Bu gün nə olacaq? - Bakıdan mühüm mesaj 

Bu gün nə olacaq? - Bakıdan mühüm mesaj 

Qərb Ermənistanın istədiyi hərbi dəstəyi verməkdən çəkinməlidir, əks təqdirdə...

Ermənistan aprelin 5-də Baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə Brüsseldə keçiriləcək Üçtərəfli Konfransa böyük ümidlər bəsləyir. Yəni Paşinyan hakimiyyəti Ermənistanın siyasi, hərbi və iqtisadi təzyiqlərindən qorumağa imkan verən təhlükəsizlik təminatları almağa çalışır. Rəsmi İrəvan bu mövqeyini həm də ərazi bütövlüyünə guya Azərbaycandan təhlükə gözlənildiyinə dair arqumentlərlə əsaslandırmağa çalışır.

Yəni Ermənistan Brüssel görüşündə daha çox Qərbdən hərbi dəstək alacağına ümid edir. Paşinyan tərəflər arasında imzalancaq pakta Ermənistana modern silahların verilməsi, silahlı qüvvələrdə islahatların aparılmasına külli miqdarda maliyyə yardımının ayrılmasını və Azərbaycanla sərhədlərin müdafiəsi üçün qarşılıqlı hərbi yardım haqqında razılaşmanın daxil edilməsini istəyir. 

Bununla da Ermənistan Qərbin hərbi müttəfiqinə çevrilərək Azərbaycanla sülh danışıqları masasında əlini gücləndirmək barədə düşünür. Ermənistan Qərbin təhlükəsizlik təminatına həmçinin, Rusiyanın siyasi və hərbi asılığından çıxmaq vasitəsi kimi baxır. Paşinyan bu yolla irəli sürdüyü “təhlükəsizliyin diversifikasiyası” tezisini reallaşdırmaq niyyətindədir. Hələ fevral ayının sonlarında Nikol Paşinyan mart ayında işlərinin çox olduğunu, apreldə isə mühüm siyasi hadisələrin baş verəcəyini demişdi.

Baş nazirin bu görüşü nəzərdə tutduğu istisna deyil. ABŞ Dövlət Departamentinin verdiyi açıqlamlarda isə Üçtərəfli Konfransda Ermənistana əsasən iqtisadi yardımların ayrılması məsələsinə baxılacağı bildirilir. Hətta Ermənistana bir neçə milyard dollar maliyyə yardımının ayrılacağı barədə məlumatlar yayılıb. Ancaq bu vəsaitlərin konkret hansı sahələr üzrə ayrılması çox önəmlidir. 

Çünki Ermənistan həmin vəsaitləri hərbi resurslarının gücləndirilməsinə yönəltmək iddiasındadır. Bu isə adekvat olaraq, müharibə ritorikasının artmasına, “itirilən torpaqlar”ın qaytarılması ümidilə növbəti eskalasiyaya gətirib çıxara bilər. Ona görə də Brüssel görüşü sülh prosesinin gələcəyinə mühüm təsir göstərə bilər. 

Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ-nin Dövlət katibi ilə telefon danışında bu məsələni Antoni Blinkenin diqqətinə çatdırıb. Prezident açıq mətnlə bildirib ki, aprelin 5-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Yəni Ermənistanın silahlanma prosesinə Qərbin hərtərəfli dəstək verməsi sülh sazişi üzrə yaxınlaşmış mövqelərin yenidən müharibə ilə əvəz olunması deməkdir. Paşinyanın siyasi baxımdan, sürüşkən, qeyri-sabit xarakterli hökumət başçısı olduğunu nəzərə alsaq, onun sürətlə manevr edərək hərbi təxribatlara əl atacağını proqnozlaşdırmaq çətin deyil. 

Qeyd edək ki, Paşinyan indiyə qədər istər 2020-ci ildə 44 günlük müharibə zamanı, istərsə də 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistanın məğlub olmasına görə Rusiyanı ittiham edir. Baş nazirin ritorikasına görə, Rusiya Ermənistanı və Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək barədə öhdəliklərini yerinə yetirməyib. Ona görə də Paşinyan Rusiyaya alternativ kimi Qərbin təhlükəsizlik təminatlarını təklif edir. 

Bu baxımdan, Brüssel görüşündə Ermənistan istədiyi nəticəni əldə edə bilsə, bu, ermənilər arasında Azərbaycana qarşı müharibə əlval-ruhiyyəsini gücləndirəcək. Prezident İlham Əliyevin Antoni Blinkenlə telefon danışığı zamanı etdiyi xəbərdarlıq bu məsələdə Qərbin siyasi məsuliyyət daşıdığına dair ciddi mesajları özündə əks etdirir. Bu baxımdan, Brüssel görüşündən sonra hadisələrin inkişafı Azərbaycanın mövqeyinin nəzərə alınmasından çox asılı olacaq. 

Belə ki, sülh müqaviləsinin gələcəyi görüşdə maraqlar balansının qorunmasına bağlıdır. Azərbaycan Prezidentinin telefon danışığı zamanı qeyd etdiyi fikirlər E.Binken və xanım Lyayen tərəfindən imzalanacaq paktın mətninin hazırlanmasında mühüm təsiredici rola malikdir. Qərb sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Ermənistanın istədiyi hərbi dəstəyi verməkdən çəkinməlidir. Əks təqdirdə, həm Avropa İttifaqı, həm də ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar iflasa uğraya bilər. Bu isə tərəflər arasında növbəti münaqişəyə səbəb olacaq. 

Müşfiq Abdulla
“Cebhe.info”