Nizami Alışan məhkəmədə sinif yoldaşı ilə üz-üzə gəldi

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə ifadəsi zamanı bildirib ki, 2021-ci ildən 2022-ci ilədək təqsirləndirilənlə arasında yatırım və qazancla əlaqəli şifahi razılaşma olub:
"Mən Türkiyədə yaşayıram və hazırda da tikinti sahibkarlığı ilə məşğulam. Azərbaycanda birja işi ilə məşğul olmaq istəyirdim. Nizamini bu işlə məşğul olan şəxs kimi tanıyırdım. İnvest.az-da yatırım edib pul qazanacağımızı dedi. Mənə 5 dəfə 10-50 min dollar arası pul vermişdi. O pulu dostumun mebel mağazasına gətirirdi və sürücüm oradan götürürdü. Pulların verilməsi ilə bağlı aramızda rəsmi müqavilə olmayıb. Mənə demişdi ki, bu pulu valyuta alqı-satqısından qazanır. Özüm bu proseslərdə iştirak etməmişdim. Verdiyim ümumi məbləğin içində 4 nəfər dostumun da pulu vardı. Onlar da mənim kimi sahibkardırlar. Bu pulların sənədlərini məhkəməyə təqdim edə bilərik. Hərəmiz 250, 300, 400 min dollar pul yatırmışdıq. Ümumilikdə 1 milyon 300 min dollar ödəmişdik. Gələn gəlir 2-4 faizlə olurdu və biz bunu dostlarımızla aramızda bölüşdürürdük. Nə qədər faiz gələcəyini Nizami deyirdi. Mənə iki variant təklif etmişdi: riskli və risksiz. Riskli variantda qazanc ehtimalı çox idi. Mən, əlbəttə ki, risksiz variantı seçmişdim. Biz sonradan pullarla bağlı ofisimdə görüşməli idik. Eşitdim ki, o, görüşə gələn gün saxlanılıb".
Daha sonra Nizami Babək Məmmədzadənin ifadəsinə münasibətini bildirərək vurğulayıb ki, o, "Forex"lə hələ yeniyetməlik dövründən məşğul olub.
"Babək Məmmədzadə mənim sinif yoldaşım olub. Analizlər edib yatırımlar qoyurdum. Burada 10 dollardan milyon dollara qədər yatırım edə bilirdik. Məsələn, qızıllar yatırım edirdim. Bir həftə sonra qızılın dəyəri 10% artanda pulum da artırdı. İşim bundan ibarət idi. Babək özü də bilir ki, mən dələduz deyiləm. Onun bütün mesajlarına cavab verirdim. Bizim görüş təyin etdiyimiz gün mən Babəkin gözü qarşısında saxlanılmışam. Mən bunları demək istəmirdim. Heç istəməzdim bu mövzular bura qədər gəlib çıxsın.
Stresdən 90 kiloqramdan 65-ə düşmüşəm. Amma artıq bıçaq sümüyə dirənib. Babək mənə hər dəfə deyirdi ki, 10 faiz istəyir. Mən verdiyi məbləğin daha artığını - milyon yarım dollardan yuxarısını ona qaytarmışam. Onun mənə verdiyi pul isə bir milyon dolları keçməmişdi. Aramızda bunlarla bağlı sənədlərdə qeydiyyat olmayıb. Bu pulu isə yerli banklardan deyil, "İnvest.az" şirkətindəki "Forex" hesabımdan çıxarmışam. Şirkətin xaricdəki filialının buradakı nümayəndəsi Rövşən Dadaşova yazırdım ki, bu qədər pul lazımdır. O da pulu çıxarıb, görüş yeri təyin edib, mənə verirdi. O da bunu təsdiqləyər".
Təqsirləndirilənin ifadəsinə qarşılıq olaraq Babək Məmmədzadə bildirib ki, onun Nizami Alışanın digər zərərçəkənlərlə işlədiyindən xəbəri olmayıb. Təqsirləndirilənin bu ifadəsinin düzgün olmadığını deyib.
Növbəti proses mayın 12-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min dollar, Zeynal Usubovun 945 min dollar, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıblar.
Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
“Cebheinfo.az"