Partiyanın İstanbul Bələdiyyəsindəki nümayəndəsi: “Akşenerlə Kılıçdaroğlu arasında gərginlik...” - EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyədə prezident seçkiləri öncəsi siyasi gündəm olduqca gərgindir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizəd olmaq istədiyi, buna isə İYİ Partiyanın qarşı çıxdığı ehtimal olunur. Hətta Meral Akşener və Kamal Kılıçdaroğlu arasında gərginlik olduğuna dair iddialar da var. Xüsusilə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı verildikdən sonra bu gərginliyin daha da artıdığı söylənilir. Həmçinin, “Millət İttifaqı”nın namizədinin kim olacağı gündəmin əsas müzakirə olunan məsələləri sırasındadır.

“Millət İttifaqı”nın seçki hazırlığını və siyasi cameədəki son vəziyyətlə bağlı Cebhe.info-nun suallarını İYİ Partiyanın İstanbul Böyük Şəhər Bələdiyyəsindəki nümayəndəsi, Qrup sədrinin müavini İbrahim Özkan cavablandırıb.

- İbrahim bəy, son zamanlarda İYİ Partiya sədri Meral Akşener ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında gərginlik yaşandığına dair iddialar var. Deyilənlər nə dərəcədə doğrudur?

- “Altılı masa” içərisində hər hansısa bir gərginlik yoxdur. Əkrəm İmamoğlu barəsində həbs qərarının açıqlandığı gün mən də məhkəmə zalında idim. Məhkəmə qərarı vermək üçün 3 saatlıq fasilə verdi. Həmin anda şöbə rəhbərimiz Meral xanıma məlumat verdi. O da vəziyyəti hiss etdiyi üçün təcili şəkildə İstanbuldan Ankaraya gəldi. ümumiyyətlə, Əkrəm İmamoğlu “Millət İttifaqı”nın bələdiyyə sədridir. Yəni İYİ Partiya sədrinin gəlib ona sahib çıxmasından və çıxış etməsindən daha təbii bir şey ola bilməz. Gecə yarısı isə Kamal Kılıçdaroğlu, ondan 15-20 dəqiqə sonra da Əhməd Davudoğlu gəldi. Dolayısı ilə hansısa bir gərginlikdən söhbət gedə bilməz. Əslində kənardan göründüyü kimi bir vəziyyət yoxdur. Sadəcə olaraq kənardan belə bir görüntü yaratmağa çalışırlar.

- Bəs Kılıçdaroğlu hər şeyə rəğmən namizəd olsa, İYİ Partiya hansı addımları atacaq?

- Kılıçdaroğlunun özbaşına namizədliyini açıqlamasından söhbət gedə bilməz. Nəticədə, bütün partiya sədrləri “Millət İttifaqı”nın qazana biləcək namizədlə seçimə qatılacağını deyirlər. Yəni Kamal bəy təkbaşına namizəd ola bilməz. Bütün partiyalar qazana biləcək namizəd vurğusu edir. Kamal Kılıçdaroğlu ana müxalifət partiyasının lideri olaraq prezidentliyə namizəd olmaq istəyə bilər. Bu da onun təbii haqqıdır. Lakin qərarı altı lider verəcək. Hazırda Əkrəm İmamoğlu ilə Mansur Yavaşı xalqın etibar etdiyi və qazanmağa daha yaxın namizədlər olaraq görürük. Sorğular keçiriləcək, xalqın rəyi öyrəniləcək və ən doğru namizəd müəyyən olunacaq. Meral xanım deyir ki, “Millət İttifaqı”nın namizədi 13-cü prezident olacaq. Onun Əkrəm və ya Mansur bəy olacağını indidən proqnozlaşdıra bilmirik. Ancaq ən doğru qərar veriləcək. Hələ ki, Türkiyədə seçki prosesi başlamayıb. Seçki vaxtı elan edildikdən sonra “Millət İttifaqı” da namizədini müəyyən edib, açıqlayacaq.

