Qəzzada 4 İsrail əsgəri öldü

Qəzzada 4 İsrail əsgəri öldü

Qəzza zolağının cənubunda daxil olduqları binada əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 4 İsrail əsgəri ölüb, 5-i isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu əsgərlərin girdiyi binaya yerləşdirilən partlayıcının partlaması nəticəsində binanın çökdüyünü açıqlayıb.

Ölən 4 İsrail əsgərindən ikisinin 33 yaşlı Çen Qross və 19 yaşlı Yoav Raver olduğu, digər ikisinin adının isə ailələri tərəfindən açıqlanmadığı bildirilib.

Yaralanan 5 əsgərdən birinin vəziyyətinin ağır olduğu qeyd edilib. İsrailin KAN dövlət televiziyası hadisənin səhər saat 06:00 radələrində Xan Yunus şəhərinin şimalında baş verdiyini bildirib.

Partlayıcı qurğunun İsrail əsgərlərinin binaya daxil olduğu zaman işə düşdüyü və əsgərlərin çökən binanın dağıntıları altında qaldığı, 4 əsgərin isə hadisə yerində öldüyü bildirilib.

Yaralı əsgərlərin helikopterlə bölgədən çıxarılaraq müalicə olunmaq üçün xəstəxanaya göndərildiyi, ölən əsgərlərin cəsədlərinin saatlarla davam edən işdən sonra dağıntılar altından çıxarıldığı qeyd edilib.

Keçən həftə Qəzza zolağında 8 İsrail əsgəri həlak olarkən, bugünkü hadisə İsrailin qurudan hücumuna başladığı 27 oktyabr 2023-cü ildən bu yana qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayını 424-ə çatdırıb. Qəzzada iki İsrail polisi və Müdafiə Nazirliyinin 3 rəsmisi də həlak olub.

İsrail ordusunun paylaşdığı məlumatlara görə, 7 oktyabr 2023-cü ildən bəri ölən və adlarının açıqlanmasına icazə verilən əsgərlərin sayı 864-ə yüksəlib.

Nigar Hacılı 
"Cebheinfo.az"