Rusiya-Ukrayna münaqişəsində son vəziyyət: "Putin nəzarəti itirib"

Rusiya-Ukrayna münaqişəsində son vəziyyət: "Putin nəzarəti itirib"

"Trampın planı sadəcə bir layihədir. Belə bir düşüncə vardı ki, Putinə güzəştə getmək yaxşı nəticə verə bilər. Lakin bu, kökündən səhv yanaşmadır”.

Bunu "Cebheinfo.az"-a açıqlamasında ukraynalı politoloq Aleksand Oxrimenko deyib.

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski dövlət mövqeyindən çıxış edərək kifayət qədər sərt bir mövqe tutdu:

“Üstəlik, bu bəyanatından sonra onun reytinqi daha da artdı. Hazırkı vəziyyətdə Prezident Volodimir Zelenski tamamilə dövlət maraqları prizmasından çıxış edir. Əgər Kreml belə düşünürsə ki, bu Ukrayna daxilində parçalanma yaradacaq yanılır, əksinə, bu, cəmiyyəti daha da birləşdirir.

Bugünkü sorğular və ictimai bəyanatlar göstərir ki, ukraynalılar heç bir ərazi güzəştini qəbul etmirlər. Krım Ukraynadır. Heç bir ərazi güzəştindən söhbət gedə bilməz. Vaşinqtonda belə utopik planlara meyil olduğunu anlayıram. Amma diqqət yetirin, ABŞ Prezidenti Donald Trampın əvvəllər də - istər gömrük tarifləri, istərsə də miqrasiya siyasəti ilə bağlı ideyaları iflasa uğrayıb. İndi də eyni hal təkrarlanır”.

Onun sözlərinə görə, Donald Tramp bir ideya irəli sürür, amma bu ideya həyata keçə bilmir və nəticədə unudulur:

“Bu dəfə də belə olacaq. Məhz Volodimir Zelenskinin bu gün atdığı addımlar nə oldu? Birincisi, o, mövqeyini dəqiq şəkildə ortaya qoydu və bəyan etdi ki, heç bir ərazi güzəşti olmayacaq. İkincisi, o bildirdi ki, danışıqlar mümkündür, amma təslimiyyət əsasında yox.

Ukrayna hər zaman prinsipial şəkildə bildirir, əvvəlcə döyüşlər dayanmalıdır, sonra danışıqlar başlaya bilər. Bunun alternativi yoxdur. Nəticədə Donald Tramp Volodimir Zelenskiyə qarşı çıxaraq onu tənqid etməyə başladı”.

O qeyd edib ki, zamanla Tramp bu tərzdə bir çox adamı tənqid edir, o qədər mənasız bəyanatlar verir ki, artıq heç kim onu ciddi qəbul etmir:

“Əslində, onun fərqli bir fikir söyləməsi təəccüblü olardı. Rusiyaya gəlincə, orada artıq real hakimiyyət yoxdur. Putin nəzarəti itirib. Krımdakı vəziyyəti nəzarətdə saxlaya bilmir.

Bu səbəbdən, Tramp və Putin arasında planlaşdırılan görüş də əhəmiyyətini itirib. Çünki nə biri, nə də digəri real qərarvermə səlahiyyətinə malik deyil. Hazırda real hakimiyyət başqalarının əlindədir və danışıqları da məhz onlar aparır. Bu danışıqlar qeyri-rəsmi şəkildə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında aparılır".

Ekspert kağız üzərində qalan ideyalar çox oldugunu vurğulayaraq bildirib ki, reallıq Ukraynanın heç vaxt Krımdan imtina etməyəcəyidir:

“Bəli, bu gün onu geri almaq üçün yetərli gücü yoxdur, amma bu, o demək deyil ki, Ukrayna bunu heç vaxt etməyəcək. Xatırladım ki, vaxtı ilə Ermənistan “Dağlıq Qarabağ” münaqişəsi zamanı Azərbaycana məxsus torpaqların böyük bir hissəsini işğal etmişdi.

Ancaq zaman keçdi və bu gün Azərbaycan işğal olunmuş bütün torpaqlarını geri qaytardı. Eyni ssenari indi də baş verəcək. Bu tez olmayacaq, çətin bir prosesdir, amma istənilən halda həm Krım, həm də Donbas Ukraynaya qayıdacaq. Bu torpaqlar yenə də Ukraynanın ərazisi olacaq.

Buna görə də, bu gün səsləndirilən bəyanatlar, ideyalar, guya nəyinsə dəyişə biləcəyi ilə bağlı fikirlər əhəmiyyətsizdir. Amerikalı və avropalı siyasətçilər öz fikirlərini bildirirlər, müxtəlif mövqelər səsləndirirlər. Bu cür bəyanatları tez-tez eşidəcəyik. Amma onlara adi siyasi açıqlamalar kimi yanaşmaq lazımdır.

Ümumiyyətlə, siyasətçilərin bir vərdişi var, bu gün bir şey deyirlər, sabah başqa, birisi gün isə tamam fərqli bir fikir irəli sürürlər. Tarixdə saysız-hesabsız belə hallar olub ki, siyasətçilər açıq-aşkar yanılıb. Bu halda da Tramp səhv edir.

Tramp düşünür ki, guya Putinlə "xoş münasibət" qurmaqla nəyəsə nail ola bilər. Amma o başa düşmür ki, Putinin artıq Krımda qərarvermə səlahiyyəti yoxdur. Hazırda Trampın xüsusi nümayəndələri Putinlə danışır, ardınca hansısa rəsmi səfərlər olur, amma Kremlin real nümayəndələri tamamilə fərqli açıqlamalar verirlər. Bu da göstərir ki, Putin artıq qərar verən tərəf deyil".

Politoloq hesab edir ki, hazırda Rusiyada hakimiyyət məhz rusiyalı oliqarxlarının əlindədir:.

"Hətta ABŞ və Rusiya arasında keçirilən danışıqlarda Lavrov yox, orada məhz rus oliqarxlarının nümayəndələri iştirak edirdi. Onlar əsasən iqtisadi məsələləri müzakirə edirdilər. Sanksiyaların götürülməsi, ortaq iqtisadi layihələr, o cümlədən Çinə qarşı yönəlmiş layihələr. Bax, bunlar real danışıqlardır.

Krım məsələsi, suverenlik kimi mövzular isə sadəcə siyasətçilərin boş ritorikasıdır. Bu cür sözlər bundan sonra da səslənəcək. Sadəcə, bu, siyasətçilərin danışmaq üçün istifadə etdiyi mövzulardır.

Amma Ukrayna heç bir halda Krımdan imtina etməyəcək. Rusiya isə gec-tez dağılacaq və Krım yenidən Ukraynaya qayıdacaq. Tarixən bu belə olub, necə ki, Qarabağ məsələsində, nəticə eynidir".

Səbinə Uğur 
"Cebheinfo.az