Aİ Kiyevi dəstəkləməyə davam edəcək

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi “pasxa atəşkəsi” ilə bağlı ehtiyatla danışıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Əvvəlcə biz hərbi əməliyyatların real dayandırılmasını və uzunmüddətli atəşkəs üçün aydın addımları görməliyik”, – Hipper deyib.
O əlavə edib ki, Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılaşmasından bir aydan çox vaxt keçib və vurğulayıb ki, Rusiya həqiqətən istəsəydi, hərbi əməliyyatları istənilən vaxt dayandıra bilərdi.
“Biz Ukraynanı uzunmüddətli, ədalətli və hərtərəfli sülhə can atmasında dəstəkləməyə davam edirik”, – AK nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Putin Ukrayna ilə “pasxa atəşkəsini” elan edib. Bütün döyüş əməliyyatları 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək dayandırılıb. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsə razılaşıb və onu 30 gün uzatmağı təklif edib.
"Cebheinfo.az"