Xankəndini Azərbaycana kim təslim edəcək:Araik, yoxsa Ruben?

Xankəndini Azərbaycana kim təslim edəcək:Araik, yoxsa Ruben?

Xankəndidən gələn xəbərlər qondarma rejimin rəhbərliyində qarşıdurmanın dərinləşməsindən xəbər verir.

Qarabağda yaşayan ermənilərə nəzarət uğrunda cinayətkar rejimin başçısı Araik Arutyunyanla Rusiyanın emissarı, özünü “dövlət naziri” adlandıran Ruben Vardanyan arasında maraqlar toqquşması daha intensiv xarakter alıb. Ermənilərin yaşadığı şəhər və kəndləri dolaşan Ruben və Araik özlərinə daha çox tərəfdar toplamağa və beləliklə, mövqeyini möhkəmlətməyə çalışır. Müxtəlif qruplaşmalar arasında çəkişmə meydanına çevrilən ermənilər isə çaşqın durumdadır.

Hələlik nə Arutyunyan, nə Vardanyan, nə də Vardanyana qarşı mübarizədə Araikə taktiki dəstək verən Vitali Balasanyan erməni sakinlərin gələcək həyat tərzi ilə bağlı sualları axıra qədər cavab verə bilir.

Qondarma rejimin rəhbərliyində artan siyasi qütbləşmə ermənilər arasında da ümidsizlik yaradıb. Əslində isə qarşı duran tərəflər sakinlərdən, yəni daxili amildən daha çox xarici qüvvələrə arxalanır. Araik Arutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın, Ruben Vardanyan isə Rusiyanın təlimatı ilə hərəkət edir. Vardanyanı öz hakimiyyəti üçün təhlükə hesab edən Nikol Paşinyan onun qondarma rejimin başına keçməsinə qarşı bütün gücü ilə müqavimət göstərir.

Rusiyanın yaxın müddətli planlarında Vardanyanın Araikin yerinə gətirilməsi nəzərdə tutulursa, bu proses növbəti mərhələdə Ermənistandakı revanşist qüvvələrin liderinə çevrilməsinə hesablanıb. Paşinyan bunu bildiyi üçün Vardanyanı sıxışdırmağa çalışır. Əks halda, Vardanyan nə zamansa müxalifət lideri kimi İrəvanın “Azadlıq” meydanında peyda ola bilər. Ona görə də Araikin istefa vermək niyyətində olmadığı, daha doğrusu, bu barədə gizli sövdələşmənin ləğv edildiyini göstərir. Arutyunyanın müqaviməti bölgəyə “xilaskar” obrazı ilə Vardanyanın irəliləyişinin qarşısını alıb.

Bu da Rusiyanın bölgə ilə bağlı planlarını pozur. Araikin Moskvaya çağırılması da çox güman ki, onu Vardanyana mane olmamaq və yolundan çəkilməyə razı salmaq məqsədi daşıyır. Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yoluna nəzarəti ələ alması isə Vardanyanın hay-küylü vədlərinin qarşısında daha ciddi maneəyə çevrilib. Ermənistandan Qarabağa silah daşınması artıq mümkün olmur. Xankəndi istiqamətində yalnız humanitar yüklər və tibbi müalicəyə ehtiyacı olan mülki şəxslər buraxılır. üstəlik, Araikin tərəfdarlarının Rusiyanın emissarına qarşı çıxması fonunda Vardanyanın yenidən “mübarizə”yə başlamaq çağırışları iflasa uğrayıb. Bu səbəbdən, Vardanyan hələlik quru vədlərlə daha çox vaxt qazanmağa çalışır.

Vəziyyətə Moskvanın müdaxiləsi Paşinyan-Arutyunyan tandeminin qarşısında Vardanyanın zəif duruma düşdüyünü göstərir. Ermənistan hakimiyyəti Laçın yolundakı aksiyanın guya Qarabağda humanitar fəalakətə səbəb olması barədə ajiotaj yaratmaqla və bu “problem”ə görə Rusiyanı ittiham etməklə Rubenin məsuliyyət daşıdığına dair rəy yaratmağa çalışır. Bunun üçün Ermənistanın əlində tutarlı arqument də var. Laçın-Xankəndi yolu Vardanyanın Qarabağa gəlişindən sonra bağlanıb. Vardanyan bölgəni tərk edərsə, Azərbaycan bəlkə də yolu aça, Qarabağdakı erməni sakinlərlə təmas qura bilər.

Ermənistan mediasının yazdığından belə qənaətə gəlmək olar ki, Arutyunyan Rusiyanın təsyiqləri qarşısında nəinki geri çəkilmək, əksinə Vardanyan “kartı”nın uğursuzluğuna Moskvanı inandırmağa çalışacaq: “Araik təklif edəcək ki, Rusiya və Qarabağda yerləşən sülhməramlılar növbədənkənar seçkilərin keçirilməsinə təminat versinlər və ya onunla Ruben Vardanyan arasında seçim etsinlər.

Çünki o, əmindir ki, Vardanyan “dövlət naziri” vəzifəsində olduğu müddətdə azərbaycanlılar yolu açmayacaqlar”. Ermənistan mətuatı onu da bildirir ki, Araik Arutyunyan artıq Azərbaycanla danışıqlara getməyə razıdır. “Araik Arutyunyan yaxın çevrəsinə bildirib ki, xilas yolu yalnız Azərbaycanla danışıqlardan keçir. Araik bildirib ki, ümid yerləri yalnız Azərbaycandır”, - nəşr yazıb. Ruben Vardanyan isə ermənilər yaşayan əraziləri dolaşaraq ümid dolu vədlər verməklə dözməyə çağırır.

Lakin “Hraparak” qəzeti yazır ki, “dövlət naziri” ilə görüşlər Qarabağ erməniləri arasında ziddiyyətli əhval-ruhiyyəyə səbəb olub. “Vardanyan bir tərəfdən onları sakitləşdirərək bildirib ki, blokada ilə bağlı yaranmış çətin vəziyyət çox güman ki, yaza qədər bir qədər yumşalacaq. Çünki həmin vaxt sular artacaq və su elektrik stansiyaları tam gücü ilə işləyə biləcək, daha su və işıq problemi olmayacaq. Digər tərəfdən, hərbi toqquşmaların baş verəcəyini istisna etməməklə onları qorxudub. Vardanyan bunun necə olduğunu dəqiqləşdirmədən döyüşmək lazım olduğunu deyib”,-qəzet belə yazır.

Mənbə həmçinin qeyd edir ki, Arayik Arutyunyan sakinlərlə görüşdə Vardanyanın əleyhinə danışıb. O bildirib ki, indi Qarabağda Ermənistandan daha çox silah olsa da, mümkün qədər müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə getmək lazımdır, əks halda müharibə Qarabağın və erməni xalqının sonu olacaq.

Müşfiq Abdulla
Cebhe.info