Dövlət qurumları üçün təlimlər başlayıb - FOTOLAR

Aprelin 24-ü Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təlim iştirakçılarını salamlayıb, onların Universitetin müasir tədris mühitində öz sahələri ilə bağlı yeni yanaşmalar və faydalı baxış bucaqları qazanacaqlarına əminliyini ifadə edib.
O, dövlət qulluqçularının peşəkar inkişafında davamlı öyrənmənin əhəmiyyətini vurğulayaraq bildirib ki, ADA-nın İxtisasartırma Proqramı illərdir yerli və xarici təlimçilər, peşəkar akademik heyət və qonaq ekspertlər vasitəsilə dövlət sektorunda çalışanların bilik və bacarıqlarının müasirləşdirilməsinə, qlobal trendlərlə ayaqlaşmasına və strateji düşüncə qabiliyyətinin inkişafına mühüm töhfə verir.
Əlavə edib ki, Medianın İnkişafı Agentliyi ilə birgə təşkil olunan bu proqramın məqsədi iştirakçılara dövlət qurumlarında strateji kommunikasiyanın imkanlarını daha dərindən dərk etmək, bu sahədə mövcud funksiyalar, strategiyalar və texnikalarla tanışlıq səviyyəsini artırmaq və onların tətbiqində peşəkarlığı gücləndirməkdir.
Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova qeyd edib ki, müasir dövrdə informasiya məkanındakı sürətli dəyişikliklər və rəqəmsal transformasiyalar strateji kommunikasiyanın rolunu daha da artırmaqla dövlət qurumları və cəmiyyət arasında effektiv əlaqənin qurulmasını, məlumatların düzgün və operativ şəkildə təqdim edilməsini, qarşılıqlı etimad mühitinin gücləndirilməsini zəruri edir.
O, media subyektləri ilə əlaqələrin təkmilləşdirilməsinin, xüsusilə də böhran vəziyyətlərində ardıcıl və koordinasiyalı mesajların verilməsinin vacibliyinə toxunaraq bildirib ki, bu kimi təlimlər mətbuat xidmətlərinin peşəkarlığının artırılmasına və daha çevik kommunikasiya strategiyalarının hazırlanmasına mühüm töhfə verir.
Təlim sessiyası ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araşdırmalar, təhlillər və nəşrlər üzrə direktoru Damyan Krineviç tərəfindən aparılacaq və dövlət qurumlarının informasiya siyasəti və ictimaiyyətlə əlaqələr üzrə strategiyalarının gücləndirilməsinə yönələcək.
Üç sessiyada iştirak edəcək 15-dək kommunikasiya üzrə məsul şəxs reputasiyanın idarə olunması, böhran kommunikasiyası, emosional təsir gücü olan mesajların dizaynı və strateji yanaşmalar sahəsində həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını inkişaf etdirəcəklər.
“Cebheinfo.az"