Bakı-Pekin: Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan münasibət

“Azərbaycan və Çin arasında siyasi-iqtisadi münasibətlər son illər dinamik inkişaf mərhələsinə qədəm qoyub”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, rəsmi Bakı və Pekin iqtisadi potensialı və coğrafi imkanları nəzərə almaqla qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır:
“Cənab Prezident İlham Əliyevin Çinin “Sinxua” agentliyinə verdiyi müsahibə ikitərəfli əlaqələrin inkişaf tendensiyası və perspektivləri haqqında hər kəsdə aydın fikir formalaşdırdı.
Dövlət başçısı müsahibə zamanı Çin və Azərbaycan arasında artan ticari əlaqələrin inkişaf dinamikasından məmnunluğunu qeyd etdi və iqtisadi göstəricilər fonunda Çinin ölkəmizin ən böyük 4-cü ticarət tərafdaşı olduğunu vurğuladı”.
Millət vəkili vurğulayıb ki, ölkəmiz Çindən sonra “Bir kəmər, bir yol” layihəsinin ən böyük dəstəkçisdir və bu layihənin geoiqtisadi imkanlarını artırmaq üçün mühüm təşəbbüslər irəli sürür:
“Bakı-Tblisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Azərbaycanın bu təşəbbüsdəki rolunu artırır. Artıq sözügedən istiqamət üzrə yükdaşımaların həcmində əhəmiyyətli artım müşahidə olunur. Bununla yanaşı, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən ikitərəfli əlaqələr qarşılıqlı dostluq və hörmət prinsipləri əsasında inkişaf edir”.
Deputat diqqətə çatdırıb ki, rəsmi Pekin hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib:
“Azərbaycanın da öz növbəsində “Vahid Çin” siyasətinə sadiqliyi iki dövlət arasında etimadı daha da artırmışdır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri və dünyanın gələcək super gücü kimi qəbul edilən Çinin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması cənab Prezident İlham Əliyevin əvəzolunmaz liderlik qabiliyyəti çərçivəsində ölkəmizin artan nüfuzunun göstəricisidir”.
Elmir Mustafa
“Cebheinfo.az”