Edamdan sonra da döyünən ürək: Bakıdan Tokioya uzanan ölüm yol 

Edamdan sonra da döyünən ürək: Bakıdan Tokioya uzanan ölüm yol 

Azərbaycan təkcə milliyyətcə türk olan vətəndaşları ilə deyil, həm də bu torpaqlarda yolu kəsişmiş, azərbaycanlı kimliyi ilə tarixə düşən qeyri-etnik türklərlə, bütün azərbaycanlılarla fəxr edir.

“Cümhuriyət”in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında bu dəfə haqqında filmlər çəkilmiş, kitablar yazılmış, əfsanələr dolaşan, illərlə adı gizli saxlanılmış bir şəxs – Rixard Zorge haqqında danışacağıq. 

Öz casusundan imtina

1941-ci ilin payızında Tokio şəhərində Sovet kəşfiyyatçısı Rixard Zorge yapon polisi tərəfindən saxlanılır, üç il sonra isə edam edilir. Onun ölümündən sonra 20 il ərzində SSRİ bu “superagent”i öz casusu kimi tanımır. 1964-cü ildə Fransa rejissoru İv Çampinin çəkdiyi “Siz kimsiniz, doktor Zorge?” adlı filmi izləyən Nikita Xruşşov Zorgenin real şəxs olduğunu eşidəndə heyrətə gəlir. Filmin nümayişindən dərhal sonra  Zorge haqqında bütün məlumatların toplanması ilə bağlı göstəriş verir. Xruşşov Zorgenin ölümündən sonra ona "Qırmızı Ulduz" ordeninin verilməsini planlaşdırır. Lakin bu niyyəti gerçəkləşmir, çünki həmin ilin sonunda Xruşşov özü də hakimiyyətdən uzaqlaşdırılır. 1964-cü ildə “Pravda” qəzetində Rixard Zorge haqqında geniş məqalə dərc olunur. Xruşşovun istefasından sonra Sovet İttifaqı Zorgeyə ən yüksək dövlət təltifini – Sovet İttifaqı Qəhrəmanı adını verir. 

Tam adı ilə İka Rixardoviç Zorge olan Rixard Zorgealman jurnalisti və diplomatı olsa da, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının ən əfsanəvi kəşfiyyatçılarından birinə çevrilir. “Ramzay”, “İnson”, “Zonter” kimi adlar ilə tanınan Zorge 1933–1941-ci illərdə Yaponiyada Sovet kəşfiyyatının qeyri-leqal rezidenti kimi fəaliyyət göstərirdi. O, XX əsrin ən yaxşı casuslarından biri hesab olunur. Zorgenin həyat yolu təkcə Sovet kəşfiyyatının deyil, həm də Azərbaycanla birbaşa bağlı olan  tarixdir. Bakı ilə yolu kəsişən Rixard Zorge “Azərbaycanlı olmayan azərbaycanlı” kimi bizim də yaddaşımızda qalır.

Bakıda başlayan həyat

Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda, Sabunçu qəsəbəsində anadan olub. Bəzi mənbələrdə onun Gəncə quberniyasının Hacıkənd kəndində doğulduğu qeyd edilir. Hacıkənddə Zorge ailəsinin yay aylarında istirahət etdiyi, “dağ havasından zövq aldıqları” bağ evləri var idi. Yaponiyada istintaq zamanı Rixard Cənubi Qafqazda yerləşən Hacıkənddə doğulduğunu deyib. Onun 18 mart 1918-ci il tarixli "Friedrich-Vilhelm adına Krallıq Universiteti"ndən aldığı fəlsəfə fakültəsini bitirmə diplomunda belə yazılıb:

“Doğulduğu yer – Bakı, Rusiya, Gəncə vilayəti, Cənubi Qafqaz.” Rixardın babası Fridrix Adolf Zorge (1826–1906) tanınmış alman inqilabçısı, “Birinci İnternasional”ın rəhbərlərindən biri və Karl Marksın şəxsi katibi olub. Rixard özü də 1927-ci ildə yazdığı qısa avtobioqrafiyasında bu inqilabi köklərə toxunaraq yazırdı: “Atamın ailəsi ziyalı və köhnə inqilabi ənənələrə sahib bir ailə idi. Mənim doğma babam və digər babam – xüsusilə Fridrix Adolf Zorqe – 1848-ci il inqilabından əvvəl, inqilab zamanı və sonra fəal inqilabçılar olmuşlar”.

