Türk dünyası idealı hər zaman yaşayacaq - FİDAN

Türk dünyası idealı hər zaman yaşayacaq - FİDAN

Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Bu istiqamətdə siyasətlərimizi səbr və əzmlə davam etdirəcəyik.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan norveçli həmkarı Espen Barth Eide ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Türk dünyası ideyası yalnız bu günə deyil, keçmişə və gələcəyə də aiddir.

"Türkiyənin Sovetlər Birliyi dövründə də Türk dünyası ilə bağlı idealları mövcud idi. Bu gün müstəqil Türk respublikaları varkən də bu ideal yaşayır və gələcəkdə də yaşamaya davam edəcək", – deyə nazir vurğulayıb.

Nazir Fidan əlavə edib ki, olmayan bir problemi süni şəkildə gündəmə gətirmək bəzi dairələrin nə qədər çıxılmaz və ümidsiz vəziyyətdə olduqlarını nümayiş etdirir.

"Biz prinsip olaraq ailəvi xarakterli məsələlərin ictimaiyyət qarşısında müzakirə edilməsini doğru hesab etmirik", – deyə Fidan əlavə edib.

Kipr məsələsinə toxunan nazir bildirib ki, Rumlar və Avropa İttifaqı nə deyirsə desin, artıq federasiya modeli masada deyil.

"Bu modelin olmamasının səbəbkarı da elə yunanlar özləridir", – deyə o vurğulayıb.

"Cebheinfo.az"