Pul, yoxsa şagird?

“2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub”.
Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.
O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:
"Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü açıqlamışdı.
Bu gün məktəblərin optimallaşdırılması da birmənalı qarşılanmır. Eyni zamanda şagird sayı azlıq təşkil edən məktəblər üçün yüksək məbləğdə vəsait ayırmaqdansa, daha az məbləğdə vəsaitlə servis təşkil edərək şagirdlərin digər kəndin məktəbinə aparılması da məqsəduyğun sayılır.
Məktəblərin optimallaşdırılması bu sahədə problemləri həll edəcəkmi?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, ölkədə 4432 orta ümumtəhsil məktəbi var və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır:
“Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin “Təhsil haqqında” Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur.
Ancaq bəzi məktəblər var ki, orada şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır. Ancaq biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər.
Bəzi rayonlarda kifayət qədər az sayda şagird var ki, bu da optimallaşmağa getməyə məcbur edir. Bu gün bizim orta ümumtəhsil məktəblərində bir məqam var ki, dövlətin adambaşına düşən maliyyələşməsi necə hesablanır? Düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin.
Ona görə ki, həmin məktəbdə 2 müəllim var və onlar da şagirdlərə tam stavka dərs demirlər. Onların dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı ayıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz.
Həmin binanın elektrik, istilik xərclərini də hesablasaq, 15 manatı aşmayacaq bir məbləğ ortaya çıxır. Hər zaman müzakirə predmeti olub ki, məktəb avtobusları təşkil edilməklə bu kimi xərcləri azaltmaq olar.
Məsələn, Qubada 3-4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə,ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bu dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan o məktəblərin optimallaşması uyğun deyil”.
Ekspertin fikrincə, bununla yanaşı Bakı şəhərində yeni məktəblərə ehtiyac var:
“Ancaq elə bölgələr var ki, birləşdirmək, məsələn, Mərkəzi aran rayonunda olan məktəblərdə bu optimal ola bilər. Ancaq biz 1 şagirdi olan məktəbi bağlamaqla heç də vəsaitə qənaət etməyəcəyik. Əksinə, o şagird bəlkə də sabahın bir naziri, mütəxəssisidir.
Yəni dövlətin oraya xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir. Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə, optimallaşmaya gedəcəyik, bu birmənalıdır.
Ancaq biz bunu heç də məktəbləri bağlamaq vasitəsi ilə etməməliyik. Düşünürəm ki, həmin məktəblərdə müvəqqəti olaraq şagirdləri köçürmək olar, ancaq tam şəkildə köçürmək effekt verməyəcək”.
Nigar Abdullayeva
“Cebhe.info”