Atası Qustav Vilhelm Almaniyada cərrah-həkim ailəsində doğulmuşdu. O, neft sahəsində ixtisaslaşmış mütəxəssis idi. ABŞ-də qazma texnologiyaları üzrə təcrübə qazandıqdan sonra 1877-ci ildə Bakıya köçüb və burada “Otto Lencz”in mexanika zavodunda qazma avadanlıqları hazırlamaq üçün emalatxana açıb. 1881-ci ildə isə artıq öz şirkətinə sahib idi. Qustavın emalatxanası həm Alman Neft Aksiyador Cəmiyyətinin, həm də Nobel qardaşlarının şirkətinin sifarişlərini yerinə yetirirdi. Bakıya köçəndə Qustav Vilhelm həyat yoldaşı və iki qızı ilə birlikdə gəlmişdi. Təəssüf ki, həyat yoldaşı vəba xəstəliyindən vəfat edir. Bundan sonra o, ikinci dəfə kasıb dəmiryolçu qızı olan Nina Kobileva (1867–1952) ilə ailə qurur.

Bu nikahdan onların üç oğlu dünyaya gəlir. Bəzi mənbələrə görə isə Qustavın iki evlilikdən ümumilikdə 10 uşağı olub və onların beşi kiçik yaşlarında vəfat edib. Qustav Vilhelm uşaqlarına yalnız ticarət bacarığı deyil, dünyagörüşünü geniş tutmağı, ölkə sərhədlərindən kənarda da düşünməyi öyrədirdi. Bakı və ətrafında baş verən hadisələrə maraqla yanaşırdı. Zorgenin anası Nina isə yalnız rus mətbəxini deyil, həm də uşaqlarına vətənə bağlılıq, daxili güc və dəyərlərə hörmət aşılayırdı. Rixard Zorgenin uşaqlığı Bakı neft mədəniyyətinin qaynayan çağında, siyasi çaxnaşmalarla dolu bir dövrdə keçmişdi. Bütün bu şərait onun gələcək şəxsiyyətinin və peşəsinin formalaşmasında mühüm rol oynamışdı. 

Mason lojası, yoxsa? 

1898-ci ildə, yəni Rixard hələ üç yaşında olarkən atası Qustav Vilhelm sağlamlıq problemləri səbəbilə Almaniyaya qayıtmaq qərarına gəlir. Bəzi mənbələr atasının Bakını tərk etmə səbəblərindən birinin mason lojasının üzvü olmaları ilə bağlı olduğunu iddia edir. Köçmə qərarı verildikdən sonra Qustav Hacıkənddəki bağ evini satmağa çalışır, lakin  mümkün olmur. Sonda evi bütün əşyaları ilə birlikdə Bakıdakı qadın təhsil müəssisələrindən birinə verir ki, şagirdlər yay aylarında orada istirahət edə bilsinlər. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Rusiya imperiyasında etnik almanlara qarşı ciddi repressiyalar başlayır.

1915-ci il dekabrın 13-də alman əsilli torpaq sahiblərinin mülkiyyətinin ləğvi haqqında qanun qəbul edilir və 1916-cı il martın 31-də Zorge ailəsinin Hacıkənddəki torpaq sahələri müsadirə olunur. Lakin Qustav Vilhelm bu hadisələrdən xəbərsiz qalır, çünki 1907-ci ildə vəfat etmişdi. Bu hadisələrdən sonra Rixard Zorge artıq Bakı və Azərbaycanla yollarını ayırır. Ancaq sonralar Moskvada dostları ilə zarafatla belə deyəcəkdi:

“Əslində özümü azərbaycanlı saya bilərəm. Təkcə bir problem var – azərbaycanca bir kəlmə də bilmirəm”. 

