Deputatdan Şvabeyə cavab: “Azərbaycanın siyasi reallıqları ilə heç uzlaşmır"

Deputatdan Şvabeyə cavab: “Azərbaycanın siyasi reallıqları ilə heç uzlaşmır"

Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə Azərbaycan əleyhinə sərsəm ittihamları ilə diqqət mərkəzinə düşüb.

O, “Azadlıq Radiosu”na müsahibəsində guya Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını iddia edib. Əlbəttə ki, Şvabenin bu sözləri birmənalı qarşılanmayıb.

Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Frank Şvabenin fikirləri həqiqəti əks etdirmir:

“Onun Azərbaycanda “real müxalifət partiyalarının olmadığı” ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın daxili siyasi reallıqları ilə tam uzlaşmır və birtərəfli yanaşma təsiri bağışlayır. Bu, elə ilk baxışdan görünür.

Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox postsovet ölkələri kimi mürəkkəb transformasiya mərhələsindən keçib.Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi, regionda təhlükəsizlik çağırışları və iqtisadi sabitliyin qorunması dövlətin əsas prioritetləri olub.Yəni, bu şərtlər daxilində siyasi institutların inkişafı və demokratik proseslərin davamlılığı çətinliklərlə üzləşib”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda çox sayda müxalif partiya mövcuddur:

“Üstəlik, onların siyasi sistemdə iştirakı üçün bütün hüquqi mexanizmlər təmin olunub. Müxalifətin fəaliyyət imkanlarının məhdudluğu isə ilk növbədə, ictimai dəstəyin zəifliyi, təşkilati resursların məhdudluğu və alternativ siyasi gündəmin formalaşmasını təşkil edə bilməməyimizə bağlıdır. 

Həmçinin, bir çox hallarda müxalifət partiyalarının parçalanmış və təmərküzləşməmiş şəkildə çıxış etməsi onların ictimai və siyasi nüfuzuna mənfi təsir göstərir. Siyasi sistemin inkişafı yalnız normativ yanaşmalarla deyil, həm də tarixi, mədəni və sosial kontekstə uyğun şəkildə qiymətləndirilməlidir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın inkişaf yolunu Avropa demokratiya modelləri ilə müqayisə edərkən, fərqli geosiyasi şərtlər və cəmiyyətin özünəməxsus siyasi prioritetləri nəzərə alınmalıdır:

“Azərbaycan qarşılıqlı hörmətə əsaslanan beynəlxalq dialoqu dəstəkləyir və konstruktiv tənqidləri qəbul etməyə də hazırdır.Bu, hər zaman belə olub və Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığın ciddi tarixçəsi var. Lakin tənqidlər obyektiv, balanslı və ölkənin daxili dinamikalarını nəzərə alan əsaslara söykənərsə ədalətli olar.

Beynəlxalq tərəfdaşlar bu cür yanaşmalarının ölkədaxili dialoqa töhfə verməsi üçün daha məsuliyyətli olmalı, konstruktiv yanaşma ortaya qoymalı və düzgün qiymətləndirmə aparmalıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”