Növbəti “Qisas”: “Sonuncu erməni silahlısı qalana qədər…”

Növbəti “Qisas”: “Sonuncu erməni silahlısı qalana qədər…”

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində əsgərimiz Kazımov Anar Rüstəm oğlu şəhid oldu.

Bunun ardınca isə Azərbaycan Ordusu “Qisas” adlı əməliyyata başlayaraq, şəhidimizin intiqamını aldı.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görüldüyü açıqlanıb.

Həmçinin, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endiridiyi bildirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Müdafiə Nazirliyi son yaydığı açıqlamada isə Ordumuzun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlik olduğu vurğulanıb.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan tərəfinə təxribatlarını dayandırmaları barədə dəfələrlə xəbərdarlıq edib. Lakin ermənilər yenə də öz çirkin əməllərini həyata keçirməyə davam ediblər. Nəticədə Azərbaycan daha öncə də dediyi kimi lazımi cavab tədbirlərini gördü və şəhidinin qanını yerdə qoymadı.

Azərbaycan Ordusu bir daha sübut etdi ki, istənilən təxribata qarşı daim anında cavab verməyə və düşmənin başını əzməyə hazırdır. Bundan sonra da antiterror əməliyyatları davamlı olacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, əməliyyatın keçirilməsi və ona “Qisas” adının verilməsi olduqca qürurvericidir:

“Biz antiterror əməliyyatlarının həyata keçirilməsinin vacibliyini artıq uzun müddətdir ki, deyirik. Son dönəmlərdə isə bunun mütləq mənada olmasını vurğulayırdıq. Dünənki antiterror əməliyyatının adının “Qisas” olması da Azərbaycan dövlətinin öz əsgərinə verdiyi qiymətdir. Bu, Azərbaycan Ordusunun öz əsgərinin qanını yerdə qoymaması ilə bağlı ortaya qoyduğu iradədir. Bu, həmçinin, dövlətin siyasi iradəsi və Ordumuzun əzmidir. Düşünürəm ki, antiterror əməliyyatları birmənalı olaraq davam etdirilməlidir. Çünki üçtərəfli Bəyannamənin altında Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzası var. Amma onlar bu dövr ərzində ən azından həmin imzalara da hörmət etməyiblər. Sülhməramlı adlandırılan rus hərbçiləri erməni terrorçularının ərazilərimizdən çıxarılmasına vəsilə olmayıblar. Eyni zamanda, erməni tərəfi də orada terrorçularını saxlamağa davam edir. Bütün bunların qarşısı alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət bundan əvvəl keçirilən müşavirədə fikrini ifadə etdi ki, ermənilər konkret olaraq desinlər ki, həmin hərbçiləri çıxarmırıq, biz də öz işimizi bilək”.

Partiya sədri qeyd edib ki, Azərbaycan əsgərinin şəhid olması artıq son damla idi və qisas alındı:

“Hesab edirəm ki, bundan sonra həm şəhid verməmək, həm də mülki və hərbi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün mütləq mənada antiterror əməliyyatı həyata keçirilməlidir. Azərbaycan ərazilərində olan sonuncu qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq zərərsizləşdirilməlidirlər. Biz bu addımların atılacağını gözləyirik”.

Elmir
Cebhe.info