Rixard 1917-ci ildə orta məktəbi bitirir, bir il sonra isə Berlindəki Fridrix Vilhelm İmperator Universitetini fəlsəfə ixtisası üzrə tamamlayır. Hamburq Universiteti fəaliyyətə başlayanda isə dövlət və hüquq fakültəsinə daxil olur və hüquq elmləri doktoru elmi dərəcəsini qazanır. Zorgenin həyatında mühüm dönəmlərdən biri Birinci Dünya müharibəsinə könüllü olaraq qatılmasıdır. O, Almaniya ordusunun tərkibində döyüşür və göstərdiyi xidmətə görə ikinci dərəcəli “Dəmir Xaç” ordeni ilə təltif olunur. Lakin bu hərbi yolçuluq uzun çəkmir. 1917-ci ildə ağır yaralanır, mərmi qəlpələri bədəninə dəyir və üç gün tikanlı məftildə asılı vəziyyətdə qalır. Həkimlər onun ayağının amputasiyasını planlaşdırırdılar, lakin Zorge öz iradəsi və müdaxiləsi ilə bu aqibətdən qurtulur. Amma bir ayağı digərindən üç santimetr qısa qalır və o, ömrünün sonuna qədər axsaya-axsaya gəzir. 

Kəşfiyyatçı- jurnalist 

1918-ci ilin noyabrında Rixard Zorge Kielə köçür və burada baş verən matros üsyanına qatılaraq matros sovetinin üzvü olur. Qısa müddət sonra Hamburqa yerləşərək jurnalist kimi fəaliyyətə başlayır. Məhz burada o, Almaniya Kommunist Partiyasının lideri Ernest Telmanla tanış olur. Zorgenin jurnalistika fəaliyyəti, əslində, onun kəşfiyyat missiyası üçün ideal bir örtük idi. Bununla belə, bu sahədə o, peşəkarlığı və analitik bacarıqları ilə seçilirdi. Beynəlxalq siyasət və qlobal proseslərə dair yazıları, reportajları müxtəlif alman və beynəlxalq nəşrlərdə çap olunurdu.

Zorge Şanxayda nüfuzlu Berlin qəzetinin və bir neçə amerikalı nəşrin müxbiri kimi fəaliyyət göstərərkən “Aleksandr Conson” təxəllüsündən istifadə edirdi. Tokioya getdikdən sonra “Frankfurter Zeitung” qəzetinin müxbiri olur, daha sonra isə Almaniyanın Yaponiyadakı səfirliyində mətbuat katibi kimi fəaliyyətini davam etdirir. Bu vəzifələr sayəsində həm yerli hakimiyyət, həm də diplomatik dairələrə yaxınlaşa bilir. Zorgenin fəaliyyəti yalnız jurnalistika ilə məhdudlaşmırdı. O,  üç kitab nəşr etdirir və Yaponiyada həbsxanada olarkən öz memuarlarını yazmağa başlayır. 

Arvadının təkidi ilə agent oldu

1924-cü ildə Almaniyada Kommunist Partiyası qadağan olunduqdan sonra Zorge xanımı Kristina ilə Moskvaya gedir. 1925-ci ildə Sovet vətəndaşlığı alır və “Komintern” aparatında işləməyə başlayır. Maraqlıdır ki, Zorgenin Moskva həyatı haqqında məlumat yoxdur. Moskvada  işləmək ona cansıxıcı gəlirdi. O, ərizə yazıb onu başqa işə- inqilabın ön cəbhəsinə göndərilməsini təkidlə xahiş edir. Berlinə səfərlərinin birində uzun illərdir Sovet kəşfiyyatı ilə əməkdaşlıq edən həyat yoldaşı Kristina onu Sovet hərbi kəşfiyyatının qərbi Avropadakı residenturası ilə tanış edir.

