Amerikada Fələstin tərəfdarlarının evlərinə basqın edildi

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) və yerli polis əməkdaşları, Miçiqan Universitetində keçirilən Fələstin tərəfdarı aksiyalarla əlaqəli bəzi fəalların evlərinə basqın təşkil edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Lisansüstü İşçilər Təşkilatı (GEO) yazılı açıqlama yayıb.
Bildirilib ki, FBI, Miçiqan Ştat Polisi və yerli hüquq-mühafizə orqanları universitetdəki Fələstin aksiyalarına dəstək verən bəzi fəalları evlərində saxlayaraq sorğu-suala çəkiblər.
Qeyd olunub ki, Ann Arbor bölgəsində bir evə reyd keçirən hüquq-mühafizə orqanları 2 fəalı saxlayıb və onlara aid elektron cihazlara əl qoyulub. Ypsilanti bölgəsində isə 4 nəfər saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb.
GEO nümayəndələri bildiriblər ki, bu gün həyata keçirilən əməliyyatları və ümumilikdə siyasi fəallığa qarşı keçmişdə və indi göstərilən bütün təzyiqləri qətiyyətlə pisləyirlər.
Təşkilat həmçinin hüquq-mühafizə orqanlarının basqın zamanı axtarış orderini təqdim etməkdən imtina etdiklərini və əməliyyatın səbəbini açıqlamadıqlarını vurğulayıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”