Diaspor fəaliyyəti: Azərbaycanın mövqeyi dünyada necə qorunur?

Diaspor fəaliyyəti: Azərbaycanın mövqeyi dünyada necə qorunur?

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Diaspor hər bir ölkənin milli maraqları xarici ölkələrdə təbliğ etmək, qorumaq və əməkdaşlıqların inkişafına nail olmaq üçün ən önəmli fəaliyyətlərdən birincisidir.

Xarici siyasətdə uğur əldə etmək üçün diaspor fəaliyyətinin də yüksək səviyyədə olması ən vacib məqamlardandır. Bu mənada bu sahənin inkişafı hər dövlət üçün prioritet olmalıdır. Azərbaycan üçün bu gün diaspor fəaliyyəti ən vacib sahələrdəndir. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bölgədə Azərbaycanın özünün yaratdığı yeni reallıqlar diaspor fəaliyyətində olan təşkilatların da işində inqilabi dəyişikliklərin olmasını labüd etdi. Bəllidir ki, bu gün Azərbaycana qarşı olan qüvvələr açıq şəkildə qərəzli mübarizə variantlrına əl atıb. Bir sıra Qərb dövlətləri Azərbaycanın qazandığı tarixi Zəfərə kölgə salmaq üçün bütün variantlardan istifadəyə çalışır. Qərəzli bəyanatlar, qətnamələr qəbul edir, Azərbaycan əleyhinə çıxışlar səsləndirir.

Bütün bunların qarşısını almaq məsələsində əsa yük diasport təşkilatlarının və bu sahəyə cavabdeh olan Diasportla iş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Fransa, Avropa Şurası, Almaniya kimi ölkələrin ermənipərəst mövqeyi bu məsələyə daha çox diqqət ayırmalı olduğumuzu göstərir. Ümumi olaraq, diaspor fəaliyyəti ölkənin xaricdə tanıdılması, mövqeyinin gücləndirilməsi, o cümlədən tərəfdaşların artırılması və ölkənin maraqlarının, mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımdan zəruri hesab olunur.

Mövzu ilə bağlı "Cebhe.info"ya danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycan artıq yeni dönəmə qədəm qoyub. Xüsusilə antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin etdi:

“Bununla da Azərbaycan tarixində yeni mərhələ başladı. Azərbaycan həm bölgədə, həm də dünyada strateji olaraq mövqelərini möhkəmləndirir və dövlət başçısı da yeni mərhələnin anonsunu verib. Yəni Azərbaycan dövlətinin cəbhədə və beynəlxalq miqyasda əldə etdiyi uğurlar yeni sosial sifarişlərin də əsasını yaradır. Dövlət başçısının apardığı siyasətə bütün sahələr üzrə məhsul olan şəxslər adekvat fəaliyyət göstərməlidirlər. Eyni zamanda, diaspor istiqaməti üzrə də yeni mərhələnin addım səslərini artıq eşitməliyik. Amma təəssüf ki, biz bunu həlləik görmürük”.

Həmsöhbətimiz əlavə edib ki, bu gün diaspor quruculuğu, effektiv fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan dövlətinin əldə etdiyi uğurlara adekvat fəaliyyət yoxdur:

“Hesab edirəm ki, müxtəlif sahələrdə olduğu kimi, diaspor istiqamətində də yeni, effektiv layihələrin, addımların şahidi olmalıyıq. Biz ərazi bütövlüyümüzü təmin etsək də, informasiya savaşında fəaliyyətimiz yetərli deyil. Burada Azərbaycan mediasının xarici KİV-lərlə əməkdaşlıq imkanları ilə yanaşı, diaspor təşkilatlarının da aktiv rol oynaması vacib şərtdir. Amma biz Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiyası, xarici media ilə iş prinsipləri və öz aralarında olan problemlərin həlli ilə bağlı müsbət məqamların şahidi olmuruq. Çox təəssüflər olsun ki, bu da bizim axsayan tərəflərimizi göstərir. Ona görə də yeni mərhələdə yeni şərtlər və məsuliyyətli bir dönəm var. Bu dönəmə uyğun olaraq da bütün sahələr, eyni zamanda diaspor təşkilatı aktiv və adekvat fəaliyyət göstərməlidir”.

Qeyd etmək lazımdır ki, xeyli müddətdir Azərbaycan diasporu da fəaliyyətini artırıb, ölkənin haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görür. Göründüyü kimi, bu istiqamətdə müəyyən uğurlara da nail olunsa da, müəyyən problemlər hələ də qalmaqdadır. Diaspor fəaliyyətinin ən yüksək səviyyədə inkişaf etməsi üçün hələ görüləcək işlər çoxdur və ərazi bütövlüyümüz tam təmin olunandan sonra bu sahənin inkişafına daha ciddi ehtiyac duyulur.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebhe.info”