Paris Azərbaycanla hesablaşmalı olacaq

Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana və Özbəkistana səfərləri strateji əhəmiyyətinə görə Mərkəzi Asiya ilə yanaşı, Azərbaycanı da əhatə edən hadisə kimi diqqəti cəlb edir.
Makronun uranla zəngin olan Mərkəzi asiya ölkələrinə səfəri “Fransanın enerji təhlükəsizliyini artırmaq” cəhdi kimi şərh edildi. Paris Fransa üçün ikinci ən böyük uran idxalçısı olan Nigerdə iyul ayında baş vermiş çevrilişdən sonra Qazaxıstanla və Özbəkistanla uran idxalında əməkdaşlığı dərinləşdirməyə maraq göstərir.
Qazaxıstan Fransanın ən böyük uran tədarükçüsü (2659 ton) sayılır. 2022-ci ildə Fransaya 1440 ton uran ixrac edən Niger isə ikinci yeri tutub. Özbəkistan həmin siyahıda 918 tonla 5-ci yerdə qərarlaşıb. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Emmanuel Makron ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi, qlobal və regional gündəmdəki məsələləri müzakirə etsələr də onların daha çox uranın satışının həcmini artırmaq barədə danışdıqları bildirilir.
Makronla bərabər Astanaya səfər etmiş 15 biznes qurumunun liderləri arasında ən böyük enerji istehsal edən dövlət şirkəti “Electricite de France” və atom elektrik stansiyası sektorunda mühəndislik şirkəti olan “Assystem” də var. Fransanın uran hasilatına görə birinci yeri tutan “Orano” şirkəti Qazaxıstandakı yataqların istismarında “Kazatomprom” ilə birlikdə fəaliyyət göstərir.
Sentyabr ayında “Orano” yerli hərbi xuntaya qarşı sanksiyalar fonunda yaranmış logistika problemləri ilə əlaqədar Nigerdə filiz emalını dayandırmalı olub. Makronun Mərkəzi Asiyaya marağının artması geniş kontekstdə Avropa İttifaqı ölkələrinin Rusiyanın nüvə yanacağından imtina etməsi anlamına gəlir. 2022-ci ildə Aİ Rusiyadan uranın zənginləşdirilməsi üçün alışını və xidmətləri azaltmağa başlayıb.
2021-ci ildə Moskvanın Aİ-yə tədarük payı 19,7 faiz təşkil edib. Fransa ilə əldə olunan yeni razılaşmalar Qazaxıstanın və Özbəkistanın Moskvadan asılılığını azalda bilər ki, bu da həm Parisin, həm də Avropa İttifaqının maraqlarına uyğundur. Paris Rusiyanın Ukraynadakı müharibənin regionda balansı pozmasından istifadə etməyə çalışır.
Makronun yeni şəraitdə səyləri G7 ölkələrinin Qazaxıstanla tərəfdaşlığı gücləndirmək kursunun bir hissəsi də hesab edilir. Lakin ekspertlər Fransanın bu regionda Çinin ciddi rəqabəti ilə üzləşəcəyini, hətta Pekinin Astanaya və Daşkəndə təzyiqləri artıracağını proqnozlaşdırır. Lakin Prezident Makronun təcili Qazaxıstana və Özbəkistana səfər etməsi geosiyasi proseslərdən faydalanmaqdan daha çox Fransanın üzləşdiyi enerji problemini aradan qaldırmaqdır.
Fransa şirkətlərinin Nigerdən qovulmasından sonra Makron hakimiyyəti enerji istehsalı sahəsində ciddi maneələrlə üzləşib. Çünki Fransada elektrik enerjisinin 80 faizdən çoxu atom elektrik stansiyaları hesabına istehsal olunur. Niger, Qabon, Mali, Burkina Faso, Çadda baş vermiş dövlət çevirlişlərindən sonra Fransa Mərkəzi Afrikadan çıxarılıb.Nəticədə, uran çatışmazlığı Fransanın atom elektrik stansiyalarının fəaliyyətinə problem yaradıb. Bu isə Qazaxıstana və Özbəkistana yüksək gəlir gətirə bilər.
