Dörd kənddən əlavə işğal altına qalan ərazi - “Qazançı”

Qazax rayonunun işğal altındakı yeddi kəndinin dördünün ilkin mərhələdə qaytarılması ilə bağlı rəsmi Bakının tələbləri yerinə yetirilməsə, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər.
Çünki 1990-cı ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş səkkiz kənd Azərbaycanın suveren əraziləridir. Rəsmi İrəvan həmin yaşayış məntəqələrindən qoşunlarını çıxartmasa, Azərbaycanın güc yolu ilə əraziləri azad etmək hüququndan istifadə edeə bilər.
Qeyd edək ki, bu barədə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev iki ay öncə yerli telekanallara müsahibəsində açıqlama verib.
Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi Ermənistana birinci mərhələdə Qazax rayonunun anklav olmayan dörd kəndini qaytarmağı təklif edib. Söhbət Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.
Azərbaycana məxsus dörd anklav kəndin qaytarılmasına isə növbəti mərhələdə baxılacaq. Bunlar Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Sədərək rayonunun Kərki kəndləridir.
Xatırladaq ki, bu il yanvar ayının 4-də Ermənistan Xarici İşlər Nazirliyinin sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycana təkliflər göndərdiyinə dair məlumatlar var. Öz növbəsində, Azərbaycan həmin sənədin redaktə olunmuş variantını Ermənistana göndərib. Lakin Ermənistan son iki ayda Azərbaycanın tələblərini yerinə yetirməyib.
Ona görə də Azərbaycan Baş nazirinin müavini, Sərhədlərin Delmitasiyası və Demarkasiyası üzrə dövlət komissiyasının sədri Şahin Mustafayevin xidmətindən martın 9-da verilən açıqlama Ermənistana xəbərdarlıq kimi başa düşülə bilər.
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”-məlumatda belə deyilir.
Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları ilə keçirdiyi görüşdə adıçəkilən kəndlərin Azərbaycana aid olduğunu və onları geri qaytarmağın vacibliyindən danışdığı bildirilir.
İclasda xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. Yəni Ermənistanın dörd kəndi Azərbaycana qaytaracağına dair siqnallar ötürülür. Ancaq Ermənistan bu məsələdə hələ də manipulyasiya edir. Son vaxtlar Ermənistanın 31 kəndinin ərazisinin guya Azərbaycan Ordusunun nəzarətində olduğuna dair Paşinyan hökumətinin iddiaları hələ də işğal altındakı kəndləri qaytarmaqdan yayınmağa hesablanıb.
Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Belə ki, Ermənistan həm 8 kəndin ilhaqına nail olmaq, həm də şərti sərhəddə yerləşən və Azərbaycana məxsus strateji yüksəkliklərə iddiasını həyata keçirmək istəyir.
Hətta Ermənistan 4 kəndi qaytarsa belə, anklav vəziyyətdə olan digər dörd yaşayış məntəqəsini imtina etmək niyyətində görünmür. Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin ötən il noyabrın 20-də keçirilən iclasında yeddi yaşayış məntəqəsinin qaytarılmasının mümkünlüyündən danışarkən “Kərki kəndinin verilməsindən söhbət gedə bilməz” - deyə Azərbaycana qarşı rəsmən ərazi iddiasını elan etmişdi.
Yəni Ermənistan bəzən Gədəbəy rayonunun Başkənd kəndinə iddia etməklə, son vaxtlar isə “31 kənd” məsələsini gündəmə gətirməklə bu problemi ərazi mübadiləsi çərçivəsində həll etməyə çalışır.
Halbuki, işğal altındakı ərazilər anklav və ya qeyri-anklav olmasına baxmayaraq, qeyd-şərtsiz azad edilməlidir. Ona görə də Ermənistanın prosesi gərginləşdirməsi Azərbaycan Ordusunun güc tətbiqindən istifadə yolu ilə əraziləri azad etməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı əraziləri 8 kəndlə yekunlaşmır. Ermənistan Qazax rayonunun anklav olmayan dörd kəndinin ərazisinə daxil olan “Qazançı” dağı və onun ətrafındakı yüksəkliləri də Azərbaycana qaytarmalıdır.
Çünki həmin yüksəkliklər Bağanıs Ayrım kəndi və Quşçu Ayrım kəndləri arasında yerləşir. Ermənistan ordusu adıçəlkilən yüksəklikləri 1999-cu ilin yanvar ayında işğal edib. Ermənilər bu mövqelərədən Quşçu Ayrım kəndini və Məzəm kəndinə gedən yolu atəş altında saxlayır.
“Qazançı” dağı və digər yüksəkliklər həmçinin, Aşağı Əskipara kəndinə də yaxındır. Ona görə də Quşçu Ayrım kəndinin ətrafındakı yüksəkliklər dörd kəndlə bərabər Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri Azərbaycana qaytarılsa da, strateji mövqelər Ermənistan ordusunun nəzarətində qalacaq. Bu isə Quşçu Ayrım, Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri ilə əlaqəni çətinləşdirəcək. Ermənistan isə delimitasiya və demarkasiya prosesində bundan istifadə edərək həmin əraziləri özündə saxlamağa cəhd edə bilər. Bu da öz növbəsində, Bağınıs Ayrım və Quşçu Ayrım kəndlərinin anklav vəziyyətə düşməsi deməkdir.
Oxşar vəziyyət Kərki kəndində də müşahidə olunur. Ermənistan Kərki kəndini Sədərək rayonu ilə birləşdirən “Kərkinin düzü” adlı ərazini və orada yerləşən yüksəkliyi işğal altında saxlayır.
Ümumiyyətlə, 1928-ci ilə qədər tərtib olunmuş bütün xəritələrdə Kərki kəndi anklav vəziyyətdə deyil.
Yalnız 1928-ci ildə rayonların yaradılmasına başladıqdan sonra Şərur-Dərələyəz mahalının torpaqları kimi, Kərki kəndinin ərazisi də qanunsuz olaraq Ermənistan SSR-ə verilib.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1938-ci il 5 may tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistan SSR-in tərkibinə qatılıb. Yalnız bundan sonra kənd Naxçıvan MR-dan ayrı vəziyyətə düşüb. Ona görə də Ermənistan “Kərkinin düzü” adlanan ərazini də geri qaytarmalıdır.
Hazırda Ermənistan 8 kəndi və ətraf yüksəklikləri işğal altında saxlamaqla Azərbaycanın 86,6 min kv.km. ərazi bütövlüyünü tanıdığına dair 1991-ci il Alma-Ata, 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrini pozmuş olur.
Bu isə Ermənistanın həmin razılaşmalardan birtərəfli qaydada imtina etməsi deməkdir. Belə olan təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanıdığı barədə ikitərəfli qaydada imzalanmış Praqa və və Brüssel bəyannamələrindən imtina etmək hüququ var.
"Cebhe.info"