Faizlər yüksək olsa da: Niyə hamı kredit alır?

“Azərbaycanda kredit faizlərinin artımı əsasən bazarda faizlərin yüksəlməsi ilə bağlıdır”.
Bu fikirləri Mərkəzi Bankın rəhbəri Taleh Kazımov deyib.
Bankın rəhbəri hesab edir ki, banklar "yastıqaltı" vəsaitləri cəlb etmək üçün depozit faizlərini qaldırdılar:
“Depozitlərin faiz dərəcələrinin artımı kreditləri cüzi də olsa bahalaşdırıb. Ancaq artan faiz şəraitində kreditləşməmiz azalmayıb, əksinə, illik əsasda kredit portfelimiz 18.7 faiz artıb".
Qeyd edək ki, ölkədə cəmi 150 min unikal əmanətçi var və ekspertlərin fikrincə, bu ölkəmiz üçün çox kiçik rəqəmdir. Ancaq bununla yanaşı, bu gün vətəndaşların bir çoxu istehlak kreditləri üçün davamlı olaraq banklara müraciət edir.
Bu gün ölkədə əhalinin əmanət hesabının az olması və əksinə, istehlak kreditlərinin artması əhalinin gəlirinin az olmasının göstəricidir?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Mərkəzi Bankın kredit faizləri ilə bağlı yerli banklara təklif etdiyi pul vəsaitləri 6,25-8,25 faiz aralığında dəyişir:
“Bu aralıqda banklar çərçivə halında saxlanılır. Yəni Mərkəzi Bankın verdiyi vəsaitlərin faiz dərəcələri az qalsın 17 faizə qədər artır. Mərkəzi Bankdan vəsait alan yerli banklar kifayət qədər yüksək faizlə alırlar. Uçot dərəcələri də dəyişməz olaraq saxlanıldı, azaldılmadı. Azaldılmadığına görə də kredit faizləri aşağı düşməyəcək.
Kreditləşmənin yüksəlməsi müsbət hal kimi qiymətləndirilə bilər. Amma o halda ki, iri investisiya sahələrinin maliyyələşdirilməsi və yaxud da digər ortaq sahibkarlıq üzrə kreditləşmə dinamikasında artım baş versin. Kreditləşmə üzrə təsnifata diqqət yetirsək, görərik ki, daha çox kiçik sahibkarlıq subyektləri, istehlak kreditləri və ani kreditlər üzrə müraciətlərin həcmində artım var.
Yəni, bu üç kateqoriya əslinə heç bir iqtisadi inkişafın baş verməsini əsaslandırmağa imkan vermir. Bu əsaslandırma doğru deyil. Daha böyük məbləğdə iri kreditlərin, məsələn, aqrar sektor üzrə aşağı faizli kreditləşmə, sənaye üzrə kreditləşmə, ixracın stimullaşması üzrə kreditləşmə təsnifatları üzrə bu kateqoriyadan olan kreditləşmə demək olar ki, artmayıb. Əvvəlki dövrlərlə müqayisədə 2-7 faiz arasında azalma müşahidə edilir. Kiçik, istehlak və ani kreditlər üzrə kreditləşmə bankların inkişafına heç bir halda kömək etmir”.
Ekspert deyib ki, faizlər yüksək olsa da, məhz bu kateqoriyadan olan kreditlərdə problemli kreditlərin portfeli 70 faiz civarındadır:
“Araşdırdıqda görürük ki, problemli kreditlər ən çox kiçik, istehlak və ani kreditlər üzrə ödəişlərdə formalaşır. Həqiqətən də problem vətəndaşların cari ehtiyaclarını qarşılamaq üçün müraciət etdiyi kreditlərdir. Bu kreditlərin artması Azərbaycan manatının alıcılıq qabiliyyətinin zəifləməsi, ixracat üzrə bahalaşma, istehlak potensialının aşağı düşməsiylə bağlıdır. Nəticə etibarilə də cari vəziyyətə uyğun olaraq kredit müraciətləri formalaşır və bu, bankların kreditləşməsində müəyyən qədər özünü göstərir”.
Ekspertin fikrincə, xüsusi məqam da ondan ibarətdir ki, məhz problemli kreditlər də elə bu aşağı, istehlak kreditləri üzrə formalaşır:
“Ona görə də Azərbaycan Mərkəzi Bankı dolların dəyərinin düşdüyü, rublın, avronun dəyər qazandığı bir zamanda operativ qərarlar verməli, xüsusilə də idxal zaman manata təzyiqləri azaltmaq üçün uçot dərəcəsini müəyyən məbləğdə azaltmalı idi. Çünki biz əsasən idxalçı ölkəyik. Xüsusilə Rusiyadan, əsas ticarət tərəfdaşımız olan Avropadan idxal edirik. Ərzaq, kənd təsərrüfatı, sənaye, tikinti məhsulları idxal olunur.
Məsələn, idxal prosesində rublın bahalaşması manata təzyiqi artırır. İxracatda isə manat dəyər itirir. Çünki neftin qiyməti nəzərdə tutulmuş proqnozlardan aşağı səviyyədədir. Əgər 2025-ci ilin büdcəsində neftin qiyməti 70 dollar nəzərdə tutulubsa, ixracatımızı əsasən neft və qaz təşkil edirsə, qiymətlər də aşağı səviyyədədirsə, demək, manat neft -qaza görə dəyər itirir. Dollar da dəyər itirir ki, biz neftin pulunu dollarla alırıq.
Bu zaman da gəlirlərimiz azalır və manat dəyər itirir. Əslində rubl, avro dəyər qazandığı bir stuasiyada manata təzyiqlər artır və manat alıcılıq qabiliyyətini itirir. Beləliklə, daxili bazarda bahalaşma baş verir. Bütün bunlar da dolayı yolla vətəndaşın gündəlik yaşamında özünü göstərir.
Vətəndaşın həyat şəraiti ağırlaşır, məcburi olaraq istehlak və ani kreditlərə müraciət edir, bu da həm banklar üçün problemli kreditlər yaradır, həm də bankların inkişafını ləngidir. Yəni, əlində olan aktivlərin problemli kreditlər portfelinə yığılmasına səbəb olur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”