1929-cu ildə kəşfiyyat tapşırığı ilə İngiltərəyə göndərilir. Orada qısa müddətlik polis tərəfindən saxlanılsa da, ifşa olunmur və fəaliyyətini davam etdirə bilir. İngiltərə və İrlandiyada bir sıra mühüm agentlərlə görüşür. 1930-cu ildə Kristinanın zəmanəti ilə Şanxaya köçür və burada ona Sovet kəşfiyyat şəbəkəsi yaradılması tapşırılır. 1930-cu ildən etibarən Şanxayda yaşayan Zorge burada amerikalı jurnalist və kəşfiyyatçı Agnes Smedli və yapon jurnalist, kommunist Hotsumi Odzaki ilə tanış olur. Odzaki, zamanla Zorgenin əsas informasiya mənbələrindən birinə çevrilir. Rixard jurnalist fəaliyyəti altında bütün Çini gəzir və kənd təsərrüfatı haqqında lazımlı məlumatlar toplayırdı.

Cində çalışdığı müddətdə o mərkəzə 600-dən çox məlumat ötürmüşdü və bu məlumatların 250-si Stalinə bildirilmişdi. Zorgeni Moskvaya geri çağırırlar. Səbəb isə Çində keçirdiyi nizamsız həyatı olur. 1930-cu ildə  siyasi həbslərdən qurtularaq Yaponiyada çıxan alman qəzetlərinin birinə müxbir kimi göndərilir. 1933-cü ilin sentyabrından 1941-ci ilin oktyabrına qədər Zorge Yaponiyada Sovet hərbi kəşfiyyatının qeyri-leqal rezidenturasının rəhbəri olur. Yaponiyanın Xarici İşlər Nazirliyindən rəsmi tövsiyə məktubu əldə edərək, uzun illər Sovet İttifaqı üçün strateji məlumatlar toplayır və ötürür. Nazirlikdə Zorge hərbi attaşe, sonralar isə səfir olan Olgen Otto ilə tanış olur və bu tanışlıq "dostluğa" çevrilir. Zorgenin jurnalist kimi yazdığı arayışlar və məruzələr Berlində birmənalı olaraq yüksək qiymətləndirilir. Zorgenin Kremlə işlədiyini isə Otto çox sonralar bilir. 

Repressiya və şübhələr içində davam edən missiya 

1925-1937-ci ildə SSRİ-də başlayan böyük repressiya dalğası kəşfiyyat orqanlarını və xaricdə fəaliyyət göstərən agent şəbəkələrini də əhatə edir. Həmin ilin ikinci yarısında "Ramzay" kod adlı Rixard Zorqe və onun 32 nəfərlik kəşfiyyat şəbəkəsinin geri çağırılması və fəaliyyətinin ləğvi barədə qərar verilir. Lakin bu qərar, o dövrdə Sovet Hərbi Kəşfiyyat İdarəsinin rəhbərliyinə yeni təyin olunmuş, NKVD-dən gələn Semyon Hendinin müdaxiləsi ilə qüvvədən salınır. Zorgenin göndərdiyi məlumatların dezinformasiya olması ilə bağlı ciddi şübhələr olsa da, Hendin onun rezidenturasının saxlanmasına nail olur. Amma çox keçmir ki, Hendin də repressiyalara tuş gəlir.

O, 1938-ci ildə “casusluq” və “Qırmızı Ordu daxilində hərbi-faşist çevrilişində iştirak” ittihamı ilə həbs olunur və qısa müddət sonra güllələnir. Zorgenin rəhbərlik etdiyi şəbəkə texniki olaraq fəaliyyətini davam etdirsə də, artıq  mərkəz üçün etibarsız, “şübhəli element” kimi damğalanmışdı. 1938-ci ilin aprelində Zorge Moskvaya qayıtmağa hazır olduğunu bildirən müraciət göndərsə də, bu müraciət cavabsız qalır. Elə həmin ilin may axşamlarından birində Zorge Tokioda Hotsumi Odzaki ilə görüşərək, Moskvaya təcili çatdırılmalı olan çox önəmli bir məlumat alır. Bu məlumatı radioötürücü vasitəsilə ötürmək üçün motosikletlə radist Maks Klausenin evinə tələsərkən qəzaya uğrayır və ağır yaralanır. Qəzadan sonra Zorgenin vəziyyəti ağır olsa da, huşunu itirmir və dərhal Klausenə zəng edərək həm sənədləri, həm də üzərindəki dollarları ona çatdırır.