Özbəkistanla Fransa arasında 6 milyard dollarlıq müqavilələr portfeli hazırlanıb ki, onların da əksəriyyəti enerji sektoruna aiddir.
Bu, Özbəkistan üçün ən vacib sahədir. Fransa üçün bu, həm də bir nömrəli mövzudur. Avropa Parlamentinin üzvü Tierri Marianinin sözlərinə görə, “Electricite de France” şirkətlərinin nüvə reaktorlarına xidmət göstərmək üçün Fransa ildə təxminən 10 ton uran filizi tədarük etməlidir. Niger və digər Afrika ölkələrində bazarın itirilməsindən sonra xammalın həcmi Qazaxıstan və Özbəkistandan uran tədarükünü artırmaqla kompensasiya edilə bilər.
Bunun müqabilində Fransa Qazaxıstanda və Özbəkistanda atom elektrik stansiyalarının tikintisinə, eyni zamanda uranın emalı texnologiyasına kömək etməyi təklif edir. Lakin Paris uranın daşınması məsələsində ciddi əngəllə üzləşə bilər. Mərkəzi Asiya regionundan tədarük edilən uran filizi ya Rusiya, ya da Azərbaycan vasitəsilə Avropaya nəql olunmalıdır.
Çünki uran təhlükəsizlik baxımından, yalnız quru yolu ilə daşına bilər. Atom elektrik stansiyaları üçün iri ölçülü komponentlər və qurğular da yalnız bu marşrutlar vasitəsilə tədarük edilə bilər. Bu məqsədlə Fransa Prezidenti qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin orta Transxəzər dəhlizinin təşviqi ilə bağlı təşəbbüsünü dəstəklədiyini deyib.
“Biz logistika dəhlizinin inkişafında maraqlıyıq. Ukraynada baş verən genişmiqyaslı müharibə logistik təchizat zəncirləri üçün böyük problem yaradıb. Bu baxımdan sizin qətiyyətinizi, Orta Transxəzər dəhlizini inkişaf etdirmək və təşviq etmək istəyinizi alqışlayıram. Bu da bizim niyyətlərimizə uyğundur və ümid edirik ki, bu, regionda dəstək tapacaq”, - deyə Makron bildirib.
Qeyd edək ki, Transxəzər dəhlizi Avropadan Çinə qədər uzanan və Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən “Orta dəhliz” layihəsinin tərkib hissəsidir. Yalnız Qazaxıstandan deyil, Özbəkistandan daşınan yüklər də bu marşrutla nəql olunacaq. 2021-ci ildə Azərbaycan, Özbəkistan və Türkiyə arasında “Orta dəhliz”in dəstəklənməsinə dair Daşkənd Bəyannaməsi imzalanıb.
Həmin sənədə görə, Özbəkistandan Avropaya göndərilən yüklər Türkmənistan və Qazaxıstandan keçməklə Xəzər dənizi-Azərbaycan-Türkiyə marşrutu üzrə Avropaya çatdırılmalıdır. Azərbaycan və Türkiyə “Orta dəhliz”in birləşdirici hissəsi kimi Zəngəzur dəhlizindən keçməsini təklif edir. Lakin Ermənistanın indiyə qədər buna mane olması iki səbəblə bağlıdır. Birincisi, Nikol Paşinyan hakimiyyəti 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə zidd gedərək Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR-ı birləşdirəcək dəmir və avtomobil yollarının Rusiya FTX-nin sərhəd qoşunları tərəfindən mühafizə olunmasına razılıq vermir.
