Sülh adı ilə savaş mesajı

İranın 2022-ci ildə Azərbaycan sərhədinə yaxın ərazidə keçirdiyi genişmiqyaslı hərbi təlimlər və bu təlimlər çərçivəsində Araz çayı üzərində müvəqqəti körpü inşa etməsi regionda sülhə yönəlik mesajdan daha çox, strateji xəbərdarlıq xarakteri daşıyır.
Bu hərəkət xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” diviziyasının iştirakı ilə həyata keçirildiyi üçün Tehran rəhbərliyinin məsələni nə qədər ciddi qəbul etdiyini ortaya qoyur.
İranın narahatlığının kökü nədir?
Norduz bölgəsi coğrafi baxımdan böyük dövlətlərin diqqətində olan nöqtələrdən biridir. Bu bölgə İran, Ermənistan və Azərbaycanın Naxçıvan bölgəsinin qovşağında yerləşir və son illər Cənubi Qafqazda gedən proseslər fonunda İran üçün strateji əhəmiyyət daşıyır. Tehran rəhbərliyi açıq şəkildə bildirir ki, Cənubi Qafqazda sərhəd dəyişikliklərinə qarşıdır. Bu, təkcə Ermənistanla olan münasibətlərdən qaynaqlanmır. İran üçün əsas məsələ Zəngəzur dəhlizinin mümkün açılması ilə Türkiyə və Azərbaycanın birbaşa quru bağlantı əldə etməsidir. Bu ssenari İranın geosiyasi mövqeyini zəiflədə, onun həm enerji, həm də ticarət yollarına nəzarətini məhdudlaşdıra bilər.
İranın ali rəhbəri Əli Xameneyinin 2024-cü ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı sərhəd məsələlərinə xüsusi vurğu etməsi və daha sonra bu mövqenin parlament sədrinin dili ilə də təkrarlanması, Tehranın bu məsələyə “dövlət strategiyası” səviyyəsində yanaşdığını göstərir. İran tərəfi hesab edir ki, əgər Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlarla Zəngəzur dəhlizini güc yolu ilə açmağa çalışsa, bu, yalnız Ermənistanın deyil, həm də İranın təhlükəsizlik maraqlarına birbaşa təhdiddir. Belə bir dəyişiklik Tehranın Şimal-Qərb sərhədlərində regional balansı dəyişə bilər və bu da İran üçün qəbuledilməzdir.
Sadəcə təlim, yoxsa siqnal?
Təlimlər zamanı İran rəsmilərinin “sərhəd təhlükəsizliyi” ifadəsini tez-tez işlətməsi isə Azərbaycan tərəfinin mümkün hərbi addımlarına qarşı açıq siqnaldır. Rəsmi Tehran bu cür nümayişlə həm də Moskva və Ankaraya regionda “hələ ki, biz də varıq” mesajı verir. Ermənistan-İran üçün “bufer zona” İranın Ermənistanla yaxın münasibətləri son illərdə daha da intensivləşib. Bu münasibət təkcə siyasi səviyyədə deyil, iqtisadi və təhlükəsizlik müstəvisində də dərinləşib.
Ermənistan İran üçün Qafqazda “bufer zona” rolunu oynayır və Tehran bu zonada hər hansı bir dəyişiklik ehtimalını öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. İranın sərhəd yaxınlığında keçirdiyi hərbi təlimlər, rəsmi bəyanatlar və Ermənistanla artan təmaslar göstərir ki, Tehran Cənubi Qafqazda istənilən dəyişiklik ssenarisinə hazırdır və lazım gəldikdə bunu hərbi vasitələrlə önləmək niyyətindədir. Bu səbəbdən, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək gərginlik fazası təkcə iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasını təhdid edə bilər. İranın mövqeyi isə bu arxitekturanın formalaşmasında həlledici rol oynayacaq.