Klausen polisdən tez davranaraq Zorgenin evinə çatır və oradakı kompromat materialları götürüb gizlədə bilir. Bu soyuqqanlılıq sayəsində şəbəkə ifşa olmaqdan xilas olur. Zorge bütün bu gərginliklərə və təhlükələrə baxmayaraq, Moskvaya göndərdiyi məktublarda və şifrəli teleqramlarda Yaponiyada nə qədər qalmalı olduğunu soruşurdu: müharibə bitdikdən sonra geri çağırılacaqmı, yoxsa bir neçə ay daha qalmalı olacaq? 1940-cı il iyulun 22-də mərkəzə göndərdiyi məktubda bu sualı konkret qoyur.  Sovet Hərbi Kəşfiyyatının rəhbərlərindən general İvan Prosurov ona səbəbləri izah edən məktub göndərir. Məktubda, həmçinin Zorge və onun şəbəkə üzvlərinə birdəfəlik mükafat verilməsi nəzərdə tutulurdu. Lakin yerinə yeni, uyğun bir kadr tapılmadığı üçün fəaliyyətini davam etdirməli olur. 1940-cı ilin mayında mərkəz Zorgeyə bildirir ki, o və qrupu Yaponiyada qalacaq və hələlik heç bir dəyişiklik planlaşdırılmır. Paralel olaraq, yeni əlaqələndiricilərin axtarışı da davam etdirilirdi.

İkinci Dünya müharibəsi başladıqdan sonra Zorge rəsmi şəkildə Almaniyanın Yaponiyadakı səfirliyində işə qəbul edilir. Burada Alman İnformasiya Bürosunun direktoru fon Ritgenin tapşırığı ilə Yaponiyanın daxili siyasi vəziyyətinə dair analitik hesabatlar hazırlayır. 1941-ci ilin yayında Almaniya SSRİ-yə hücum etdikdən sonra Zorge Berlinə gizli şəkildə məlumat ötürür ki, Yaponiya Sovet İttifaqı ilə imzalanmış hücum etməmək paktını pozmayacaq və şərq cəbhəsində hücuma keçməyəcək. 

Həbsindən edama qədər 

1942-ci ilin payızında Yaponiyada polis rejimi güclənir. 8 oktyabrda Zorge və 24 kəşfiyyatçı Yaponiya polisi tərəfindən həbs edilir. Həbsindən 2 gün əvvəl o mərkəzə yazaraq bildirir ki, vəziyyət pisdir:

“Biz Almaniyaya, yoxsa SSRİ-yə qayıdaq?” Lakin cavabı almağa zamanı olmur... 

1943-ci ilin yanvarında oktyabrda həbs olunanların ifadələri əsasında Zorgenin qrupunun qalan 11 nəfəri də həbs olunur. Zorge ifadələrində heç bir qrup üzvlərinin adını çəkmir. Sevgilisi olan qadınları tamamilə bu işlərdən uzaq tutur, hər şeyi öz boynuna götürür. Yaponiyanın gizli polisi və prokurorluğu Zorge və onun komandasını “Komintern”in agentləri kimi təqdim edir və onları birbaşa Sovet İttifaqının kəşfiyyat orqanları ilə əlaqələndirməkdən çəkinir. Zorge öz ifadələrində “Komintern”in agenti olduğunu bildirir, Sovet kəşfiyyatını isə yalnız texniki bir qurum kimi qəbul etdiyini söyləyir. Onun ifadələrində Sovet kəşfiyyatı kəlməsi heç bir yerdə qeyd olunmur. O, Yaponiyada kommunist fəaliyyəti ilə məşğul olduğunu və Sovet səfirliyi ilə əlaqə saxladığını qeyd edir. Bu dövrə dair bir çox mif də yaranmışdı.