Çünki yolların təhlükəsizliyinin Rusiyaya həvalə edilməsi eksterritoriallıq yaradır ki, bu da dəhliz yaradır. Rəsmi İrəvan isə dəhlizin açılmasına mane olmaq üçün kommunikasiyalara nəzarəti Ermənistan Milli Təhlükəsilik Xidməti nəzdindədki xüsusi şöbəyə həvalə edilməsini istəyir. İkinci səbəb Fransa, İran və Hindistan kimi ölkələrin “Orta dəhliz”in reallaşması prosesini pozmaq üçün Ermənistanla Azərbaycan arasında münaqişəni yenidən alovlandırmaq cəhdi ilə bağlıdır. Ermənistanın sülh müqaviləsindən yayınması da məhz Fransanın təhriki ilə bölgədə gərginliyin artmasının nəticəsidir. İndi isə paradoksal vəziyyət yaranıb.
Fransa Mərkəzi Asiyadan daşımaq istədiyi uran filizini Azərbaycan üzərindən nəql etmək üçün öz siyasətini dəyişmək məcburiyyətindədir. Yəni Makron hakimiyyəti Azərbaycana qarşı düşmənçilik və beynəlxalq hücum kampaniyasından əl çəkməli, digər Avropa dövlətləri kimi Azərbaycanla enerji təhlükəsiliyi və logistika sahələrində əməkdaşlığa üstünlük verməli, Ermənistanla sülhün əldə olunmasına mane olmamalıdır.
Ekspertlər hesab edirlər ki, Makron uran yanacağının artırılması ilə bağlı Astana və Daşkəndlə razılaşmazdan əvvəl Bakı ilə fikir ayrılıqlarını aradan qaldırmalıdır. Makronun Qazaxıstana və Özbəkistana səfəri nəticə etibarı ilə Fransanın Mərkəzi Asiyada mövqeytini xeyli gücləndirə bilər. Lakin Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü rolunu oynayan ölkə Azərbaycandır. Çünki Cənubi Qafqazın logistika “hub”ına çevrilmiş Azərbaycan Məkəzi Asiyanın qərb qapısı sayılır.
Ona görə də Fransa Prezidenti Azərbaycana yönəlik siyasətində buraxdığı səhvləri aradan qaldırmaq, yəni proseslərə erməniçilik prizmasından baxmaqdan imtina etmək məcburiyyəti ilə üzləşib. Azərbaycan amilini Fransa üçün aktual edən səbəblərdən biri Rusiya marşrutunun öz əhəmiyyətini itirməsidir. Əvvəla, Azərbaycan və Türkiyə üzərindən keçən nəqliyyat dəhlizi Rusiya ilə müqayisədə daha qısa, həm də rentabelli hesab edilir. İkincisi, Ukraynada müharibə başladıqdan sonra Rusiyanın qərb bazarlarına çıxışı bloklanıb. Ukrayna ilə qərb sərhədlərində və Qara dəniz istiqamətində ağır döyüşlər gedir. Ona görə də bu marşrutlar üzrə uran filizinin daşınması mümkün deyil.
Fransa Rusiyaya qarşı ağır sanksiyalara tətbiq edən Qərb koalisiyasının üzvü olmaqla yanaşı, müharibədə Ukraynanı silahla təmin edir. Bütün bunlar Rusiya marşrutunu əngəlləyən ciddi səbəblərə çevrilib. Digər variant isə yüklərin İran ərazisindən daşınması ehtimalıdır. Lakin İran beynəlxalq sanksiyalar altında olan ölkədir. Xüsusilə də nüvə resurslarının İran üzərindən nəqli nəinki, ABŞ-ın, hətta Fransanın üzv olduğu Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar qərarının pozulması deməkdir.
Ona görə də Fransa üçün ən əlverişli marşrut Xəzər dənizi-Azərbaycan-Türkiyədir. Azərbaycan üzərindən yüklərin daşınması Gürcüstan vasitəsilə də mümkündür. Lakin yaranmış yeni geoiqtisadi şərtlər Azərbaycana Zəngəzur dəhlizinin açılması üçün Ermənistan üzərində ciddi təsirə malik olan Fransaya öz mövqeyini qəbul etdirmək imkanı yaradır.
Müşfiq Abdulla
Cebhe.info