- Siz də “qazana biləcək namizəd”i vurğuladınız, son zamanlar bu ifadə çox istifadə olunur. Xüsusilə Kamal Kılıçdaroğlunun “qazana bilməyəcək namizəd” olduğuna dair açıqlamalar verilir. Siz də eyni düşüncədəsiniz?

- Xalq arasında Kamal Kılıçdaroğlu bir az zəif rəqib olaraq görünür. Mənim Kamal bəylə bağlı “Qazana bilməz” demək kimi bir şansım yoxdur və elə bir şey söyləyə bilmərəm. ümid edirəm ki, doğru bir qərar verilər. Amma anketlərə baxılacaq və diqqətlər qazanacaq namizəd üzərində cəmlənəcək. Meral Akşenerin də demək istədiyi məhz budur. Yəni “Millət İttifaqı” bir partiyanın sədrini namizəd etmək üçün qurulmayıb. Qazanacaq namizəd olması önəmlidir.

“Altılı masa”nın gördüyü çox böyük işlər də var. İqtisadiyyat, hüquq, xarici siyasət, kənd təsərrüfatı, təhsil, tibb və bir çox sahədə çalışmalar aparılır. Həmçinin, konstitusiya ilə bağlı da işlər həyata keçirilib. Əslində ümumi olaraq sistem üzərində çalışma aparılıb. “Altılı masa” ölkənin təkrar parlament idarə üsuluna daha da gücləndirilmiş halda dönəcəyini vəd edir. Bu qədər çalışmanı hədər edə bilməzsiniz. Bunları həyata keçirmək üçün isə öncə prezidentlik mübarizəsini qazanmaq lazımdır. Ona görə də doğru namizədlə seçkiyə gedilməsinin vacibliyi vurğulanır. Vaxtı gələndə anketlərə baxılacaq. Əgər Kamal Kılıçdaroğlunun səsi aşağı olsa, ciddi bir dövlət adamı olaraq gerçəyi görə bilər. Bəlkə də qazanacaq namizəd olaraq onun adı ön plana çıxacaq. Lakin bunu indidən proqnozlaşdırmaq çətindir. Biz “Kılıçdaroğlu qazana bilməz” demirik, “Qazanacaq namizədi müəyyən edəcəyik” deyirik.

- “Millət İttifaqı”nın namizədi nə zaman açıqlanacaq?

- Təxminən bir ay içərisində bu məsələ öz təsdiqini tapacaq. Yanvar ayında “Millət İttifaqı”nın namizədinin kim olacağı ilə bağlı ortaq məxrəcə gəlinəcəyini düşünürəm. Çünki sistem üzərindəki çalışmalarımız bu ayın sonu bitəcək. Önümüzdə isə sadəcə prezidentliyə namizədin kim olacağını müəyyən etmək qalır. Liderlər mütləq şəkildə əllərindəki məlumatlara əsasən ortaq bir qərar verərək, Türkiyənin 13-cü prezidenti vəzifəsinə namizəd olacaq şəxsi müəyyən edəcəklər.

- İndiyə qədər İYİ Partiyanın bir çox üzvü dəstəklədikləri namizədlərin adını çəkiblər. Daha çox Mansur Yavaş, Əkrəm İmamoğlu və Meral Akşenerin namizədliyini dəstəkləyən fikirlər eşitmişik. Sizin könlünüzdəki namizəd kimdir?

- Mənim könlümdəki namizəd partiya sədrimiz Meral Akşenerdir. Amma o da prezidentliyə namizəd olmayacağını açıqlayıb. Buna görə də onun iradəsinə hörmət edəcəyik. Hazırda adıkeçən namizədlərin hamısı çox qiymətlidir. Yəni Kamal Kılıçdaroğlu da, Əkrəm İmamoğlu da, Mansur Yavaş da çox qiymətli insanlardır. Düşünürəm ki, hansısa nəticə əldə olunacaq. Bəlkə də masadakı liderlərdən birinin namizədliyinə qərar veriləcək. Hətta kənardan bir şəxs də namizəd ola bilər. Hər kəs öz namizədini masaya gətirəcək və müzakirə olunacaq. Önəmli olan qazanacaq namizədin müəyyən olunmasıdır. Sadəcə “Mən namizəd olmalıyam” kimi bir mövqe sərgiləmək olmaz. Biz tək bir namizəd üzərinə fokuslanacağıq. Qazanacaq namizəd Kamal Kılıçdaroğlu, Əkrəm İmamoğlu, Mansur Yavaş, Meral Akşener, Əhməd Davudoğlu, Əli Babacan və ya kim olacaqsa, ona qərar verəcəyik. Düşünürəm ki, anketlərdən çıxacaq nəticəyə əsasən bir qərar veriləcək.