Problem nədən başladı?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, politoloq Mətin Məmmədli "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, İran rəsmiləri dəfələrlə Cənubi Qafqazın sərhədlərinin dəyişdirilməsinə və ərazi dəyişikliyinə qarşı olduqlarını bildiriblər:
"Lakin paradoksal bir vəziyyət yaranır ki, İran dövləti Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdə və ya etdikdən sonra belə qətiyyətli mövqe nümayiş etdirməyib. O zaman rəsmi Tehran Ermənistanın təcavüzünü pisləmirdi və işğalçı dövlətə qarşı sərt münasibət sərgiləmirdi. Əksinə, Ermənistanın blokadadan çıxması üçün İranın dəstəyi olduğunu gördük.
30 il ərzində Azərbaycan torpaqları işğal altında qalıb və işğal dövründə İranın sərgilədiyi mövqe, sadəcə formal bəyanatlardan uzağa getməyib. Lakin II Qarabağ müharibəsindən sonra rəsmi Tehran bölgədə tamamilə fərqli bir mövqe nümayiş etdirməyə başladı və bildirildi ki, bölgədə sərhədlər dəyişməməlidir. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşmaq və xüsusilə ərazi bütövlüyünün qorunmasıdır.
Ancaq bəzi dairələr, xüsusilə də İranda, hələ də Azərbaycanı hansısa bir formada ərazi dəyişikliklərinə müdaxilə etmək istəyən bir ölkə kimi görürlər. Bu yanaşmaların heç bir hüquqi əsası yoxdur və təəssüf ki, II Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində bir sıra ciddi problemlər meydana gəldi. Bu problemlərin əsas səbəbi isə İranın yanaşması və rəsmi Tehranın mövqeyidir”.
İran Ermənistanı da “oyuna gətirir”
Politoloq vurğulayıb ki, II Qarabağ müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar formalaşsa da, rəsmi Tehran bu yeni reallıqları qəbul etməkdə çətinlik çəkdi:
"2022-ci ildə və 2023-cü ildə İran-Azərbaycan arasında ciddi problemlər baş verdi və bu problemlər fonunda Sepah, Ermənistan-İran sərhədində, Azərbaycan sərhədində, eləcə də yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirdi. Həmçinin, Araz çayı üzərində körpülər inşa edildi və s. Bütün bunlar, əlbəttə ki, münasibətlərdəki problemləri daha da dərinləşdirdi. Son zamanlar isə Azərbaycan-İran münasibətlərində müəyyən normallaşma müşahidə edilir və qarşılıqlı səfərlər var.
İranda hakimiyyət dəyişikliyi, xüsusilə də prezident dəyişiklikləri münasibətlərin normallaşmasına təkan verib. Azərbaycan da bütün qonşularıyla, o cümlədən İranla münasibətlərin yaxşılaşdırılmasına çalışır. İranla tarixən əlaqələrimiz var, orada milyonlarla soydaşımız yaşayır və iqtisadi, ticari qarşılıqlı maraqlarımız mövcuddur. Bu əlaqələrə böyük önəm veririk və Azərbaycan-İran yaxınlaşmasını dəstəkləyirik.
Ancaq buna baxmayaraq, xüsusilə İranda müəyyən dairələr zaman-zaman münasibətlərin korlanması üçün addımlar atır. Bu dairələrin səhv yanaşmaları və fikirləri, xüsusilə də Ermənistanla olan yaxın təmasları Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir. Görünən odur ki, İran öz geosiyasi maraqlarını güdərək, Ermənistan vasitəsilə Azərbaycanla olan əlaqələrini zəiflətməyə çalışır. Hər halda, İranın Ermənistana xüsusi əhəmiyyət verməsinin bir çox səbəbi var və əsas səbəb, şübhəsiz ki, siyasi xarakterlidir. Təəssüf ki, bu yanaşmalar, həm də Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir".
Səbinə Uğur
"Cebheinfo.az"