Günəş aktivliyinin tədris göstəricilərinə təsiri - MÜZAKİRƏ

Günəş aktivliyinin tədris göstəricilərinə təsiri - MÜZAKİRƏ

“Hazırda Günəşin aktivliyinin 11 illik tsiklinin maksimum pilləsi müşahidə olunur. 2025-2026-ci illərdə bu aktivliyin daha da çoxalması ilə əlaqədar Günəşdə alışmaların, ləkələrin sayının, tac kütlə atılmalarının artması müşahidə oluna bilər. Günəşdə baş vermis hadisələr Yerə təsirsiz ötüşmür: radiasiya artır, radiodalğaların yayılmasında maneələr yaranır, kosmik peyklərin işində, eləcə də insanların həyat və fəaliyyətində dəyişikliklər müşahidə olunur. Bu hadisələr bəzi xəstəliklərin artmasına, yol nəqliyyat hadisələrində qəzaların baş verməsinə gətirir, müxtəlif yaş sinfinə aid qruplarda davamiyyətə təsir edir”.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Günəş aktivliyinin tədris göstəricilərinə təsiri” mövzusunda elmi seminarında bildirilib. Fakültənin III kurs tələbəsi Könül Əhmədova mövzu ilə bağlı məruzəsində qeyd edib ki, tədqiqatlar çərçivəsində BDU-nun Fizika fakültəsinin və digər təhsil müəssisələrinin 150-yə yaxın tələbəsi arasında sorğu aparılıb, onların Günəşin Yerə təsiri, maqnit qasırğaları haqqında bilgiləri öyrənilib. Fakültədə bakalavriatura səviyyəsini əhatə edən bütün kurslar üzrə 120 qrupun tədris göstəriciləri, davamiyyəti, imtahanlarda müvəffəqiyyət və keyfiyyət göstəriciləri təhlil edilib.

2017-ci ildən toplanan materiallar verilənlər bazası kimi istifadə edilərək 2020-ci ilədək olan materiallar əsasında bu göstəricilər üçün reqressiya ifadələri alınıb. Alınan ifadələr sonrakı illər üçün yoxlanaraq davamiyyət, müvəffəqiyyət və keyfiyyət göstəricilərinin real qiymətləri, reqressiya ifadələrindən alınan qiymətlər Günəş aktivliyini göstərən ləkələrin sayı, C, M və X sinif alışmaların sayından asılılıq diaqramları ilə verilib. Alınan diaqramlar 2023-2024-cü tədris ilinin payız sessiyasının göstəricilərinə tətbiq olunub, göstəricilərin bu parametrlərdən asılılığı müəyyən edilib.

Məlum olub ki, Günəşdə ləkələrin sayı artdıqca davamiyyət göstəricisi kimi qaiblərin sayı artır, imtahan sessiyasında nəticələr dəyişir. Ləkələrin sayı ilə keyfiyyət göstəriciləri demək olar ki, eyni dəyişmə sürətinə malik olur. Tələbələrin tədris göstəricilərinə təsir edən amillərin (sosial vəziyyət, mənimsəmə faizi, fiziki parametrləri, məişət şəraiti, təhsil almasını dəstəkləyən mühitin olması, müxtəlif xəstəliklər, ətrafda baş verən hadisələr və s.) bir qismi Günəş aktivliyindən asılıdır.

Mövzu rəhbəri, dosent Mirnamik Bəşirov tədqiqata cəlb edilmiş məsələnin aktuallığını vurğulayıb və Günəş aktivliyi haqqında tələbələrə geniş məlumat verib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

"Cebhe.info"