Stoltenberqin Bakı səfəri: Regionda nələri dəyişəcək?

Stoltenberqin Bakı səfəri: Regionda nələri dəyişəcək?

NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri beynəlxalq diqqət mərkəzindədir.

Azərbaycana səfərini başa vuran Yens Stoltenberq Gürcüstana yola düşüb. Onun Cənubi Qafqaz turnesini Ermənistanda başa vuracağı gözlənilir. Regionda geosiyasi qarşıdurmanın artdığı bir vaxtda NATO-nun Baş katibinin Cənubi Qafqaza gəlməsi təbii ki, mühüm hadisədir. Bu baxımdan, Stoltenberqin səfəri bölgənin gələcək təhlükəsizliyinin və geosiyasi konfiqurasiyanın müəyyənləşməsində vacib rol oynaya bilər. Yəni hazırda müşahidəçilər Stoltenberqin səfərinin Cənubi Qafqazda sabitliyə töhfə verəcəyi, yoxsa Qərb və Rusiya arasında rəqabəti daha da dərinləşdirəcəyi sualı üzərində təhlillər aparırlar. 

Bu, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı xüsusi əhəmiyyət daşıyır. Çünki tərəflər arasında İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının başlanmasından dörd ildən artıq vaxt ötsə də, nəticə əldə etmək mümkün olmayıb. Əksinə, Ermənistan sülh danışıqları ilə paralel silahlanma siyasəti aparır. Qərbin bu prosesdə Ermənistana dəstək verməsi regionda NATO-nun Rusiya və İranla maraqlar toqquşmasını artırıb.

Halbuki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra sülh müqaviləsinin imzalanması üçün daha real imkanlar yaranıb. Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın Ermənistanla heç vaxt olmadığı qədər sülhə yaxın olduğunu deməsi məhz sülh prosesində yeni reallıqların nəzərə alınmasını özündə ehtiva edən çağırışdır. 

NATO Baş katibi də Bakıda Azərbaycan Prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı dövlət başçısının sözlərini yüksək qiymətləndirdiyini bildirib. Stoltenberq həmçinin, Ermənistanla dayanıqlı sülhün əldə edilməsində Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəklədiyini deyib. Şimal Atlantika Alyansının bu açıqlaması sülh danışıqlarında irəliləyişə nail olunmasında ciddi mesaj kimi dəyərləndirilə bilər.

Çox güman ki, Stoltenberq bu mesajı Ermənistan rəhbərliyinə çatdıracaq və NATO-nun sülh müqaviləsinə dəstək verməyə hazır olduğunu bildirəcək. Ermənistan isə münaqişə hesabına NATO-nun və Qərbin dəstəyini almağa üstünlük verir. Nikol Paşinyan hakimiyyəti Qərbin bölgəyə hərbi müdaxiləsini Ermənistanın təhlükəsizlik sisteminin təminatı hesab edir və bu prosesin sülh müqaviləsində rəsmi İrəvana üstünlük gətirəcəyinə ümid edir.

Ancaq Stoltenberqin açıqlamaları göstərir ki, NATO Ermənistanı sülh sazişinə razı salmağa çalışacaq. Çünki Ermənistanın təhlükəsizliyi üçün əsas zəmanət Azərbaycanla sülh müqaviləsi ola bilər. Hazırda NATO-nun Ermənistanla yeganə sərhəddi Türkiyə vasitəsilə mövcuddur. 

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan bu sərhədlər açılmayacaq. Yalnız sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin açılmasından sonra Ermənistan NATO sisteminə inteqrasiya barədə düşünə bilər. 

Digər tərəfdən, Qərb, o cümlədən NATO Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə ayrılıqda deyil, bütöv, yəni regional kontekstdə yanaşır. Hazırda Gürcüstan NATO-ya üzvlük üçün müraciət etsə də, fəaliyyət proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyib. Ermənistan Rusiyanın hərbi müttəfiqdir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklilatının üzvüdür. Yəni ərazisində Rusiya hərbi bazaları olan Ermənistanın təhlükəsizlik sisteminin hüquqi təminatçısı Moskva və KTMT-dir.

Azərbaycan isə daha çox neytral statusunu qoruyub saxlamağa çalışır. Lakin son zamanlar Cənubi Qafqazda hərbi və geosiyasi baxımdan, qüvvələr nisbətinin dəyişilməsi müşahidə olunur. Ukraynada müharibənin başlamasından sonra Cənubi Qafqaz və Xəzər regionu NATO-nun maraq dairəsinə daxil olub. Azərbaycan Rusiyanın dəstəklədiyi erməni separatçı rejimini ləğv edib. Eyni zamanda, Azərbaycan Türkiyə ilə vahid ordu modelinə keçməyə qərara verib. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması deməkdir.

Yens Stoltenberqin səfərin nəticəsi kimi bu məsələni xüsusi vurğulayaraq dəstəyini ifadə etməsi Baş katibin səfərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin NATO modelinə keçməsi prosesinin sürətlənəcəyini deməyə əsas verir. 

Ancaq NATO təhlükəsizlik sistemi yalnız hərbi sahəni əhatə etmir. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Gürcüstan vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması NATO üçün strateji əhəmiyyət daşıyır. Ermənistana gəlincə, qərbyönlü Paşinyan hakimiyyəti KTMT üzvlüyündən çıxmağın siyasi anonsunu verib və təhlükəsilik sahəsində Avropa İttifaqı, Fransa və ABŞ ilə əməkdaşlığı prioritet seçib.

Finlandiyanın və İsveçin NATO-ya daxil olmasından sonra Baltik dənizindən Qara dənizə qədər Rusiyanın qarşısında yeni təhlükəsizlik zonası yaradan Şimali Atlantika Alyansı indi bu prosesi Rusiyanın cənub sərhədləri boyunca həyata keçirməyə çalışır. Ancaq nə Gürcüstan, nə də Azərbaycan Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarında iştirak etmək istəyir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Yens Stoltenberqdə bir gün əvvəl Azərbaycana səfəri zamanı da çox güman ki, regional təhlükəsizlik məsələlərinin müzakirəsi xüsusi yer tutub.

Azərbaycan kimi Gürcüstan da Ermənistanın bölgədə silahanma yarışına rəvac verməsindən, NATO-nun Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarının “oyunçu”su olmasından narahatdır. Ona görə də Azərbaycan Fransanın Ermənistana göndərdiyi silahların Gürcüstan ərazisindən daşınmasının bütövlükdə Cənubi Qafqaz üçün böyük təhdid yaratdığını rəsmi Tiflisin diqqətinə çatdırır.

Böyük ehtimalla, İrəvana səfəri nəzərdə tutulan İrakli Kobaxidze Ermənistanın silahlanma siyasətinin Gürcüstan üçün də təhlükə yaratdığını Nikol Paşinyana bildirəcək. Həm Kobaxidzenin, həm də Stoltenberqin ardıcıl olaraq Azərbaycana və Ermənistana səfərləri Paşinyanın sülhə təşviq edilməsi üçün kənar təsirləri artıra bilər. 

Müşfiq Abdulla 
“Cebhe.info”