Medianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi birgə təlim keçirib

Medianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi birgə təlim keçirib

9 aprel tarixində Medianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.   

Təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin müvafiq sahə üzrə görülən işlər barədə məlumatlandırılması, qarşılıqlı kommunikasiyanın səmərəli qurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətləri barədə informasiyanın ötürülməsində effektiv yanaşmanın tətbiqi, bu sahədə ixtisaslaşmanın həyata keçirilməsinə dəstək göstərilməsidir.

Açılış mərasimində çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Agentliyin fəaliyyətinə dair ətraflı məlumat verərək bu sahədə görüləcək işlər və qarşıda duran hədəflərdən danışıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini  Natiq  Məmmədli media sahəsində aparılan islahatlardan danışıb. O bildirib ki, müasir dövrdə media cəmiyyətin inkişafında, maariflənməsində, ictimai rəyin və ümumi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır, bu baxımdan  qurumlar, media və cəmiyyət arasında düzgün informasiya dövriyyəsinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  nümayəndələri “Kvalifikasiyaların tanınması”  və “Ali təhsildə keyfiyyət təminatı”  mövzularında təqdimatlarla çıxış ediblər. 

Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Cebhe.info"