İran "Azərbaycan cəbhəsi"ndən geri çəkildi

İran "Azərbaycan cəbhəsi"ndən geri çəkildi

İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.

Səfir İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşüb. Musəvinin Azərbaycan rəsmiləri ilə iki günlük danışıqlarının nəticələrini İranın xarici işlər nazirinə təqdim etdiyi bildirilir. Qeyd edək ki, İran səfiri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb. Onun Tehrana məhz bu müzakirələrlə bağlı məlumat vermək üçün çağırıldığı iddia edilir. Ancaq səfirlərin məsləhətləşmələr üçün çağırılması beynəlxalq təcrübədə daha çox iki ölkə arasında diplomatik gərginliyin yaranması zamanı baş verir. Bir sıra hallarda isə səfirlərin məsləhələtləşmələr üçün geri çağırılması diplomatik əlaqələrin kəsilməsinə səbəb olur. Azərbayan-İran münasibətlərinin gərginləşməsi fonunda Abbas Musəvinin Tehrana dəvət olunması iki ölkə arasında siyasi ziddiyyətlərin dərinləşdiyini göstərir. Bu da öz növbəsində, Azərbaycan və İran arasında diplomatik münasibətlərin kəsilməsi ehtimalı ilə bağlı suallar yaradıb. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində İranın Azərbaycana qarşı tutduğu mövqedən narahatlığını ifadə edib:

"Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".

Ona görə də İran Prezidenti İbrahim Rəisinin Ankaraya gözlənilən səfəri zamanı Azərbaycanla münasibətlərdə yaranmış gərginliyin də Türkiyə rəhbərliyi ilə danışıqlar predmeti olacağı istisna edilmir.

Politoloq Natiq Miri “Cümhuriyət”ə bildirib ki, Azərbaycan və İran arasında diplomatik münasibətlərin kəsilməsi inandırıcı görünməsə də, yaranmış gərginliyin tezliklə aradan qalxacağını da proqnozlaşdırmaq mümkün deyil:

“Səfir Abbas Musəvinin İrana çağırılmasının diplomatik münasibətlərin kəsilməsinə səbəb olacağı inandırıcı görünmür. Əksinə, düşünürəm ki, bu məsləhətləşmə münasibətlərin tənzimlənməsinə xidmət edir. Çünki İran çox pis vəziyyətdədir. İranın vəziyytinin ağırlaşacağını artıq bu ölkənin hakimiyyəti də anlamağa başlayıb. Eləcə də, Azərbaycanla münasibətlərin pisləşməsi Türkiyə ilə də münasibətlərdə problem yarada bilər. Bu da iqtisadi-ticari əməkdaşlığa ciddi zərbə vurur. Hazırkı sanksiyalar fonunda İran üçün bu qonşu dövlətlərlə düşmən münasibətdə olmaq arzuolunmazdır. Bu baxımdan, İranın Azərbaycanla münasibətləri tənzimləmək istəyi normal qarşılanmalıdır.

Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə münasibətləri qaydaya salmaq üçün konkret hansı şərtləri və istəkləri təklif etdiyi mövcuddur. Hesab edirəm ki, səfir məhz bu məsələləri İranın Xarici İşlər Nazirliyinə çatdıracaq. Bu təkliflər yalnız siyasi və iqtisadi məsələləri deyil, həm də geosiyasi mövzuları da əhatə edir. Çünki bu gün Zəngəzur dəhlizinin açılmasına mane olan səbəblərdən biri də İran amilidir. Ona görə də İran anlayır ki, bu məsələlərdə anlaşma olmasa, Azərbaycanla və Türkiyə ilə münasibətləri tənzimləmk mümkün olmayacaq. Nəticədə, iqtisadi İrana qarşı iqtisadi sanksiyalara daha da intensiv hal alacaq və güclənəcək. Belə olduğu təqdirdə, İranın qonşu müsəlman ölkələrə ehtiyacı yaranacaq. Bu xüsusda, İranın Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri tənzimləməsinə ehtiyacı var. Çünki Türkiyə İranın Azərbaycanla bağlı mövqeyindən ciddi narahatdır. İran Prezidenti İbrtahim Rəisinin yaxın zamanda Ankaraya rəsmi səfəri planlaşdırılır. Ancaq Türkiyə ilə razılaşmaq problemləri tamamilə həll etməyəcək. Çünki məsələlər kompleks şəkildə həll olunmalı və konkret davranışlar müəyyənləşməlidir. Zəngəzur məsələsi də bunlardan biridir. Hesab edirəm ki, səfir Musəvinin məsləhətləşmələr aparmaq üçün İrana çağırılması Azərbaycanla münasibətləri necə tənzimləmək yollarını araşdırmaqdan ibarətdir. Bunun yolları da İran tərəfinə Azərbaycan rəsmiləri səviyyəsində çatdırılıb”.