- Prezident Rəcəb Tayyib Ərdoğanın Meral Akşenerə “altılı masa”dan ayrılması ilə bağlı bir neçə dəfə çağırışı olub. Akşener isə bütün bu təklifləri hər dəfə geri çevirib. Bəs “Millət İttifaqı”ndan yaracanacaq hansısa kriz ehtimalında İYİ Partiyanın “altılı masa”dan ayrılması və hətta “Cümhur İttifaqı”nda qatılması gündəmə gələ bilərmi?

- Belə bir ehtimal qətiyyən yoxdur. Meral xanım Milliyətçi Hərəkat Partiyasının (MHP) deputatı olanda Rəcəb Tayyib Ərdoğan tərəfindən ona nazirlik təklif edilmişdi. Lakin o dönəmdə bu təklif qəbul edilmədi. İYİ Partiyanın qurulmasında da çox əngəllərlə qarşılaşıldı və təhdidlər oldu. Meral Akşener buna rəğmən, geri addım atmadı.

Meral xanım özü-sözü bir insandır. Bu gün İYİ Partiya iqtidara müxalif olaraq, ölkənin təkrar quruluş parametrlərinə dönməsi üçün seçicilərinə vədlər verib. Dolayısı ilə Meral Akşenerin Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul etməsi mümkün deyil. Bu, partiyamızın quruluş fəlsəfəsinə ziddir.

- Son olaraq “Millət İttifaqı” ilə Xalqların Demokratik Partiyası (HDP) arasında ittifaq ola biləcəyi iddiası ilə bağlı fikrinizi bilmək istərdik. İYİ Partiyanın HDP-yə qarşı mövqeyi bəllidir, amma kürd seçicilərin səsinə görə “altılı masa” ilə hansısa formada bir işbirliyi əldə olunacağına dair ehtimallar səsləndirilir. İYİ Partiyanın bu iddialara münasibəti necədir? Bu, baş verəcəyi təqdirdə, partiyanız hansı addımı atacaq?

- Biz HDP ilə ittifaqa qarşıyıq. Çünki onları duruşu və bizim onlara baxışımız bəllidir. HDP-nin olduğu bir ittifaqın içərisində İYİ Partiya qətiyyən ola bilməz. Əgər HDP bu gün PKK-nın terror qruplaşması olduğunu deyə bilmirsə, bizim üçün yox hökmündədir. İYİ Partiya demokratik inkişafçı və milliyətçi bir partiyadır. Fəqət HDP siyasi partiyadır və onlara strategiya baxımından səs verən insanlar ola bilər. Həmin insanların müstəqil iradəsini heç kim əngəlləyə bilməz.

Amma mən HDP-ni kürdlərin təmsilçisi olaraq görmürəm. Həm bizim partiyamız, həm də digər partiyaların içərisində çox qiymətli və vətənpərvər kürd vətəndaşlarımız var. Əgər HDP Türkiyə siyasəti içərisində var olmaq istəyirsə, PKK-nı terror qruplaşması olaraq tanımalı və cəmiyyətin hər təbəqəsini qucaqlayan bir ideologiyada olmalıdır. Hazırda isə HDP-nin qoşulduğu bir ittifaq onsuz da var. Onların liderliyində altı partiyanın formalaşdırdığı “Əmək və Azadlıq İttifaqı”nı qurulub. Seçkinin ikinci tura qalacağı təqdirdə isə iki namizəd arasında mübarizə gedəcək. O zaman seçicilər öz müstəqil iradələri ilə səs verə bilərlər.

Elmir Mustafa
Cebhe.info