Məsələn, bir mifə görə, Zorge edamdan əvvəl Tokioda “Yaşasın Kommunist Partiyası, Sovet İttifaqı, Qızıl Ordu!” deyə qışqırıb. Lakin bu mif tamamilə Sovet təbliğatının uydurmasıdır. 2004-cü ildə Yaponiyada tapılan sənədlərdə edam proseduru ilə bağlı belə bir hadisə qeyd olunmayıb. Bu sənədlərə əsasən, Zorge sakit davranmış, həbsxana işçilərinə yaxşı münasibət göstərmiş və hökmün icrası üçün kameraya sakitcə, ləyaqətlə, getmişdir. Hətta gözlərini bağlamaqdan imtina edərək, ölümə qarşı soyuqqanlı bir şəkildə qarşı durub. Başqa bir mifə görə, guya yaponlar Stalinə üç dəfə Zorgeni öz kəşfiyyatçıları ilə mübadilə etməyi təklif ediblər, amma Stalin bu təklifi rədd edib. Lakin bu məlumat da heç bir mənbə tərəfindən təsdiqlənmir. Bu versiya təxminən 1960-cı illərdə Xruşşov dövründə yaranmışdı. B. İ. Gudzin, Leopold Trepperin öz xatirələrinə istinad edərək, bu hadisənin Zorgeyə işgəncə verilməsi nəticəsində baş verdiyini, Zorgenin Sovet agenti olduğunu etiraf etdiyini, amma Stalin tərəfindən bağışlanmadığını bildirirlər.

Lakin əslində yaponlar  belə təklif etməyiblər və Zorge öz dindirilmələrində açıqca bildirmişdi ki, o, Sovet kəşfiyyatına işləməyib. Zorge Yaponiyada “Komintern”in agenti kimi ittiham olunurdu. O, Çin və Yaponiyada Sovet kəşfiyyatına deyil, “Komintern”ə xidmət etdiyini daim vurğulayırdı. Zorge heç bir halda belə bir vəziyyətdə necə davranmaq üçün hazır edilməmişdi,  sadəcə düzgün bir insan kimi davrandı. Həbsdə olduğu dövrdə, yoldaşlarının vəziyyətini yüngülləşdirmək üçün onların günahını öz üzərinə götürdü, amma heç bir halda heç kimi satmadı. Zorge – Ramzay, həqiqətən də əsl kişi kimi ləyaqətini qoruyaraq ölümə getdi. 

Edamdan sonra döyünən ürək

Zorge və Hotsumi Odzaki 7 noyabr 1944-cü ildə Tokio "Sugamo" həbsxanasında edam olunurlar. Həkimlər Zorgenin cəsədini yoxladıqda, ürəyinin hələ 8 dəqiqə döyündüyünü qeyd ediblər, lakin bu barədə mətbuatda heç bir məlumat verilməyib. İlk olaraq, Zorge “Sugamo” həbsxanasının həyətində dəfn olunur, amma sonra yaponiyalı həyat yoldaşı İsii Hanako cəsədi üzərindəki üç yara, eynək və kəmərlə müəyyən edərək, klimatoriyada yandıraraq külünü Tama qəbirstanlığında dəfn edir. İsii Hanako Zorgge haqqında üç kitab yazıb. İlk kitabı 1949-cu ildə "Zorge – İnsan" , ikinci kitabı isə 1951-ci ildə "Bütün Sevgim Zorgeyə" adıyla dərc olunub. 2000-ci ilə qədər Hanako İsii hər il Zorgenin məzarını ziyarət edib. Həbsxana rəisi Zorgeyə son sözlərini soruşub: "Öz vəsiyyətinizlə bağlı bir şey əlavə etmək istəyirsinizmi?" Zorge cavab verib: "Mənim vəsiyyətim əvvəlki kimi qalır". Sonra rəhbər əlavə edib:

"Başqa bir şey demək istəyirsinizmi?" Zorge sadəcə "Xeyr, başqa heç nə demək istəmirəm",- deyib. Bu söhbətdən sonra Zorge həbsxana işçilərinə dönərək, "Sizlərə göstərdiyiniz mərhəmətə görə təşəkkür edirəm",- deyib. Sonra isə onu hökmün icrasına aparıblar. Edam zamanı gözlərinin bağlanmasını istəməyib... 

Səbinə Uğur
"Cebheinfo.az"