Ekspert bildirdi ki, İ.Rəisinin Türkiyəyə səfəri zamanı Azərbaycanla münasibətlərin normallaşması məsələsi müzakirə olunsa da, bu razılaşmaların ciddi nəticə verəcəyini söyləmək çətindir. Çünki İranda hökumət ciddi səlahiyyətə malik deyil:

“İran hökumətinin mövqeyi o qədər də güclü deyil. Bu gün İranı idarə edən siyasi güc mərkəzi hökumət deyil, İslam İnqilabı Keşikçiləri Korpusudur. İranda etiraz aksiyaları genişləndikcə, idarəetməni SEPAH-ın generalları ələ alır. Bu da çox təhlükəli vəziyyət yaradır. Bu səbəbdən, İbrahim Rəisi səviyyəsində razılaşmaya nail olunsa belə, bunu problemlərin həlli kimi qəbul etmək çətindir. Çünki bu gün SEPAH-ın qəbul etmədiyi qərarın və ya razılaşmanın həyata keçməsi şansı yoxdur. İran çox pis vəziyyətdədir. Son vaxtlar İran hakimiyyətindəki dini, siyasi və hərbi elitalar arasında parçalanma meyilləri artır. İranda etiraz və parçalanma prosesi sürətləndirkcə hərbi komandanlığın idarəetmədə önə keçməsi müşahidə olunur. İranın dağılmasının və bölünməsinin əsas səbəblərindən biri məhz bu olacaq. Etirazçılara qarşı güc tətbiqi və onların küçələrdə açıq şəkildə güllələnməsi insanlarda qorxunun, xofun aradan qalxmasına gətirib çıxarıb. Fikrimcə, bundan sonra baş verənlər əks-əlaqə ilə İran rejiminin özünə qayıdacaq. Perspektivdə biz İran küçələrində aksiya iştirakçıları ilə hökumət qüvvələri arasında silahlı qarşıdurmanın şahidi olacağıq. Yəni xalq və dövlət arasında atışmalar baş verəcək, İranda silahlı üsyan olacaq.

Ona görə də Rəsinin Türkiyə səfərinin problemlərin öhdəsindən gələcəyinə əmin deyiləm. Prezident Rəisi Türkiyə və Azərbaycanla müəyyən məsələlərin həllinə dair razılaşmaya gələ bilər. Lakin bu razılaşmanın perspektivdə problemləri aradan qaldıracağına şübhə edirəm. Çünki İran hökumətinin mövqeyi çox zəifdir”.

Azərbaycan-İran münasibətlərinin nizamlanması ilə bağlı meydana çıxan suallardan biri də Güney Azərbaycan məsələsidir. Yəni iki ölkə arasında gərginlik aradan qalxarsa, rəsmi Bakı Güney Azərbaycan türklərinin milli hüquqlarının müdafiəsinə verdiyi mənəvi və ideoloji dəstəyi dayandıracaqmı? İran bu məsələdə maraqlı olduğu üçün sözügedən şərti irəli sürməklə Azərbaycana müəyyən siyasi razılaşmalar təklif edə bilər. Natiq Miri hesab edir ki, Güney Azərbaycan məsələsində İrana güzəştə getmək olmaz:

“Hesab edirəm ki, Azərbaycan dövləti İrana güzəştə getməyəcək. Çünki İran güvəniləsi ölkə deyil. Yəni erməni xisləti fars rejiminə də xasdır. İran rejimi yalan üzərində qurulduğu üçün rəsmi Tehranın verdiyi bütün açıqlamalar həqiqətə söykənmir. Ona görə də Azərbaycan hansısa razılaşmaya görə İran hakimiyyətinin vədinə aldanaraq 40 milyonluq soydaşımızın hüquqlarının müdafiəsindən imtina etməməlidir. Bu mümkün deyil. Belə bir addımın atılması böyük səhv olar. Çünki fars şovinizminin respektivi görünmür. İran rejimin ömrü tükənib. Sadəcə, zor, güc tətbiq etməklə rejimin ömrünü uzatmaq istəyirlər ki, bu da perspektiv baxımından mümkün deyil. Belə olan təqdirdə, İranın çöküşündə böyük rol oynayacaq Cənubi Azərbaycan türklərini küsdürmək yanlış olardı.

Nə Azərbaycan dövlətinin, nə də Türkiyənin Cənubi Azərbaycandakı soydaşlarımızın milli hüquqlarını dəstəkləmək siyasətindən geri çəkiləcəyini düşünürəm. Azərbaycan İran qarşısında belə bir öhdəlik götürməyəcək. Danışıqlar gedəcək, ola bilsin, müəyyən əməkdaşlıq formatları yaradılacaq. Ancaq bu razılaşmaların ömrünün uzun olacağını zənn etmirəm”.

Müşfiq Abdulla
Cebhe.info