Azərbaycanda insanlar ən çox nədən zəhərlənir?

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir?

Ölkəmizdə zəhərlənənlərin sayı artıb.

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib.

Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə mərkəzə qəbul olunan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib.

Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib.

Xatırladaq ki, həm ötən ilin, həm də bu ilin may ayında 9 nəfər ilan sancmasından zəhərlənib. Ötən il 6, bu il isə 7 nəfər zəhərlənmədən vəfat ediblər.

Həmçinin, son bir neçə ayda 3 orta məktəbdə kütləvi zəhərlənmə halları baş verib.

Statistikada dərmandan zəhərlənənin sayının çox olması da diqqət çəkir. Bu da dərmanların ya dozadan artıq qəbulunun, ya da keyfiyyətsiz dərmanların olduğunun nəticəsidir.

Sirkə turşuları ilə bağlı vəziyyət də açıqlanmayıb. Həyatını sonlandırmaya qərar verən insanların sirkə turşusundan istifadə etdiyi həqiqətini bildiyimiz üçün zəhərlənənlərin neçəsinin intihar etdiyini, neçəsinin turşularda istifadə olunan sirkədən zəhərləndiyini deyə bilmirik.

Bu aylarda çiyələk, alça və bir neçə meyvə bazara çıxır. Həmin meyvələrin daha tez, sürətli böyüməsi üçün dərmanlardan istifadə olunur. Bu da zəhərlənməni tətikləyən amillərdir.

Günay Şahmar
Cebhe.info